İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazi Mustafa: "Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir"

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə, əslində, yaxın gələcəkdə Azərbaycanın strateji yol xəritəsini müəyyən edən çox mühüm açıqlamalarla yadda qaldı. Dövlətimizin başçısı burada çox ciddi, hərtərəfli məsələlərə toxundu. İlk növbədə, Azərbaycan cəmiyyətinə açıq, real vəziyyətin təsviri təqdim olundu. Bildirildi ki, dünyada ciddi ərzaq böhranı yaşanır və Azərbaycanın əsas hədəfi həm taxıl qıtlığını aradan qaldırmaq, həm də yüz faiz təmin edə biləcəyi, vacib ərzaq məhsullarının ölkəmizdə istehsal olunması prosesini tənzimləməkdir. Digər vacib məsələlərdən biri işğal zamanı susuz, istifadəsiz qalmış, ermənilər tərəfindən hərbi məsələlər üçün istifadə olunmuş torpaqlarımızın yenidən becərilmə üçün əlverişli vəziyyətə gətirilməsi prosesini Azərbaycanın həyata keçirməsidir. Bunların hamısı həm də Azərbaycanın dünyada baş verən proseslərə daha hazırlıqlı çıxmasını təmin edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa söyləyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsindəki ən mühüm məsələlərdən biri Ermənistanla bağlı vəziyyətin gündəmə gətirilməsidir. Gələcəkdə Azərbaycanı gözləyən danışıqlarda, əslində, ölkəmizin hansı mövqeyi tutacağı bu açıqlamada birmənalı şəkildə özünü göstərdi. Birinci növbədə, Qarabağ ermənilərinə status verilməyəcək, onların yeganə yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdən keçir. Onların Azərbaycana qarşı hər hansı şəkildə addımının qarşısı alınacaq. Necə ki, dövlətimizin başçısının vurğuladığı kimi, “Qisas” əməliyyatında kiçik bir epizodla “dəmir yumruğ”un yerində olduğu onlara yenidən göstərildi.

“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı yaxın zamanlarda Azərbaycana marşrutu təqdim etməlidir. Bu da danışıqlarda nəzərdə tutulan əsas məqamlardan biri olacaq. Prezident İlham Əliyev digər tərəfdən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qaytarılması istiqamətində atılan addımların artıq yekunlaşmaq üzrə olduğunu vurğuladı. Bildirdi ki, artıq yaxın zamanlarda bu doğma torpaqlarımız da geri qaytarılacaq.

Müsahibədə Qarabağda yaşayan ermənilər üçün də çox ciddi mesajlar səsləndirildi. İlk növbədə, ermənilərin gələcəyi ilə bağlı vəziyyət konkretlədi. Yəni, onlar ancaq Azərbaycan vətəndaşlığı çərçivəsində gələcəyini müəyyən etmək şansına sahibdirlər. Prezident İlham Əliyevin söylədiyi ən önəmli fikirlərdən biri də Qarabağ ermənilərinin üzərində Ermənistanın təsirinin ortadan qaldırılmasının, Azərbaycanın təsirinin isə artmasının bir reallıq olmasının xüsusi qabardılması idi. Bu, təkcə ermənilərə mesaj deyildi, Prezident İlham Əliyev həm də digər xarici qüvvələrə ciddi şəkildə bildirdi ki, ölkəmizin suveren ərazisində olan prosesləri Azərbaycandan başqa heç bir qüvvə tənzimləyə bilməz, heç bir qüvvə bu prosesə müdaxilə etmək imkanına malik deyil. Azərbaycan buna imkan verməyəcək”, - deyə Fazil Mustafa qeyd edib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri ilə bağlı mesajları da çox önəmli idi və Azərbaycanın strateji plana sahib olduğunu göstərdi. İndiyədək görülən işlər də bunu göstərir. Bu, Azərbaycan cəmiyyətində də inamın möhkəmlənməsinə səbəb oldu. Bu açıqlamalar bütövlükdə tarixi-strateji əhəmiyyətə malikdir. Bu, ermənilər üçün də yeni fürsət kimi dəyərlləndirilməlidir. Ermənilər işğaldan azad olunmuş ərazilərdə yolların çəkilməsini, infrastrukturun qurulmasını da müşahidə edirlər. Onlar görürlər ki, Azərbaycan bölgənin bütün əhalisi üçün normal şərait yaratmaqda qətiyyətlidir və ermənilər kimi dağıdan, çıxdığı evləri məhv edən anlayışı qəbul etmir. Bu, bizim əxlaqımıza da uyğun deyil. Prezident İlham Əliyevin də erməni vəhşiliyi ilə bağlı açıqlamaları, əslində, önümüzdəki günlərdə Laçında və başqa yerlərdə onların törətmək istədikləri vandalizm aktlarının indidən müəyyən dərəcədə beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi güdürdü. Bütün hallarda bu açıqlama Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətinin iradəsinə uyğun olaraq problemlərin həlli istiqamətində prinsipial mövqeyini bundan sonra da davam etdirəcəyini bir daha göstərdi. Xalqımız da dövlətimizin başçısının Qarabağla bağlı atdığı bütün addımlarını birmənalı olaraq dəstəkləyir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə hər kəs bu prosesdə prinsipial addımlarını atmalıdır ki, biz gələcəyimizi növbəti təhlükələrdən müəyyən dərəcədə sığortalaya bilək, 30 il əvvəlki təlatümləri bundan sonra yaşamayaq. Çünki dövlətimiz güclü olduqda biz də qarşımıza qoyulan hədəfləri daha yaxşı yerinə yetirə bilirik. Dövlətimizin gücünün ifadəsi Prezident İlham Əliyevin məhz bu açıqlamasında birmənalı şəkildə yer aldı”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR