Onlayn ictimai-siyasi qəzet
Hərbi ekspert: “Rusiya 3 milyondan çox erməninin 20-30 faizini İrəvana qaytarsa, Ermənistan dövlətinin çöküşünün qarşısını Napoleon dirilib gəlsə də ala bilməz”
Sentyabrın 30-da Fransa-Azərbaycan Parlament Dostluq Qrupu öz fəaliyyətini dayandırıb. Bu barədə Fransa-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri, fransalı parlamentari Pyer Vatin məlumat yayıb.
“Milli Assambleyada rəhbərlik etdiyim Fransa-Azərbaycan Parlament Dostluq Qrupu fəaliyyətini və Azərbaycan Milli Məclisinin Azərbaycan-Fransa Dostluq Qrupu ilə əlaqələrini dayandırır”, - o, X sosial şəbəkəsində yazıb.
Beləcə, Ermənistanın “böyük bacısı”nın ölkəmizə qarşı düşmənçiliyi, ifrat qərəzi bitmək bilmir. Məsələyə Milli Məclisin Azərbaycan-Fransa Dostluq Qrupunun mövqeyini almağa çalışdıq. Qrupun üzvlərindən biri adının çəkilməməsi şərtilə bildirdi ki, Milli Məclisin Azərbaycan-Fransa Dostluq Qrupunun da fəaliyyətinə son verilməsi mümkündür: “Fransa-Azərbaycan Parlament Dostluq Qrupunun öz fəaliyyətini dayandırması gözlənilən idi. Prezidenti erməni lobbisinin əlində oyuncağa çevrilən ölkənin belə bir addım atması qeyri-adi deyil. Azərbaycan bundan itirən deyil və Azərbaycan Fransa-Azərbaycan Parlament Dostluq Qrupunun fəaliyyətini dayandırmasına görə "matəm" elan edəsi də deyil. Fəaliyyətə son veriblər cəhənnəmə versinlər".
Diqqətçəkicidir ki, eyni gündə başqa bir xəbər də yayılıb ki, Fransa Ermənistanın müdafiə ehtiyaclarını öyrənir. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu Franceinfo radiostansiyasına müsahibəsində deyib.
“Prezident (Emmanuel Makron) baş verənləri şəxsən izləyir, çünki bu məsələ Fransa üçün son dərəcə vacibdir. O bildirib ki, bizim mütləq məqsədimiz Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasıdır. Biz bu ölkədə indiyədək mövcud olmayan hərbi missiya (attaşe - red.) yaratmışıq. Bu, Ermənistan ordusu və hakimiyyət orqanları ilə onların müdafiə və təhlükəsizlik ehtiyaclarını öyrənmək üçün hər gün əlaqə saxlamağa imkan verəcək. Hər halda, biz Ermənistandan gələn müraciətləri nəzərdən keçiririk ki, onlar özlərini müdafiə edə bilsinlər”, hərbi nazir vurğulayıb.
Başqa sözlə, rəsmi Paris Azərbaycanla körpüləri bir-bir yandırmağa paralel Ermənistana hücum ordusu qurmaq planları üzərində baş sındırır (bunu “müdafiə ordusu” kimi qələmə verməyə çalışsa da). Xatırladaq ki, az öncə Paris İrəvana 50 zirehli maşın göndərib.
Sirr deyil ki, 44 günlük müharibə nəticəsində Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad olunmasından sonra Fransa regionda daha açıq ermənipərəst siyasət yürüdür. Antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərdə bərpa etməsi, regionda 30 ildən çox davam edən münaqişəni bitməsi Fransanı bir az da qıcıqlandırıb.
Bu da maraqlıdır ki, Fransanın Ermənistana hərbi dəstək məsələsində yalnız indiki yox, əvvəlki prezident Fransua Oland da aktivləşib. “Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı. Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb”, - Olland deyib.
Bütün bunlar əslində o anlama gəlir ki, Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır. Parisdə səslənən “Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir” fikri isə Fransanın siyasətindəki xristian təəssübkeşliyinin daha bir təzahürüdür.
Təəssüf ki, rəsmi İrəvan uğradığı hərbi və siyasi məğlubiyyətdən dərs götürmək əvəzinə, yeni himayəçi axtarır. Lakin bu dəfə Fransanın “forpostu” olmaq istəyi Ermənistana baha başa gələ bilər.
Rövşən Məhərrəmov
Bu barədə hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Fransa artıq fəaliyyətinə son qoyulmuş Minsk Qrupunun həmsədridir və daim Ermənistanın tərəfində olub, Azərbaycana qarşı haqsız mövqedə dayanıb. Fransanın bugünkü davranışları da gözlənilməz deyil: “Fransanın Prezidenti Makron son zamanlar özünü Ermənistanın rəhbəri kimi aparır. Sanki bu adam Ermənistanın baş naziridir. Son bir-iki həftədə Makron Azərbaycana qarşı Nikol Paşinyandan daha artıq ermənilik edir. İndi də Fransanın müdafiə nazirini Makron öz çirkin siyasətinə alət etməyə başlayıb. Nazir Ermənistana hərbi dəstək verdiklərindən və verməyə hazır olduqlarından danışıb. Faktiki olaraq, Fransa Cənubi Qafqazda sülhün yaranmaması üçün artıq açıq-aşkar hərəkətlər edir. Ermənistana Fransanın silah-sursat verməsi, hərbi dəstək vəd etməsi və bu qəbildən olan addımları həm də əslində Rusiyaya meydan oxumaqdır. Fransa Rusiyanı Ermənistandan sıxışıdırıb çıxarmaq istəyir. Ermənistana verilən siyasi, hərbi dəstək həm də buna hədəflənib. Ancaq bu, Rusiya üçün qəbuledilməzdir. Rusiya bu prosesi oturub, sadəcə, izləmir və izləməyəcək. Prosesin qarşısını almaq üçün addımlar atır və atacaq. Eləcə də Cənubi Qafqazda Türkiyənin də maraqları var. Ermənistanın Fransa tərəfindən silahlandırılması və müharibəyə təhrik edilməsini Ankara xoş qəbul etmir və etməyəcək”.
Ekspert qeyd etdi ki, Fransanın Ermənistan ordusunu bərpa etməsi və normal ordu halına gətirib çıxarması əslində asan və mümkün olan məsələ deyil: “Çünki Ermənistan ordusu və cəmiyyəti elə vəziyyətdədir ki, resursları ciddi güclü ordu yaratmağa imkan vermir. Lakin bununla belə, Fransa özündə istifadə olunmamış köhnə, istifadədən çıxarılmış döyüş maşınlarını Ermənistana göndərib. Bu cür addımlarını Paris davam etdirəcək.
Ermənistan KTMT-nin üzvüdür. Buna baxmayaraq, KTMT-nin maraqlarına zidd olaraq ABŞ-la birgə hərbi təlimlər keçirir, Fransa ilə hərbi əməkdaşlığı gücləndirir. Ermənistanda anti-Rusiya təbliğatı gücləndirilir. Ermənistan və dostu Fransa unutmamalıdır ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayanlardan çoxdur. Rusiya 3 milyondan çox erməninin 20-30 faizini ölkədən İrəvana geri qaytarsa, Ermənistan dövlətinin çöküşünün qarşısını Fransa Napoleonu dirildib gətirsə də ala bilməz".
O ki qaldı Fransanın Ermənistan ordusuna dəstək vermək və guya onu dirçəltmək planlarının Azərbaycana təsirinə, R.Məhərrəmov vurğuladı ki, Azərbaycan və Azərbaycan Ordusu güclüdür. Fransa ermənilərə nə qədər dəstək versə də erməni ordusu Azərbaycan Ordusunun gücünə yaxınlaşa bilməz: “Azərbaycan Ordusu 2020-ci ildə Fransanın, İranın, Rusiyanın müəyyən dairələrinin və başqa ölkələrin silah-sursat dəstəyi verdiyi Ermənistan ordusunu diz çökdürdü. Bundan sonra da nə qədər dəstək versələr xeyri yoxdur, Azərbaycan Ordusu istənilən anda baş qaldıracaq Ermənistan ordusunu əzmək qüdrətindədir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ