İnsanlara hürriyət, millətlərə istiqlal!

Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Bu tarixdən...

Bakıda tikintiyə yararlı sahələr getdikcə azalır; ekspertlərə görə, qiymət artımı müşahidə oluna bilər

Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9% bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3%, təkrar mənzil bazarında isə 9.8% artıb.

Xalid Kərimli: “Büdcə xərcləri artdıqca qiymətlər də qalxır” - FOTO - Oxu.az

Xalid Kərimli 

İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, söküntü dalğası qiymətlərə artırıcı təsir göstərir. Ekspert vurğuladı ki, bir çox binanın mərhələli şəkildə olsa da, sökülməsi kirayə bazarında aktivliyi artırır: “Sökülən binaların sakinləri kirayə bazarında təbii tələbat formalaşdırırlar. Bu da qiymətlərin artımına təsir göstərir. Bundan başqa, söküntü zamanı yeni tikintinin yekunlaşması müəyyən qədər zaman, ən azı 3-4 il aldığına görə söküntü həcminə uyğun olaraq bazarda mənzil fondunun həcmi azalır. Bu amil də qiymətlərin artımına təsirsiz ötüşmür. Ümumiyyətlə, təkcə bu amil deyil, digər amillər də qiymətlərə təsir edir. Ən nəzərəçarpan amillərdən biri Bakıda tikintiyə yararlı sahələrin getdikcə azalması və bahalaşmasıdır”.

İqtisadçı bildirdi ki, ikinci məsələ tikinti və şəhərsalma normalarına ciddi nəzarətdir: “Əvvəllər də kağız üstündə nəzarət var idi, amma kim, harada, necə gəldi tikinti işləri görürdü. Hazırda isə nəzarət güclü olduğu üçün həcmi böyük olan tikililərə icazə verilmir, bu da qiymətlərin artımına gətirib çıxarıb. Məsələn, əvvəllər ara məsafələrə diqqət edilmədiyi üçün tikinti çox idi, indi isə bu mümkün deyil. Eyni zamanda tikinti materialları da bahalaşıb. Əhalinin gəlirlərinin, o cümlədən tələbatın artması da bahalaşmaya təsir göstərən amillərdir. Bir sözlə, 2025-ci ildə daşınmaz əmlak bazarında nəzərəçarpacaq qiymət artımı gözlənilir”.

Ramil Osmanlı - günün əsas xəbərləri və mövzu ilə bağlı əsas hadisələr -  Sputnik Azərbaycan

 Ramil Osmanlı

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə dedi ki, söküntü prosesi bütövlükdə geniş mənada daşınmaz əmlak qiymətlərini artırmayacaq: “Nazirlər Kabinetinin qərarına əsasən, Bakı şəhərində bir çox ərazilərdə köhnə qəzalı vəziyyətdə olan binaların söküntüsü nəzərdə tutulur. Bu söküntü prosesi mərhələli şəkildə həyata keçiriləcək. Təbii ki, sakinlərə kompensasiya ödənişi həyata keçiriləcək. Nəticədə az da olsa, daşınmaz əmlak bazarında pul axını baş verə bilər. Bu, müraciətlərin sayına müsbət təsir göstərə bilər. Sözsüz ki, kompensasiya ödənişlərinin həyata keçirilməsi, müraciətlərin sayının artması bazar üçün qiymət artımına təsir göstərən amillərdəndir. Hesab edirəm ki, bu proses bütövlükdə geniş mənada daşınmaz əmlak qiymətlərini artırmasa da, qısamüddətli dövrdə söküntü prosesinin getdiyi və həmin ərazilərə yaxın yerlərdə müraciətlər artdığı üçün nisbi qiymət artımı müşahidə oluna bilər”.

Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərtəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək. Məlumata görə, söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır. Öncədən də deyildiyi kimi, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 konfransından sonra start verilib. Məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işləri başa çatdıqdan sonra park salınacaq. Yasamal rayonunda da da fərdi yaşayış evlərinin sökülərək yerində park salınacağı bildirilib. Söhbət "Təzəpir" məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxasına kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Yaşayış evləri söküləcək vətəndaşlara 1 kvadrat metrə görə minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.

Nəsimi rayonunda “Kubinka” adlanan ərazidəki fərdi evlər də söküləcək. Sözügedən ərazidə yaşayan bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb. Onlara kompensasiya və ya yeni tikiləcək çoxmərtəbəli binalarda evlər təklif olunacaq.

 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR