İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərhad Bədəlbəyli vida mərasimində kövrəldi: "Əlvida, dostum"

Xəbər vetdiyimiz kimi, Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevlə vida mərasimi keçirilir. Tədbirdə çıxış edən Xalq artisti, professor Fərhad Bədəlbəyli sənət dostu ilə bağlı xatirələrini bölüşüb.

Musavat.com xəbər verir ki, o, Ramiz Quliyevlə uzun illər səhnə yoldaşı olduğunu deyib:

“Yaxın dost itkisi çox çətindir. Ramizlə saysız-hesabsız konsertlərdə çıxış etmişik, böyük orkestrlə dünyanı gəzmişik. Amma bir konsert ürəyimdə dərin iz qoyub. 1993-cü ildə Ağdam hələ bizdə idi. Ramiz, mən və diktor Rafiq Hüseynov qərara gəldik ki, gedək əsgərlərimizlə görüşək. Ramiz müəllimin ata evinə getdik. Şelli kəndində düşməni görürdük. Ramiz müəllim tarı çıxarıb çaldı. Düşmən tarın səsini eşidib atəş açdı. Dedim, getməliyik, "o isə yox, ifa edəcəm" dedi. Bu, Ramizin ən qiymətli konserti idi”.

Fərhad Bədəlbəyli bildirib ki, Ramiz Quliyev Azərbaycan musiqisinin inkişafında müstəsna rola malik sənətkar olub:

“Ramizlə çalışmaq böyük xoşbəxtlik idi. O, neçə kitabın müəllifidir, gözəl ailə başçısı idi. Nə yaxşı ki, oğlu onun yolunu şərəflə davam etdirir və bu soyadı uca tutur”.

Xalq artisti həmçinin Ramiz Quliyevin şəxsiyyətindən, elmə və mədəniyyətə bağlılığından danışıb:

“Belə sənətkarlar Azərbaycanın elitasıdır. Ramiz böyük intellektə sahib idi, klassikanı dərindən bilirdi. Bir az tez getdi, amma yaxşı ki, azad Şuşanı gördü”.

Fərhad Bədəlbəyli vida nitqinin sonunda dostuna vida sözlərini belə ifadə edib:

“Ata itkisi çətindir. Övladlarına başsağlığı verirəm. Allah rəhmət eləsin, dostum Ramiz”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR