Onlayn ictimai-siyasi qəzet
Çelyabinsk vilayət məhkəməsi 17 yaşlı Korkino sakini Yeqor Yurçenkonu 9 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yeniyetmə taksi sürücüsü Yelena Sarafanovanı qətlə yetirməkdə təqsirli bilinib.
Qadının bıçaq xəsarətləri olan cəsədi 2024-cü il oktyabrın 23-də axşam saatlarında Korkinoda avtomobildə tapılıb. Ertəsi gün müstəntiqlər cinayəti törətməkdə şübhəli bilinən 17 yaşlı yerli sakini saxlayıblar.
Yurçenkonun valideynləri oğlunun istintaq təcridxanasında döyüldüyünü iddia etsə də, Ədliyyə Nazirliyinin yerli şöbəsi bu məlumatı təkzib edib. Hökm tərcüməçi vasitəsilə oxunduqdan sonra Yurçenko məhkəmə iclası zamanı saxlandığı “qəfəs”in şüşəsinə yumruqı vurmağa başlayıb.
Sarafanovanın cəsədi tapıldıqdan az sonra yerli media onun ölümündən əvvəl taksi sürücüsünün “yerli qaraçılar”a çağırışa getdiyini bildirib. Bu məlumat şəhərdə iğtişaşlara səbəb olub. Talan iştirakçıları bir evi yandırıb, daha iki evin şüşəsini sındırıb, dörd avtomobilə ziyan vurublar. Şəhər sakinləri hüquq-mühafizə orqanlarının illərdir qaraçı icmasının üzvlərinin davranışı ilə bağlı şikayətlərə cavab vermədiyini iddia edərək polisi fəaliyyətsizlikdə ittiham ediblər.
İğtişaşlar zamanı onlarla insan saxlanılıb. Bu hadisələrdən sonra polis qaraçıların sıx məskunlaşdığı ərazilərdə mütəmadi olaraq reydlər keçirməyə başlayıb.
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ