Onlayn ictimai-siyasi qəzet
Bacısını öldürməyə cəhddə təqsirləndirilən 52 yaşlı şəxs hakim qarşısına çıxarılıb. Təqsirləndirilən şəxs cinayəti namus üstündə törətdiyini deyir. Bıçaqlanan qadın isə hadisənin mülk üstündə baş verdiyini söyləyir.
Musavat.com xəbər verir ki, hadisə Balakən şəhərində baş verib. 52 yaşlı Adil Sayılov bacısı Həlimət Məmmədovaya 4 bıçaq zərbəsi vurub.
İttihama görə, Adil Sayılov bacısının əxlaqsız həyat tərzi sürdüyünü düşünərək onu öldürmək qərarına gəlib. Bu məqsədlə bacısının yaşadığı evə gələrək onun boğazına və bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub.
Qonşular Həlimət Məmmədovanı xəstəxanaya çatdırıb. Onun həyatını xilas etmək mümkün olub.
Məhkəmədə dindirilən Adil Sayılov deyib ki, bacısının əxlaqsız həyat tərzi sürməsi ilə bağlı bacısının oğlu Azərşən ona məlumat verib: “Azərşən səs yazısını mənə göndərdi. Ona dedim ki, özüm danışacam. Bacımın evinə getdim. Niyə bu hərəkəti etdiyini soruşdum. Əsəbiləşərək onu vurdum. Öldürmək niyyətim olmayıb”.
Zərərçəkmiş Həlimət Məmmədova isə hadisənin namus üstündə yox, mülk üstündə törədildiyini deyib: “Oğlum Azərşən bu hadisənin sifarişçisidir. Azərşən mənim evdən çıxmağımı, ölməyimi istəyirdi. Buna görə də dayısına bu barədə yalan məlumat verib. İstəyirdi ki, mən ölüm, ev ona qalsın. Qardaşıma məni öldürməyi ilə bağlı sifariş verib. Hadisə günü Adili evdə gördüm. Adillə 4 il idi ki, danışmırdıq. Onu görəndə evimdə nə etdiyini soruşdum. Bir az söz-söhbət oldu. Adil üzümə nəsə soxdu, sonra da burdu. Həmin vaxt Azərşənin bir müddət əvvəl mənə dediyi söz yadıma düşdü. Azərşən bir dəfə mənə demişdi ki, şah damarıma bıçaq soxub buraraq məni öldürəcək. Həmin sözü deyəndə mən və Azərşənin həyat yoldaşı bu sözlərə gülmüşdük. Adil bıçağı buranda əlindən qaçmağı bacardım. Qaçmaq istəyəndə qarnımdan yenə vurdu. Qışqıraraq pilləkənlərlə aşağı düşdüm. Qonşunu çağırıb kömək istədim”.
İş üzrə şahid qismində zərərçəkmiş şəxsin oğlu Azərşən də dindirilib. O, dayısına səs yazıları göndərdiyini etiraf edib. Bildirib ki, həmin danışıqlar olub və anası başqa şəxslə münasibətdə olub. Məlum olub ki, Həlimət Məmmədovanın sevgi münasibətində olduğu şəxslə danışıqlarının səs yazıları var.
Onun sözlərinə görə bu barədə dayısına məlumat verməkdə məqsədi çıxış yolu tapmaq olub: “Nə edəcəyimi bilmədim. Bu barədə dayımla danışdım. Dayım dedi ki, bacısı ilə özü danışacaq”.
Adil Sayılov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ