Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü və peşə bayramını böyük fəxr və qürurla qeyd edir.
Musavat.com xəbər verir ki, 1918-ci ildən bu günə qədər dövlətimizin təhlükəsizliyinin təmin olunmasında, qanunçuluğun və ictimai asayişin qorunmasında Azərbaycan polisinin misilsiz xidmətləri olub.
Azərbaycan polisinin tarixi 1918-1920-ci illərdə ilk müstəqil dövlətimizin müdafiəsi ilə başlayıb. Sonrakı 70 ildə isə Sovet dövründə inkişaf edən hüquq-mühafizə orqanı qanunçuluğun qorunması və cinayətkarlıqla mübarizədə zəngin təcrübə əldə edib. Azərbaycanın dövlətçilik tarixində daxili işlər orqanlarının möhkəm nizam-intizamlı, peşəkar kadr korpusuna çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi altında Daxili İşlər orqanlarının əsaslı dönüşü baş verib, milli ruhda formalaşan şəxsi heyət ölkəmizin müstəqilliyi uğrunda savaşlarda ön sıralarda olub.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü illərində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları böyük qəhrəmanlıq göstərərək 1700-ə yaxın şəhid vermiş, çox sayda yaralı vermiş, yüzlərlə əməkdaşı müxtəlif orden və medallarla təltif olunmuşdur. Müstəqillik illərində də polis orqanları dövlətimizin inkişafına və təhlükəsizliyinə xidmət edib, müasir dövrdə beynəlxalq standartlara cavab verən hüquq-mühafizə sistemi kimi fəaliyyət göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi altında polis orqanlarının maddi-texniki bazası gücləndirilir, kadr hazırlığı və sosial müdafiə tədbirləri həyata keçirilir. “E-Polis” mobil tətbiqi kimi innovativ xidmətlər vətəndaşların hüquqlarının qorunmasında yeni imkanlar yaradır.
Son illərdə, xüsusilə Vətən müharibəsində daxili işlər orqanlarının əməkdaşları ön cəbhədə şücaət göstərmiş, bir çoxu yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Həmçinin işğaldan azad olunan ərazilərdə müvəqqəti komendantlıqların yaradılması polisin ölkə təhlükəsizliyindəki rolunu daha da artırıb.
Azərbaycan Polisi 107 illik tarixində dövlət və xalq qarşısındakı vəzifələrini vicdanla yerinə yetirib və gələcəkdə də təhlükəsizliyin keşiyində olmağa, cinayətkarlığa qarşı mübarizəni davam etdirməyə sadiq qalacaqdır. Bu şərəfli yolda polis əməkdaşlarının fədakarlığı və peşəkarlığı Azərbaycan cəmiyyətinin dayanıqlığı və inkişafı üçün əsas təminatdır.
107-ci ildönümü münasibətilə bütün polis əməkdaşlarını və veteranlarını təbrik edir, onlara yeni uğurlar arzulayırıq!
Musavat.com
02 Iyul 2025
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ