İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsrə bərabər gün - 27 sentyabrda başlayan yeni tarix

Bölgənin taleyini dəyişən möhtəşəm 44 gün dünya tarixinə qızıl hərflərlə yazıldı - Anım Günü...

Bu gün - sentyabrın 27-si Azərbaycan xalqının Vətən savaşına başlamasının 4-cü  ildönümüdür. 27 sentyabr 2020-ci il - Azərbaycan tarixində xüsusi bir gündür. Bölgədə, bütövlükdə Türk dünyasında yeni reallıqların əsası məhz bu gün qoyuldu. Həmin gün Ermənistanın bütün cəbhə boyunca təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma başladı...

Bu gün canlarını Qarabağ və ərazi bütövlüyümüz uğrunda qurban vermiş şəhidlərimizin, eləcə də 2-ci Qarabağ müharibəsində canlarını fəda etmiş qəhrəman Vətən övladlarının anım günüdür. 27 sentyabr Anım Günündə saat 12:00-da ölkə ərazisində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılacaq. Şəhidlərimizin məzarları ziyarət olunacaq.

Sentyabrın 27-dən başlayan və böyük Zəfərə aparan, həqiqi mənada bölgənin taleyini dəyişən möhtəşəm 44 gün tarixə “qızıl hərflər”lə yazıldı. Yenə məhz şəhidlərimiz, qazilərimiz, veteranlarımız hesabına və təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ermənilərin mifik “məğlubedilməz ordusu” qısa zamanda darmadağın edildi, cəmi ay yarım ərzində düşmən kapitulyasiya sənədini imzalamalı oldu. Ağlasığmaz dərəcədə qısa bir müddətdə əldə edilən bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və müzəffər Azərbaycan Ordusunun şücaəti ilə qazanıldı. Bu qələbə həm də Azərbaycan xalqının 30 il əvvəl əzilmiş qürurunu, əzmini geri qaytarmış oldu.

elman.jpg (343 KB)

 Elman Nəsirov

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, dörd il bundan öncə Ermənistan Silahlı Qüvvələri və separatçı quldur rejimin silahlı dəstələri təkcə bizim hərbi obyektləri deyil, xüsusi olaraq mülki yaşayış məntəqələrini ağır çaplı silahlarla atəşə tutduqdan sonra Azərbaycan Silahlı Qüvvələri cavab zərbəsi olaraq düşmənə qarşı Vətən müharibəsinə başladı: “Bu Vətən müharibəsində müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz və dəmir yumruğa çevrilmiş xalqımız böyük əzmkarlıq hesabına tarixi qələbəyə imza atdı. Bizim qələbəyə nail olacağımız 27 sentyabrdan görünürdü. Çünki ordumuz və xalqımız, hər kəs Vətən uğrunda savaşa qalxmışdı. 27 sentyabrdan başlayan müharibədə elə bir gün olmadı ki, Azərbaycan Ordusu irəli getməsin. Hər gün yaşayış məntəqələrimiz düşmən işğalından azad edilirdi, hər gün yeni qələbələrə imza atılırdı. Dünyada ikinci buna bənzər müharibə olmayıb ki, bir ordu müharibə boyunca yalnız və yalnız irəli getsin, bir dəfə də olsun geriyə çəkilməsi baş verməsin. Azərbaycan Ordusu bunu bacardı, rekorda imza atdı, yeni reallıqlar yaratdı, bütün dünyanı heyrətə gətirməyi bacardı. Bütün dünya Azərbaycan dövlətinin, ordusunun, xalqının mübarizə əzmindən heyrətə gəlmişdi. Düşmənin 30 il ərzində yaratdığı bəzi yerlərdə hətta 7 qatlıq olan istehkamları darmadağın etdi, dağlara dırmaşaraq əlbəyaxa döyüşlə Şuşanı azad etdi. Azərbaycan Ordusu sözün həqiqi mənasında qəhrəmanlıq nümunəsi ortaya qoydu, əsgərlərimiz, zabitlərimiz gözünü qırpmadan ölümə getməyə hazır olduqlarını nümayiş etdirdilər. Düşmən Azərbaycan Ordusunun bu əzmkarlığının qarşısında duruş gətirə bilməzdi və gətirə bilmədi. Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan ordusunu məhv etdi, "yenilməz erməni ordusu" mifini məhv etdi. Azərbaycan Ordusu 21-ci əsrin müasir müharibəsini apardı. Dünyanın gözləri qarşısında dünya hərb tarixinə yeni möhtəşəm, bənzəri olmayan səhifə yazıldı. Təsadüfi deyil ki, bugünlərdə məlum oldu ki, İsveçrə dövləti özünün silahlı qüvvələrinin formalaşdırılması prosesində Azərbaycan modelinə əsaslanmağı niyyət edib. Xüsusilə də Şuşanın azad olunmasında Azərbaycan xüsusi təyinatlı qüvvələrinin göstərdiyi qəhrəmanlığın araşdırılması və İsveçrə ordusunda tətbiqi ilə bağlı artıq qərarlar qəbul edilib. 

Cənab Prezidentimizin də qeyd etdiyi kimi, biz tarixi qələbəyə güclü siyasi iradə, peşəkarlıq, vətənpərvərlik və milli ruhda tərbiyə almış gənclər sayəsində nail olduq. Prezident qələbənin düsturunun məhz bu olduğunu ötən həftə Xankəndində Qarabağ Universitetində çıxışında bəyan etdi. Bəli, məhz Xankəndində çıxışı zamanı. Xankəndindəki terrorçu erməni separatçı rejim 30 ildən artıq müddətdə orada kök atmışdı, Azərbaycana qarşı məhz bu şəhərdən 30 ildən artıq müddətdə təxribatlar, soyqırımlar planlaşdırılmış və həyata keçirilmişdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qələbəmiz Ermənistan ordusunun, separatçı silahlı dəstələrin bel sütununu elə qırdı ki, onlar özlərinə gələ bilmədilər. Və 27 sentyabrdan başlanan qələbə üç il sonra 2023-cü ilin 19 sentyabrında ordumuzun 23 saatlıq antiterror tədbiri ilə məntiqi nəticəsinə çatdı, Azərbaycan öz ərazisində separatizmi diz çökdürdü, Xankəndi başda olmaqla, terrorçu rejimin işğalı altında olan ərazilərimizdə suverenliyimiz təmin olundu. Bu gün Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, azərbaycanlı tələbələr orada təhsil alır, Azərbaycan dövlətinin lideri onlarla görüşür və oradan mesajlarını çatdırır. Bu gün Xankəndində və azad edilmiş digər şəhərlərimizdə, kəndlərimizdə quruculuq işləri həyata keçirilir". 

Deputat qeyd etdi ki, 27 sentyabrdan başlanan zəfər tariximizin qızıl səhifələri 4 ildə yazılıb və bu gün də yazılır: “Azərbaycan 27 sentyabr 2020-ci ildən bu günə qədər tarixinin ən nəhəng qələbələrinə imza atmaqda davam edib. Bu günləri hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan bütün azərbaycanlılar, Türk dünyası böyük qürur hissi ilə qeyd edirik. Biz xoşbəxtik ki, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam qəti, əbədi təmin edilib. Biz eyni zamanda qarşı tərəfə sülh təklifi etmişik. Sülh müqaviləsinin layihəsini təqdim etmişik. Azərbaycan sülh müqaviləsi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib və bu gün sülh müqaviləsi imzalamağa hazırdır. Biz qalib ölkə olaraq təkəbbürlü davranmırıq, sülhə hazır olduğumuzu səmimi şəkildə bəyan edirik. Ancaq Ermənistan yarımçıq sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir. 4 il ərzində yaşadığı məğlubiyyətlər silsiləsindən Ermənistan dərs götürmək istəmir. Azərbaycan dövlətinin isə mövqeyi, prinsipiallığı dəyişməzdir. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir və bunu konstitusiyasında dəyişiklik etməklə təsdiqləməlidir, Minsk Qrupu buraxılmalıdır və Ermənistanda revanşizmə son qoyulmalıdır. Heç bir yarımçıq sülhdən söhbət gedə bilməz. Əks təqdirdə, hadisələr ən mürəkkəb ssenari üzrə inkişaf edə bilər. Ermənistan arxada qoyduğumuz 4 ildəki hadisələrdən nəticə çıxarmalıdır”.   

Aydın Hüseynov: Ələt AİZ qeyri-neft sektorunda yeni iqtisadi faydalar  verəcək

 Aydın Hüseynov 

Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirdi ki, 27 sentyabr Azərbaycan Ordusunun dünyanı heyrətə gətirdiyi günlərin, böyük qələbələrimizin başlanğıcı idi. Həmin günlərdə qəhrəman Azərbaycan Ordusunun əsgərləri, zabitləri hər qarış Vətən torpağını azad etmək uğrunda canını, qanını qurban verməyi özünə şərəf bilirdi: “Şəhidlərimiz, qazilərimiz, ordumuz Azərbaycan xalqının şərəfini ucaltdı, dövlətimizə dünyada böyük hörmət gətirdi. Azərbaycan xalqının necə böyük xalq olduğu o günlərdə bir daha dünyaya sübut edildi. Azərbaycan Prezidenti İlham Əliyevin necə böyük siyasi lider, Ali Baş Komandan olduğunu dünya bir daha görmüş oldu. Dünya koronavirus pandemiyası ilə mübarizə aparanda Azərbaycan həm bu qorxunc pandemiyaya qarşı, həm də daha iyrənc virus olan erməni işğalına, erməni terroruna qarşı savaş həyata keçirirdi. Bu savaş dünya hərb tarixində bənzəri olmayan müharibə oldu, torpaqlarımız azad edildi. 2020-ci ilin 27 sentyabrından bu günə qədər keçən 4 ilə nəzər saldıqda görürük ki, bu dörd ildə dünyada Azərbaycan qədər böyük, nəhəng qələbələrə imza atan ikinci dövlət yoxdur. Bu 4 ildə Azərbaycan dünyanın ən nəhəng dövlətlərinin belə təsəvvür edə bilmədiyi, inana bilmədiyi qələbələrə nail ola bildi. Vətən müharibəsinin ilk günündən başlanan zəfər yürüşü, qələbələr seriası 2023-cü ilin sentyabrında bütün ərazimizdə suverenliyimizin bərpası ilə nəticələndi. Azərbaycan özünün və bölgənin taleyini dəyişdi, yeni reallıqlar meydana gətirdi.  Azərbaycan 30 ilə yaxın işğalda olmuş və darmadağın edilmiş rayonlarını da bu dörd ildə yenidən qurmağa başladı. Bu istiqamətdə də böyük məsafə qət etməyi bacardı. Müharibə bitər-bitməz Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə sürətli quruculuq işləri, infrastrukturların qurulması işinə başladı və bu gün həmin ərazilərimizdə əsl sahibləri yaşayırlar, qayıdış prosesi davam edir.  Ərazilər minalardan təmizləndikcə və infrastrukturlar qurulduqca, torpaqların əsl sakinləri o bölgələrə səfər edir, otuz illik həsrətlərinə son qoyurlar. 

Əlbəttə ki, qələbələrimiz asan yolla başa gəlmədi. İlk növbədə Allah şəhidlərimizə rəhmət eləsin, nur içində uyusunlar. Şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlıqları hesabına, bütün insanlarımızın fədakarlığı, Ali Baş Komandanımızın qətiyyəti hesabına bu zəfəri qazana bildik".

2108575.jpg (30 KB)

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, hərbi eskalasiya 2020-ci ilin iyulunda Tovuza Ermənistanın hərbi hücumu ilə başlamışdı. Həmin döyüşlər nəticəsində Azərbaycan Ordusunun generalı və bir qrup yüksək rütbəli zabitlərimiz şəhid oldu: “Bu hadisə 30 ilə yaxın idi dolmaqda olan bardağın daşması üçün son damlalar rolunu oynadı - Azərbaycan xalqı küçələrə, meydanlara axışaraq "Yetər artıq, Ermənistanı birdəfəlik yerində oturtmalıyıq!" şüarını bütün dünyaya hayqırdı. Artıq o zaman göründü ki, Azərbaycan xalqı Vətən uğrunda savaşa tam hazırdır. Eləcə də dövlətimizin, ordumuzun hazır olduğu bəlli idi. Ermənistanın təxribatları davam edirdi. 27 sentyabrda isə Ermənistan işğal olunmuş ərazilərimiz istiqamətindən genişmiqyaslı təxribatlara başladı. Azərbaycan dövləti, Ali Baş Komandan ordumuza döyüş əmri verdi. 30 ilə yaxın gözlədiyimiz Vətən savaşı başladı. Azərbaycan Ordusu, dövləti, xalqı, Ali Baş Komandanın tarix yazdığı günlər start götürdü. Bu tandem elə bir nəhəng tarix yazdı ki, dünya heyrətə gəlmişdi. Azərbaycan Ordusu 21-ci əsrin ən müasir müharibəsini icra etdi. Həmin döyüşlər dünya hərb tarixinə qızıl hərflərlə düşdü. Dünya PUA-larla, dronlarla aparılan müasir müharibəyə 44 gün ərzində şahidlik etdi. Bu savaş torpaqlarımızın azad edilməsinə gətirib çıxarmalı idi, elə də oldu. 44 günlük müharibədə Azərbaycan Ordusunun dünyanın güclü ordularından biri olduğunu dünya qəbul etdi. O zamandan bəri dünyanın bir çox dövlətlərində hərbi məktəblərdə, təlimlərdə Azərbaycan Ordusunun 44 günlük müharibədə nümayiş etdirdiyi taktika nümunə kimi göstərilir, onlardan istifadə edilir. Bu müharibə, bu qələbə Azərbaycan dövlətinin, xalqının dünyadakı yerini önəmli dərəcədə dəyişdi. Həmçinin xalqımızda, ordumuzda özünəinamı daha da artırdı. Müharibənin başlanmasından 4 il keçir. Bu müddətdə ordumuz daha da gücləndi, arsenalında müasir silahların sayı çoxaldı, xüsusi təyinatlı komanda briqadalarının sayı artırıldı, 27 sentyabrda başlanan Vətən savaşında qələbəmiz 2023-cü ilin sentyabrında Xankəndinin, Ağdərənin, Xocalının, Əsgəranın, erməni separatçı rejiminin işğalında olan digər ərazilərimizin azad olunması, suverenliyimizin bu ərazilərimizdə də təmin olunmasına gətirib çıxardı. Arxada qoyduğumuz bu 4 il Azərbaycan adlı məmləkətin tarixində misli görünməmiş qələbələr dövrü kimi tarixə düşdü. Bu dörd ildə Azərbaycan azad etdiyi şəhərlərimizin, kəndlərimizin bərpası, yenidən qurulması istiqamətində naliyyətlərə imza atıb. Böyük qayıdış prosesi başlayıb və bu gün də davam edir. Bu böyük tarixi qələbələri bizə nəsib edən şəhidlərimizə Allah rəhmət eləsin qazilərimizə, Ali Baş Komandanımıza cansağlığı versin". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR