Onlayn ictimai-siyasi qəzet
Milonov düz demir, hətta qələt eləyir, Türkiyə serialları heç də “tamamilə zibil” deyil və türk aktyorlarının da hamısı istedadsız sayılmaz. Serialların içində də yaxşıları var, aktyorların arasında da.
Vitali Milonov Dövlət Dumasının deputatıdır, özü üzərinə, Allah qoymasa, xalqın əxlaqının, bədii zövqünün keşikçisi funksiyası götürüb, ona görə belə deyib.
Halbuki onun vətənində - Rusiyada “Möhtəşəm yüzil” serialı çox popular idi və aktyorların oyunu da yüksək qiymətləndirilirdi. Hətta o serialın Yutubda nümayiş etdirilən versiyasının şərh bölümündə müxtəlif ölkələrdən və millətlərdən olan yüzlərlə tamaşaçı təqdir dolu şərhlər yazırdılar. O şərhlərdən biri də beləydi ki, Sultan Süleyman rolunun ifaçısı Halit Ergenc sanbalı və xarizması ilə çox fərqlənir, bəlkə heç Süleyman Qanuninin özü o qədər zabitəli olmayıb, bu cür gözəl danışmayıb.
İndi Milonov onu və digərlərini bəyənmir, deyir, türk serialları reallığa uyğun gəlməyən həyatı göstərir.
Burasını qismən düz demiş ola bilər. Amma hansı serial real həyatı düz göstərir ki? Həm də elə olsa, pis olar axı. İnsanlar real həyatın çətinliklərindən qopub evə yorğun-arğın, stress-əsəb içində gəlir, bir öynə yemək yeyərək, ekran qarşısında otururlar ki, bir hovur (ingiliscə - hour) dincəlsinlər, baxdıqları televizorda yenidən real həyatın acılarını görsələr, dəli olarlar, intihar edərlər. Camaatın qabağını alan məhz reallığa uyğun gəlməyən həyatı göstərən seriallardır. Onlar tamaşaçıların romantik, sentimental, lirik-mirik duyğularını oyadır, onları gələcəyə inanmağa, hər şeyin yaxşı olacağına ümid bəsləməyə sövq edir, şövq və zövq verir.
Məsələn, ekranda varlı və centlmen oğlan rolu oynayan yakışıklı Kvanc Tatlıtuğu və ya Burak Özçiviti görən gənc qızlar xəyal qururlar ki, bir gün qarşılarına belə bir ideal kişi çıxacaq və onları xoşbəxt edəcək. Xəyal qurmağın nəyi pisdir ki? Qoy qursunlar. Hərçənd həmin qızlar bir müddətdən sonra Burakla Kvancın əvəzinə hansısa gicbəsərin biri ilə tanış olacaq, “hə” deyib ərə gedəcəklər, 1-2 ildən sonra da başlarına döyəcəklər ki, gədə içir, çəkir, gəzir, evə pul vermir, uşaqlara baxmır.
Bəlkə də Milonov özü neçə dəfə evə gələndə görüb ki, yoldaşı Yeva “Kara sevda”ya baxır, ona görə qısqanaraq, türk aktyorları “kababçılar”, “ucuz oyunçular” adlandırır və təklif edir ki, Türkiyədə çəkilən seriallar Rusiyada göstərilməsin.
İndi baxaq görək, Vitali Milonov özü kimdir, nə ilə tanınır.
Deputatın həyat yolunu izləyəndə çəkinmədən ona belə bir ad vermək olar: “Bala Jirinovski”. Adam Volfoviçi itələyib durub yerində.
Təsəvvür edin ki, bu qalmaqallı şəxs bir vaxtların “erkək Fatması”, bizim də qart düşmənimiz olan Qalina Starovoytovanın köməkçisi olub. Ermənilərin qatı tərəfdarı, sözçüsü, pasibanı olan Qalina qapısının ağzında güllələnəndən sonra Milonov bir yol tapıb qabağa gedib, deputat seçilib.
O vaxtdan adamın dərdi-azarı Rusiya şou-biznesindəki homoseksualistlərdir. Bir dəfə o qədər sitallıq edib ki, rus estradasının “mavi legionu”na aid edilən artistlər - Dima Bilan, Filipp Kirkorov, Yevgeni Plyuşenko, Yana Rudkovskaya, Nikolay Baskov, Valeriya, Vyaçeslav Malafeyev, Valeri Syutkin və başqaları birləşərək ondan şikayətçi olub, deputat mandatının əlindən alınmasını tələb ediblər. Amma Duma Milonovu “pedik”lərin ayağına verməyib.
2013-cü ildə Milonov təklif edib ki, “Eurovision” müsabiqəsinin acığına “Rusiya-Vision” müsabiqəsi təşkil edilsin, çünki “Eurovision” deqradasiyaya uğrayıb.
Yəni Milonovun artistlərlə öcəşməsi köhnə söhbətdir. Bəlkə də onun içində gizli bir art yanğısı var, ya da özü də latent azlıqlardandır.
Bir ara o, rejissor Aleksandr Sokurova fəxri vətəndaş adının verilməsinin əleyhinə çıxış edərək onu “küfr filmi” yaratmaqda ittiham edib; əxlaqsız verilişlər verdiyinə görə MTV kanalını bağlanmasına təşəbbüs göstərib; Sankt-Peterburqda kazaklardan və dindarlardan ibarət əxlaq polisi yaratmağı məsləhət görüb; mədəniyyət nazirindən “Yay gecəsi yuxusu” operasında homoseksualizm, pedofiliya, alkoqol və narkotik maddələri təbliğ edən səhnələr olub-olmadığını yoxlamağı xahiş edib və sair və ilaxır.
Bir sözlə, bu qalmaqallı deputat rus əxlaqının qoruqçusu kimi çıxış edir, fikirləşir ki, o, olmasa, milli mentalitet əldən gedəcək. Milonov özü rus deyil, ana babasının adı Ferdinand Lorxdur, öz atası isə zabitdir. Jirinovski də milli kimliyi barədə suala belə cavab vermişdi ki, anası rusdur, atası isə hüquqşünas.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ