Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 07.11.2023/23:00
Haradan başladı əsrə bərabər üç illik Zəfər tarixi? Bir kitaba, bir neçə seriyalı filmə sığışmayacaq tarixi necə bir yazıya sığışdırasan axı... Bunu yazmaq tarixçilərin, salnaməçilərin, ssenaristlərin, rejissorların işidir. Bəlkə də bir az tezdir, tələsməmək də olar, çünki hər şey elə sürətli baş verdir ki, gözümüzü açmağa imkan olmadı.
“İlham Əliyev hakimiyyətə gələndə onun opponentləri “İsveçdə rahat prezident ola bilər, amma Qarabağ boyda dərdi olan ölkədə çətin ki...” deyirdilər” |
Acı bağırsaq kimi uzanan mənasız danışıqlardan, məğlubiyyət acısında üç ildə ayılmaq, özünə qayıtmaq həqiqət də çətindir. Əgər üç il əvvəl dərin yuxuya(koma) gedib, bu gün-2023-cü ilin 8 noyabrında ayılsan, “dünyada nə var-nə yox” soruşsan, televizorun pultunu əlinə alıb telekanalda “Xankəndində Zəfər paradı” olduğunu görsən, inanmazsan ayıldığına, həyata qayıtdığına... Mübağiləsiz və şişirtməsiz son üç ildə və bu gün yaşadığımız millət olaraq dirilməmizdir, ağır işğal travmasının komasından ayılma möcüzəsidir. Yuxu deyil amma, gerçəkdir!
...İlham Əliyev hakimiyyətə gələndə onun opponentləri “İsveçdə rahat prezident ola bilər, amma Qarabağ boyda dərdi olan ölkədə çətin ki...” deyirdilər. “Qarabağ boyda dərd” əlbəttə, şişirtmə deyildi. Xalq ona “sağalmaz yara” və “əbədi problem” deyirdi, xarici vasitəçilər isə “milli məsələ”, “ərazi münaqişəsi...”
31 oktyabr 2003-cü il, Bakı
Ölkəni dağılmağın cəngindən qurtarmış, siyasi sabitlik yaratmış və ordu quruculuğuna başlamış mərhum Heydər Əliyevin oğlu olması İlham Əliyevin əlbəttə ki, rəqibləri qarşısında böyük üstünlüyü idi. Fəqət 2003-cü ildə Qarabağ daxili məsələ olmaqdan çoxdan çıxmışdı axı, beynəlxalq güclər isə münaqişəni elə dalana dirəmişdilər ki, Azərbaycanda hakimiyyətə kim gəlsə, tezliklə güzəştə razı olsun. Yadımdadır, İlham Əliyev hakimiyyətə yeni gələndə “Qarabağ danışıqları sıfırdan başlayacaq” deyə, bəyanat vermişdi. Bir çoxumuz anlamadıq, bəs indiyənədək olanlar? İlham Əliyevin Qarabağ danışıqlarında, hələ Heydər Əliyevin hakimiyyəti dövründə qeyri-rəsmi iştirakçı olduğuna şübhə yox idi. Heydər Əliyevin danışıqlardan qayıtdıqdan sonra (Robert Köçəryanla 23 belə görüşü olmuşdu) onu da məlumatlandırdığı, kadrarxası qalan təfərrüatları birgə müzakirə etdikləri bilinən faktlardır. Əliyev 2003-cü ilədək də o danışıqlar haqda ən azı hər iki ölkənin xarici işlər nazirləri qədər bilgili, həmsədr ölkələrin masada olan “həll variantlarından” xəbərdar idi...
İlham Əliyev nə baş verdiyini dərhal anladı, bu danışıqları “sıfırlamaqla” Azərbaycan üçün ehtiyat qızıl illər qazandı, neft pullarının düzgün yönəldilməsi, diplomatiyada yeni pəncərələr açılması, ən əsası ordu quruculuğunda tam fərqli standartlar tətbiq edildi.
Danışıqlar davam etdikcə, opponentləri yenə də köhnə söhbətlərə qayıtdılar: “Bəs deyirdi ki...” Həqiqətən də deyirdi, bu da faktdır: “Danışıqlar davam edir, Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsinə çalışır” və sairə... Amma elə gerçəklər vardı ki, onu xalqa sonralar, azad edilmiş yurdlarımızda çıxışlarında deyəcəkdi. Məsələn, öyrənəcəkdik ki, sən demə, “həll variantlarında” Laçını qaytarmaq olmayıb, Şuşanın adı isə... Təsəvvür edirsiniz, belə danışıqlar masasını? İlham Əliyev Köçəryan və Sərkisyan kimi kısır əxlaqlı və Azərbaycan xalqına güllə atmaqları ilə fəxr edənlərlə bir masada oturmaq kimi çətin psixoloji sınaqdan keçdi. Onların danışıqlarda özlərini necə təkəbbürlü apardıqlarını da sonralar öyrəndik.
8 noyabr 2020-ci il
Əliyev Zəfər tarixinin səhifələrini o görüşlərdə yazırdı deyə bilərik. Bəlkə də o gərgin danışıqlarda yaddaş dəftərçəsinə Zəfər müharibəsinin sloqanını da (“Qarabağ Azərbaycandır!) qeyd etmişdi, özünü yekəxana aparan erməni rəhbər(lər)ini dinləmək məcburiyyətində qalanda əlbəttə ki, dəfələrlə yumruğunu düyünləmişdi, “Dəmir yumruğ”u da oradan yaddaşına həkk etmişdi...
Ali Baş Komandan kimi müharibəyə hazırlaşırdı, amma onu aktiv fazaya keçirməyə tələsmirdi də. Müharibə günlərində bəlli oldu ki, İlham Əliyev işğaldakı torpaqların, Qarabağın kənd-kəsiyini, sərt döngələrini, yollarını o tərəfin camaatından yaxşı bilirmiş. Bu bir ayın, beş ayın işi deyildi. Sanki hər danışıqlardan qayıdanda xəritə üzərində işləmiş, yeni hərbi taktiki planlar qurmuş, yazmış-pozmuş, işğalı sonlardırmaq üçün yollar axtarmışdı. Zəfərlə bitən müharibəyə Ali Baş Komandan kimi “A” sinfində hazırlığı var idi, İlham Əliyev həyatının ən mühüm sınağına emosiya və ya təhriklə, “Pir qələbəsi” üçün başlaya bilməzdi. İnanırdı ki, hər şey məhz onun cızdığı plan üzrə gedəcək, onun istədiyi kimi olacaq. Onu müharibə günlərində çıxışlarında çox qəzəbli gördük, amma bir an belə ümidsiz görünmədi. “Şuşasız işimiz yarımçıq qalar” vədi 2020-ci il müharibəsinin ən ümdə vəzifəsinin elan idi. Davamı olacaqdı, biz bilmirdik, o isə əlbəttə bilirdi...
Laçın, Kəlbəcər və Ağdamı məhz bir güllə atılmadan azad edilməsi də müharibə günlərində spontan tələb kimi ortaya çıxmamışdı, əvvəldən bunu planlaşdırmışdı. Eləcə də Şuşanın işğaldan azad edilməsi planı da. Düşmən Azərbaycan ordusunu Laçın yolundan gözləyirdi, Prezident Əliyev isə ən hazırlıqlı ordu bölmələrini müharibənin ilk günlərində meşə yolu ilə(indi Zəfər yolu)artıq Şuşa istiqamətinə göndərmişdi.
29 mart 2019-cu il, Vyana
...Prezident İlham Əliyev 2019-cu ilin ortalarında, bəlkə də martın sonunda Vyanada keçirilən görüşdən sonra Ermənistanın danışıqlar yolu ilə torpaqları qaytarmayacağını özü üçün tam qətiləşdirdi məncə. Halbuki 2018-ci ilin son günündə – dekabrın 31-də xalqa Yeni il müraciətində Qarabağ münaqişəsindən danışarkən, 2019-cu ildə bu məsələdə əhəmiyyətli irəliləyişin ola biləcəyinə ümid etdiyini demişdi. Bu, Qarabağın danışıqlar yolu ilə qaytarılacağına Prezident üçün son ümid ili idi, yoxsa bunu dilə gətirməzdi...
Vyanadakı nəticəsiz mart görüşdən 3 ay sonra, avqustda Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsi səbir kasasını daha da daşırdı. Prezident həmin ilin oktyabrında keçirilən MDB dövlət başçılarının Düşənbə sammitində və Valday klubunun təşkil etdiyi toplantıda, eləcə də 2020-ci ilin fevralında Münhendəki debatda Paşinyanın cavabını sərt verdi. Əliyevin açıqlamalarını dinləyəndə “status-kvo”dan “qırılma nöqtəsi”nin yaxınlaşdığını anlamaq olardı. Paşinyanın həm də o səbəbdən bəxti gətirmədi ki, Əliyevin daha yalançı vədlərə qulaq asmağa zamanı və səbri qalmamışdı. “Tükənmiş səbir” ifadəsi dövlətə cavabdeh olan şəxslə bəlkə də bir araya uyuşmur. Amma həqiqət belədir...İlham Əliyevi yalançı vədlərlə, “güzəştə get” sözləri ilə yordular, qəzəbləndirdilər. Daha burdan o tərəfə ancaq bizim dağlar idi...Şuşanın dağları Ermənistanı 10 noyabr sənədinə imza atmağa məcbur etdi.
...Onlar isə yenə də dinc durmadılar. “Ay aman Rusiya qoşunu gəldi, Elçibəyin çıxardığı ordu geri qaytardı, daha heç vaxt geri qayıtmayacaqlar, Azərbaycan yenə Rusiyanın asılılığına düşdü” kimi iddialar başladı. Biriləri bununla da yetinmədi:
“Bəs deyirdiniz, 10 noyabr sənədi kapitulyasiyadır, bəs deyirdiniz Qarabağ problemi bitdi, bəs Xankəndi, bəs Xocalı, bəs Araik, bəs digər separatçılar...” Qarabağda “amma” əlbəttə də var idi, qalırdı...Bunu İlham Əliyevdən yaxşı kim bilərdi ki?
15 oktyabr 2023-cü il, Xankəndi
İlham Əliyevin uğurunun sirri nədir? O sanki hərəkətə keçmək zamanını gözləyən hücumçu kimi səbirlə uyğun zamanı gözləyir, bir və bir neçə həmlə ilə irəli çıxır, riskə də gedir və nəticədə yenə də hər şeyi öz ölkəsinin xeyrinə dəyişə bilir.
Hanı o Rusiya qoşunu? Komandanı kimdir, postlarının sayını necə xatırlayan varmı? Əliyevin tənqidçiləri və təftişçiləri belə indi o fikirlə razıdırlar ki, Rusiyanın əsgərlərinin Qarabağda qalması Azərbaycanın mənafeyinə uyğundur. Yoxsa Fransa, ya da Amerika köç etmiş ermənilərlə bərabər öz qoşunun da Qarabağa gətirər...
Heyrət doğuran, bilirsizmi həm də nədir? Bu Zəfərin sanki bir ilahi göndərmə, bir düzxətli kimi heç qırılmaması. Həm də heç bir səhv buraxılmadan, zərgər dəqiqliyi ilə icrası... Əliyevin xüsusi bacarıqlı hərbi komandan, səriştəli diplomat olduğu bəlli həqiqətdir, bəs bunların zamanlaması? Açığı, bəndənizi ən çox heyrətləndirən bu zamanlamadır. Zamanın məhz indi yetişdiyini duymaq. “Mən nəyi və nə vaxt etmək lazım olduğunu bilirəm” fikrinin açması da budur. Laçın yolundakı aksiya da, sərhəd postunun qurulması da, reinteqrasiya təklifləri də, antiterror tədbiri də İlham Əliyevin müəyyən etdiyi zamanda oldu və ərazi bütövlüyümüz tam bərpa edildi, Qarabağ problemi bitdi. Dünyanın super ölkələri problemlər, ərazi savaşları apardığı bir vaxtda həm də...Ona görə son günlər Azərbaycanı, onun rəhbərini tez-tez nümunə göstərirlər. Yaxşı nümunədir, gəlib Əliyevdən öyrənsinlər...
Azərbaycanın haqlı savaşına, İlham Əliyevin ölkəsi üçün istəklərini gerçəkləşdirməkdə Allahın da köməyi var. Məsələn, müharibə günlərinə təsadüf edən pandemiya, ondan sonrakı Rusiya-Ukrayna müharibəsi, daha sonra gərginləşən İrəvan-Moskva münasibətləri, Qəzzada hazırda baş verənlər bizim iradəmizdən kənar hadisələrdir. Yaradan da hər Prezident bəndəsinə, hər xalqa belə dəstək olmaz...
27 sentyabr 2021-ci il, Bakı
...Prezident Əliyev bu tarixi Zəfərdə özünü heç vaxt birinci sıraya qoymur, şəhidlərimizin, qazilərimizin adını ilk sıralarda çəkir. Bu onun tərcihidir, onun qəbul etdiyi həqiqətdir. Ona görə bu Zəfərin əsas memarı kimi hansısa yüksək dövlət mükafatı ilə bağlı təkliflərə ciddi yanaşmır. İlham Əliyev Azərbaycan xalqının tarixinə bu çox gərgin, çox qarışıq dünyada hansı qızıl səhifələri yazdığının əlbəttə fərqindədir. Bu, onun üçün yetərlidir. Dünyada az-az dövlət başçısına, ordu rəhbərinə qismət olan taledir.
...İlham Əliyev noyabrın 8-də Xankəndində hərbi parad qəbul edəcək. Bu cümlənin özü 100 ilə bərabər tarixi ifadə edir. Prezident! Xankəndi! Ordumuz! Hərbi Parad! Toplayanda bir sıraya cəmi bir cümlə!
Vaxtilə Sərkisyan 9 mayda Azərbaycanın və dünyanın gözü qarşısında Xankəndidə işğal paradı keçirmişdi, qondarma “prezident” Bako Saakyan da yanında. Bako Saakyan və onun ermənidaşları Xankəndi paradına mütləq baxacaqlar. Bakıda, DTX-nın təcridxanasında...
2003-cü ildə yaxşı ki, Azərbaycanın rəhbəri İlham Əliyev oldu. Taleyimizə, Zəfərimizə, tam azad Azərbaycanımıza min şükür!
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ