İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya: ölkənin NATO-ya üzvlüyünə tərəfdar olanların sayı hər həftə artır

Rusiyanın Ukraynada apardığı müharibə bütövlükdə Avropanın təhlükəsizliyinə təhdid kimi qəbul olunur və Avropanın neytral ölkələrinin həm xalqlarını, həm də hökumətlərini hərbi bloka – NATO-ya qoşulmağa meylləndirir.

Novator.az-ın məlumatına görə, Finlandiyanın Milli İctimai Yayım Şirkətinin (YLE) apardığı son sorğu vətəndaşların 61 faizinin ölkənin NATO-ya üzv olması ideyasını dəstəklədiyini göstərib.

Şirkətin vur-tut bir həftə qabaq eyni mövzuda apardığı sorğuda NATO-ya üzvlüyü dəstəkləyən finlandiyalıların sayı 54 faiz olmuşdu. Həmin dövrdə 54 faiz əvvəlki nəticələrlə müqayisədə rekord göstərici idi. Bir həftə ərzində rekord təzələnərək 61 faizə çatıb.

Ekspertlər bildirirlər ki, bu nəticələr finlandiyalıların Rusiyanın təhdidlərindən narahat olduqlarını və NATO-ya üzvlüklə potensial təhlükələrdən sığortalanmağa getdikcə daha çox ehtiyac duyduqlarını açıq-aşkar nümayiş etdirir.

İctimai rəy sorğuları Finlandiya kimi Avropa İttifaqının üzvü olan başqa neytral dövlətlərdə – İsveç və İrlandiyada da əhalinin get-gedə NATO-ya üzvlüyə meyyləndiyini göstərib.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə, o cümlədən yaşayış evlərinə, xəstəxanalara, qadınların, uşaqların sığındığı binalara zərbələr endirilir, təxliyə olunmaq istəyən dinc sakinlər atəşə tutulur, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.

30 üzvü olan NATO-nun mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir. NATO-nu 1949-cu ildə bu ölkələr yaradıb: ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya. Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulub. Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub. İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib. Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib. Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunur. Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb. Monteneqro 2017-ci ildən ittifaqdadır. Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib. Hazırda Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna NATO üzvlüyünə namizəd sayılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR