İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın sülh jesti, yoxsa siyasi transformasiya siqnalı?  

ABŞ prezidenti Donald Tramp Tehranla danışıqların yeni mərhələsinin planlaşdırıldığını və İrana qarşı sanksiyaların “uyğun zamanda” ləğvində maraqlı olduğunu bildirib. İran rəsmiləri isə ABŞ-la görüş tələb etmədiklərini deyirlər. Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə şam yeməyinin əvvəlində jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaların bu yaxınlarda ləğv edilməsinə işarə edərək, gələcəkdə İranla bağlı da eyni şeyi edəcəyinə ümid etdiyini bildirib. Donald Tramp bu yaxınlarda Suriyaya qarşı sanksiyaları rəsmən ləğv edib və müharibədən əziyyət çəkən ölkənin yenidən qlobal iqtisadiyyata qoşula biləcəyinə ümid etdiyini bildirib. Tramp ABŞ-ın İrana qarşı sanksiyalarını "çox acınacaqlı" adlandırıb və deyib: "Mən çox istərdim ki, sanksiyaları lazımi vaxtda qaldıra bilək. Onlara yenidən qurma şansı verim, çünki İranın dinc yolla özünü bərpa etməsini istərdim; onlar keçmişdə olduğu kimi "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarları səsləndirmədən".
ABŞ prezidenti dəfələrlə amerikalı pilotların İranın nüvə obyektlərinə hücum əməliyyatlarını yüksək qiymətləndirib və bildirib ki, İslam Respublikası artıq bir vaxtlar olduğu kimi "Yaxın Şərqin zorakılığı" deyil: "Onların böyük potensialı var. Onların neft gücü var və böyük, ağıllı, enerjili xalqı var".
Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Whittaker də İranla danışıqların “gələn həftə və ya daha çox” aparılacağını bildirib.

ABŞ prezidentinin bu açıqlaması nə vəd edir? İranla barışıq anonsudur yoxsa İranda hakimiyyətin dəyişəcəyinə işarədir?

Siyasi şərhçi Ramiyə Məmmədova Musavat.com-a deyib ki, Trampın İranla bağlı səsləndirdiyi son fikirlər əslində diplomatik jest kimi təqdim olunsa da, bu açıqlamanın dərin qatlarında çoxvektorlu geosiyasi mesajlar gizlənir: “Xüsusilə də bəyanatın İsrailin baş naziri Netanyahu ilə birlikdə verilməsi onu göstərir ki, ABŞ bu məsələdə yalnız öz milli maraqları çərçivəsində yox, həm də bölgədəki əsas müttəfiqi olan İsrailin təhlükəsizlik prioritetlərini əsas götürür. Trampın "uyğun zamanda sanksiyaları ləğv edə bilərik" ifadəsi klassik amerikalı diplomatik ritorikadır. Təzyiqi davam etdirmək, lakin eyni zamanda qapını da tam qapatmamaq. Bu, Vaşinqtonun sanksiyaları sadəcə iqtisadi təzyiq vasitəsi kimi deyil, həm də daxili siyasi dəyişikliklərə təkan verəcək mexanizm kimi istifadə etdiyini göstərir. Trampın bəyanatında danışıqların “yeni mərhələsindən” danışması isə birbaşa rejimlə deyil, onun daxilindəki islahatçılara yönəlmiş psixoloji təzyiq elementidir. Yəni ABŞ əslində danışıqlar masasında oturacaq tərəfi müəyyən etməyə çalışır. Bu, hazırkı teokratik rejim deyil, dəyişikliklərə meyilli kəsim ola bilər”.
Siyasi şərhçi deyib ki, Tramp sanksiyaları "çox acınacaqlı" adlandırır, lakin onların saxlanmasının zəruriliyini də vurğulayır: “Bu ziddiyyətli ritorika, əslində, İranın daxili ictimai rəyini manipulyasiya etmək üçün hesablanıb. Xalqı “rejimin sərt mövqeyi səbəbindən əziyyət çəkirsiniz” narrativi ilə ABŞ özünü “təklif edən tərəf”, İran rejimini isə “danışıqlardan qaçan tərəf” kimi təqdim edir. Beləliklə, ABŞ həm beynəlxalq aləmdə, həm də İran daxilində rəqibinin legitimliyini sorğulayan mövqe tutur. ABŞ prezidentinin İran xalqını “ağıllı və enerjili” adlandırması da təsadüfi deyil. Bu, klassik “rejim və xalqı ayırmaq” doktrinasının davamıdır. Bu ritorika bir neçə məqsəd güdür.

İran daxilində rejimə qarşı narazı kütləyə stimul vermək; İslam Respublikasını beynəlxalq miqyasda avtoritar, xalqını isə qurban kimi göstərmək; gələcəkdə dəstək veriləcək alternativ qüvvələri ələ almaq məqsədi daşıyır. Belə bir situasiya rejim dəyişikliyi ideyasını “xarici müdaxilə” kimi yox, “xalqın öz seçimi” kimi təqdim etməyə xidmət edir.

Trampın Netanyahu ilə sinxron açıqlamasını təsadüf saymaq olmaz. Netanyahu ilə birlikdə səsləndirilən mesajın özəyində, əslində birgə İran siyasətinin yeni fazasının siqnalları dayanır. Bu sinxronluq onu göstərir ki, ABŞ və İsrail razılaşdırılmış ssenari ilə İranın gələcək siyasi konturlarını müəyyənləşdirməyə çalışırlar. İranın nüvə ambisiyalarının sıradan çıxarılması yalnız hərbi-siyasi deyil, həm də rejimin daxili ideoloji sütunlarını sarsıtmaqla mümkündür. Bunun üçün də danışıqlar təklifi ilə yanaşı, qurucu dəyişikliklərə yönəlmiş mesajlar verilir”.

Siyasi şərhçi deyib ki, Trampın son bəyanatları barış anonsu deyil, transformasiya planının diplomatik anonsudur: “O, İranı masa arxasına dəvət edir, lakin bu masa artıq klassik diplomatik masa deyil. Burada şərtləri Vaşinqton və Təl-Əviv diktə edir. İranın danışıqlara gəlməsi üçün yeganə yol daxili siyasi korrekturadır. Bu isə İranda ya rejimin içərisindən yumşalma, ya da xaricdən güclənən təzyiq fonunda siyasi strukturun dəyişilməsi ehtimalını gündəmə gətirir”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR