Onlayn ictimai-siyasi qəzet
Yenə yazımıza bir idman xəbəri ilə başlayaq, təbii ki, daimi oxucumuz Ruslan bəy tapıb göndərmişdir. Finlandiyada futbol üzrə ölkə kubokunun final oyununda “HİK” klubu ilə “İnter Turku” qarşılaşıb. Oyunun əsas vaxtı 4:4 bitib, penaltilərdə “İnter Turku” 8:7 hesabıyla qalib gəlib. 11 metrlik zərbəni vura bilməyən və “HİK”in Finlandiya kubokunu əldən verməyinə səbəb olan oyunçu, sizcə kim olsa yaxşıdır? Azərbaycan millisinin üzvü Ozan Can Kökçü!
Bəli. Artıq futbolçularımızın uğursuzluğu dünya arenalarına daşınır. Qürur duyuruq. Nəyə görə? Sistemə görə! Məncə Ozan müəllim orda penaltini vursaydı bu, Azərbaycan futbolunun prinsiplərinə, Məşədi Santuş müəllimin oyun sisteminə qara ləkə yaxardı. Heç bir oyunçumuz qol vura bilmirsə, xeyir ola, sən vurursan? Bu, azarkeşlərimizə də mənfi təsir edərdi. Çaşqınlıqdan, stress və həyəcandan ağzı əyilənlər olardı. İndiki halda tam rahatlıqdır. İstənilən oyuna, oyunçumuza baxanda bilirik ki, qol vura bilməyəcəklər, uduzacaqlar. Bu, insana rahatlıq gətirir. Əsas udmaq deyil ki. Əsas iştirakdır.
Bir gümanım da var, ola bilsin Ozan müəllim əsl türk gənci olaraq adı Turku olan şəhərin komandasına qol vurmaq istəməyibdir. Belə millətçi detallar çox vacibdir. Məsələn, bir Məsut Özil var, vaxtilə Türkiyə yığmasını yox, Almaniyanı seçdi, oranın nemətlərindən dibinə qədər yararlandı, axırda, butsını mıxdan asan vaxtlarında isə qəfildən bozqurd oldu, indi “Turan elləri” deyibən ulayır.
Ümumiyyətlə, sistemli olmaq vacibdir. Bugünlərdə mən internetdə bir yaradıcılıq nümunəsinə rastlaşdım. Art, pop-art, dəqiq bilmirəm, nəsə bu stildə bir əsərdir. Bulvardakı Yarat qalereyasındaymış, kim istəsə baxa bilər. Demək, 4 dənə televizor ekranı qoyulub. Bunlarda qızılgüllər göstərilir, bülbül cəh-cəh vurur, su axır və sairə. Tam bir cənnət mənzərəsidir. Təsvirləri o cümlədən, “Bayatı-Şiraz” muğamı müşaiyət edir. Bir də arada qəribə şəkildə ağcaqanad uçur. Əsərin müəlliflərindən olan istedadlı bəstəkarımız Firudin Allahverdinin izahatını dinlədim, deyir ki, orda ağcaqanadın vızıltısı kamanın səsini improvizasiya edir. Başqa hər bir əşya və musiqinin də mənası var imiş.
Əlbəttə, mən bu aksionist sənət əsərini çox bəyəndim. İlk növbədə, ölkəmizdəki vəziyyəti, iqtisadi-sosial, siyasi-mənəvi ab-havanı gözəl və obrazlı ifadə etdiyi üçün. Axı hazırda bizdə gül-gülü, bülbül-bülbülü, Alatava da ekskavatoru çağırır! Şair demişkən: “Səba, məndən söylə ol gülüzara, Bülbül gülüstana gəlsin, gəlməsin?”
Prinsipcə, söyləməyə ehtiyac yoxdur – gəlmişdir. Düz də eləyibdir. Vətənimiz, maşallah, cənnət kimidir, şairdən yenə misal çəksək, “Bəzənib başdan-başa, şəhərləri, kəndləri, Cənnət görmək istəyən, Azərbaycana gəlir” – bunu turist axını da sübut edir. Ancaq mən incəsənət kompozisiyasında yüngülvari bir çatışmazlıq müşahidə elədim (sovet vaxtı ənənəsinə uyğun, axırda mütləq tənqidi qeyd də olmalıdır). Çatışmayan nədir soruşsanız, yazıram: tikan! Bəli. Bülbül, qızılgül, su, musiqi, hətta ağcaqanad var (doğrusu, mən axırıncıya klassik ədəbiyyatımızda və muğamatda çox rast gəlməmişəm; görünür mən oxuyan-dinləyən hissəyə miçətkən çəkilibdir), lakin prosesin ən vacib tərkib hissələrindən olan tikan yoxdur. Yenə zamanı gəlib, bir beyt yapışdıraq: “Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm, Novbahar olğac tikəndən bərgi-gül izhar olur”. Şair demək istəyir ki, əslində mən siyasətə qarışmıram, ancaq bahar gəlibsə tikanın içindən gül çıxmalıdır, başqa yolu yox artıq.
Qeyd etdiyim kimi, bunlar sistemli yanaşmalardır. Məsələn, son aylarda fikir vermişəm, internetdə-filanda “AzTV-nin qızıl fondundan” çoxlu epizodlar paylaşırlar. Görürsən güllü donda qadınlar pambıq yığır, qolu çirməli erkəklər balıq tutur, zavodlardan tüstü ərşə bülənd olur və sairə. İstər-istəməz könüldə nostalji bulağı qaynayır, deyirsən, ötən günlərimizi qaytarsaydılar, adam lap buldozerin altına uzanardı...
Bayramınız da, mübarək olsun, yeri gəlmişkən. Necə deyərlər, bir tikə orucu pozar, milyonları udmaq pozmaz.
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ