İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəd rejiminin süqutu Ukraynadakı qələbənin Rusiya üçün əhəmiyyətini artırıb  

 

Suriyada keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsi Ukraynada hərbi əməliyyatda qələbənin Rusiya üçün əhəmiyyətini artırıb.

Musavat.com xəbər verir ki, bu sözləri “The Wall Street Journal”a Beynəlxalq Böhran Qrupunun Rusiya üzrə baş analitiki Oleq İqnatov deyib. Nəşr qeyd edir ki, Suriyadakı vəziyyət Rusiyanın bölgədəki mövqeyinə mənfi təsir göstərib.

Qəzet qeyd edib ki, Rusiya tərəfi ölkənin yeni hakimiyyət orqanları ilə hərbi bazaları ilə bağlı danışıqlar aparır. WSJ yazır ki, Rusiyanın Yaxın Şərqdəki statusunun dəyişməsinin Ukrayna üzrə potensial danışıqlara necə təsir edəcəyi bəlli deyil. Kremlə yaxın mənbələr nəşrlə söhbətində belə bir fikir bildiriblər ki, Rusiya indi diqqətini uzaq xaricə yox, yaxın xaricə yönəltməlidir. Fərqli bir ssenari, onların nöqteyi-nəzərindən tələb olunan səylərə və maliyyə xərclərinə dəyməz. Rusiya hakimiyyəti dəfələrlə Ukraynadakı hərbi əməliyyatın bütün məqsədlərinə nail olunacağını vurğulayıb. Kreml daha əvvəl bəyan etmişdi ki, Suriyada hadisələrin inkişafını proqnozlaşdırmaq hələ də çətindir.

Bu arada Beynəlxalq Böhran rejimin süqutunun səbəblərinə toxunan hesabat da hazırlayıblar. Hesabatda qeyd olunur ki,  Əsəd ordusu ciddi ruhdan düşmüşdü və hücum başlayana qədər əksəriyyəti Suriyanı tərk etmiş iranlı müşavirlərdən hədsiz dərəcədə asılı idi. Ona görə də hücum anında əsgərlər komandir çatışmazlığı səbəbindən mövqeləri tez tərk etməyə başladılar. Suriya ordusu hələ Bəşər Əsəd rejiminin süqutundan əvvəl sürətlə geri çəkilirdi, çünki əsgərlər ordudakı ciddi korrupsiya səbəbindən lazım olan hər şeydən korluq çəkirdilər. Bir çoxu ruhdan düşmüş və ya xidmətə yararsız idi.

Əsgərlərdən biri, 23 yaşlı Fərhan əl-Xuli maaşının az olmasından və çətinliklərdən şikayət edib. O, qiyamçıların sürətlə ələ keçirdikləri İdlib şəhəri yaxınlığındakı postda digər əsgər yoldaşları ilə mövqeni saxlamalı olduğunu söyləyib. Əl-Xulinin sözlərinə görə, mövqedə 9 əsgər olmalı idi, amma 3 əsgər olub. Əsgərlərdən 6-sı təhlükəli mövqeyə göndərilməmələri üçün komandanlığa rüşvət verib.

O, nəşrə bildirib ki, faktiki olaraq postda olan 2 həmkardan 1-i əqli qüsurlu və xidmətə yararsız olub. Əl-Xuli bildirib ki, noyabrın 27-də üsyançılar hücuma başlayanda başqa postdan olan komandir mobil telefonu ilə ona zəng edərək 1-ci kolonun yaxınlaşdığını bildirib. Mövqedə olan əsgərlərə mövqedə qalıb cərgəni saxlamaq əmri verilib. Lakin əl-Xuli telefonunu təyyarə rejiminə keçirib, mülki geyimə keçib, silahını yerə atıb və qaçıb. Yolda o, postlarını tərk edən başqa hərbçiləri də görüb.

“Arxaya baxdım və gördüm ki, hamı məni izləyir. Bir nəfərin qaçdığını görəndə hamı silahlarını yerə atıb qaçmağa başladı”, - deyə əl-Xuli agentliyə bildirib.

3 yüksək rütbəli suriyalı zabit və Suriya ordusu ilə əməkdaşlıq edən İraq polislərinin 2 komandiri də daxil olmaqla, 10 başqa mənbə Reuters agentliyinə ordunun tükənməsi və əhval-ruhiyyənin yerlə sürünməsi barədə danışıb. Eyni şeyi Suriya təhlükəsizlik güclərindəki mənbə və Əsədi dəstəkləyən Livan Hizbullah hərəkatının həmsöhbəti də bildirib. Dəməşqdə hərbçilər tərəfindən tərk edilmiş 1 ofisdə Reuters tərəfindən tapılan kəşfiyyat sənədlərindən də eyni məlumatlar üzə çıxdı. Agentliyin həmsöhbətləri etiraf ediblər ki, hərbi rəhbərlik arasında geniş yayılmış korrupsiyaya orduda hiddəti artıb. Bundan əlavə, Əsədin hökumət qüvvələri xarici müttəfiqlərdən çox asılı olub. İranın maliyyələşdirdiyi Livan və İraq qruplarından, eləcə də İslam Respublikasının hakimiyyət orqanlarından asılılıq hələ 2011-ci ildə, Suriyada vətəndaş müharibəsi başlayanda yaranıb. Nizami ordunun komandanlığına əsasən iranlı hərbi məsləhətçilər və müttəfiq polislər nəzarət edib.  İranın bir çox hərbi məsləhətçiləri bu ilin yazında İsrailin Dəməşqə zərbə endirməsindən sonra Suriyanı tərk edib. Hizbullah mənbəsi Reuters-ə bildirib ki, qruplaşmanın əksər döyüşçüləri və komandirləri oktyabrda Suriyanı tərk edib. Çünki diqqət İsrailin Livandakı əməliyyatına yönəlib. Reuters mənbələri bildiriblər ki, İran müşavirləri və Hizbullah rəsmilərinin əksəriyyəti Suriyanı tərk etdikdən sonra Suriya ordusunun mərkəzi komanda və idarəetmə mərkəzi normal fəaliyyətini dayandırıb və yerli ordunun xüsusilə Suriyanın 2-ci böyük şəhəri Hələb üçün müdafiə planı olmayıb. Beynəlxalq Böhran Qrupu Hələbin süqutundan sonra tərtib etdiyi hesabatda yazır ki, bu illər ərzində Əsədin əleyhdarları döyüşlərdə bölmələri uğurla əlaqələndirməyə qadir olan vahid operativ komandanlıq formalaşdırıblar və nəticədə qələbə əldə ediblər.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR