İnsanlara hürriyət, millətlərə istiqlal!

“Arif Alışanov təqaüdü almağım üçün çox çalışdı, amma...” - Barat Şəkinskayanın qızı, ilk qadın rejissorla açıq söhbət

Musavat.com-un növbəti qonağı Azərbaycanın tanınmış aktrisası Barat Şəkinskayanın və teatr rejissoru Mir İbrahim Həmzəyevin qızı Solmaz Həmzəyevadır. Qeyd edək ki, 1932-ci il mayın 3-də dünyaya gələn Solmaz Həmzəyeva ömrünün əlli ilini Azərbaycan Televiziyasında rejissor vəzifəsində çalışıb.

O, Azərbaycanın ilk qadın telerejissorlarından biri kimi tanınır. O, 1963-cü ildə Azərbaycan Televiziyasına gəlib və Arif Babayevin rəhbərliyi altında rejissor assistenti kimi fəaliyyətə başlayıb . Onun rejissorluğu ilə bir çox verilişlər hazırlanıb və bu sahədəki fəaliyyəti ilə AzTV-də uzun illər çalışıb.

93 yaşlı Solmaz Həmzəyeva ilə söhbəti təqdim edirik:

– Səhhətiniz necədir, Solmaz xanım? Sizinlə maraqlanan varmı? AzTV sizi yada salırmı?

– İndi hamının başı qarışıqdır. Mən belə şeylərə fikir vermirəm. Lazım deyil. Elədiyimi etmişəm, qiymətimi almışam. Prezident təqaüdçüsüyəm, bundan artıq mənə heç nə lazım deyil. Qızımla günümü keçirirəm. Allah nə qədər ömür veribsə, şükür.

– Qızınız necədir?

– Yaxşıdır, Milli Konservatoriyada işləyir. Bu may ayında 72 yaşı tamam oldu. O da qocalır. Mənim ürəyimdə inciklik yoxdur. Barat bəyin nəslindənik, bu bizə genetik keçib. Heç kimdən incimirəm. Yaxşılıq edənlərə təşəkkürümü bildirirəm. Arif Alışanov bu təqaüdü almağım üçün çox çalışdı. Pislərə isə heç nə demirəm. Bizim nəsildə pislik arzulamaq yoxdur.

– Roza Tağıyeva və Şərqiyyə Hüseynova ilə dostluğunuz davam edirmi?

– Biz bacı kimiyik. Hər gün əlaqə saxlayırıq. Bir gün danışmasaq, narahat oluruq. Qohumlardan da yaxın olmuşuq.

– Bir yerdə olanda telekanalların bugünkü vəziyyətini müzakirə edirsinizmi?

– Danışa bilmirik. Bir-birimizi sakitləşdiririk. Nə edə bilərik? Zaman dəyişib, hər şey dəyişib. Biz köhnə dövrün adamlarıyıq, indiki dövr bizə yad gəlir. Bizə elə gəlir ki, gözəl vaxtlarda yaşamışıq. Təsəvvür edin, 1962-ci ildən dostuq.

– Bu gün efirlərdə nəyi dəyişmək istərdiniz?

– İnan ki, tərbiyəm pozulub. Artıq televiziyaya baxmıram. İnternetdən çıxmıram. Rusiya ilə Ukrayna arasındakı qardaş qırğınına da öyrəşmişik. Bəzən xəbərlərə baxıram, o da internetdən. Bizim tələblərimiz başqa idi. İndiki vəziyyəti biz yaşlılar qəbul edə bilmirik. Hətta Moskva telekanallarına da baxa bilmirəm. Açığı, düşünürəm ki, bu qocalar tez getsəydi, yaxşı olardı…

– İlk efirə çıxan verilişinizi xatırlayırsınızmı?

– Qadan alaram, o nə vaxt olub, necə xatırlayım? Musiqi redaksiyasında rejissor köməkçisi idim. Oradan ali dərəcəli rejissorluğa qədər yüksəldim. Sonuncu verilişim “Xoş gəlmisiniz” idi.

– Hansı veriliş sizin üçün ən doğma və yaddaqalan olub?

– Çox idi. Amma “Yeddinci qitə” xüsusi idi. Gənclərə aid veriliş idi. Hava limanından Moskvaya kasetlərlə xəbərlər göndərirdik. Orada dünya üzrə gənc müğənnilər, etirazçılar, zəncilər barədə süjetlər vardı. Onu hazırlamağa icazə vermişdilər.

– Ananız Barat Şəkinskaya məşhur aktrisa idi. Onun qızı olmaq sizə daha çox məsuliyyət, yoxsa ilham verirdi?

– Mənə və qardaşıma çox diqqətli olub. O vaxt küçəyə çıxanda hamı bir-birini tanıyırdı. Anam gündüz məşqə, axşam tamaşaya gedərdi. Mən bacım və qardaşıma baxırdım. Anam gündüz məşqə gedirdi, axşam tamaşaya. O vaxt qulluqçu saxlamaq dəb deyildi. Çətin idi. Mən bacıma, qardaşıma baxmışam. Böyük idim, məsuliyyət daşıyırdım. Bacımdan 5 yaş, qardaşımdan 14 yaş böyük idim. Nənəm mənə baxırdı. Mən olanda anamın 17 yaşı var idi. Anam işləyirdi. Sonra da mən anama kömək edirdim. Çətin idi, amma şikayət etməmişəm.

– Uşaq vaxtı ananızdan ayrı böyüməyiniz həyatınıza necə təsir etdi?

– Anamın diqqəti həmişə üzərimdə olub. Təkcə ərə gedəndə ayrıldıq. O, evliliyimə qarşı idi. Üç il mənimlə danışmadı.

– Sonda necə düşünürsünüz, ananız haqlı idimi?

– Haqlı idi. 20 ildən sonra ayrıldım. Dözə bilmirdim, sadəcə anamın dediyi təsdiqlənməsin deyə illər boyu dözdüm. Amma anam heç vaxt bunu üzümə vurmadı. “Mən sənə dedim axı” sözünü bir dəfə də üzümə vurmadı.

– Ananızla bağlı sizi hələ də təsirləndirən bir xatirəni bölüşə bilərsinizmi?

– Ən dəhşətli xatirəm onun itkisi oldu. 1999-cu ildə vəfat etdi. Onda başa düşdüm ki, yaşlıyam, artıq “ana” deyə biləcəyim heç kim yoxdur. İki ildən sonra yeganə qardaşımı itirdim, sonra da yeganə oğlum Elçini. Çox çətin oldu. Ona görə də insanlardan uzaqlaşdım. Çətindir bu dərdlərə dözmək. Düşünməməyə çalışıram ki, dəli olmayım, ağlımı itirməyim. Yetər ki, ölkədə sülh olsun. Müharibə olmasın, uşaqlar yetim qalmasın.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR