İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərzaqlıq buğdanın dövlətə satılması üçün qiymət müəyyənləşdi

Daxili tələbatı təmin etmək üçün planın icrası sürətlənir

Azərbaycanda ölkənin ərzaqlıq buğda ehtiyatlarının yaradılması istiqamətində növbəti addım atılıb. Belə ki, Prezident İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə iyulun 19-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanının 2.3-cü bəndində , Nazirlər Kabinetinə ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etmək tapşırılmışdı.

bugda-1.jpeg (65 KB)

Nazirlər Kabinetindən Musavat.com-a  verilən məlumata görə, Fərmanın bu bəndinin icrasını təmin etmək məqsədilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış təklifinə əsasən Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam qəbul edilib. Həmin Sərəncamla ərzaqlıq buğdanın istehsal xərcləri (maya dəyəri) və istehsalçının mümkün qazancı nəzərə alınmaqla, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580,0 (beş yüz səksən) manat müəyyən edilib.

Kənd təsərrüfatı üzrə mütəxəssislər hesab edirlər ki, Nazirlər Kabinetinin müəyyən etdiyi alış qiyməti ədalətli olmaqla yanaşı, fermerləri ərzaqlıq buğda yetişdirməyə stimullaşdıran məbləğdir. Belə ki, hazırda Azərbaycana idxal olunan buğdanın 1 tonu orta hesabla 600 manat civarında məbləğə başa gəlir. Rəsmi statistikaya baxsaq, aydın olar ki, bu ilin 6 ayında ölkəyə idxal olunan 400 748,71 ton buğdaya 142 milyon 965,82 min dollar ödənib. Bu, idxal olunan buğdanın 1 tonunun 356,7 dollar və ya 606,4 manata başa gəlməsi deməkdir. Yerli istehsal məhsuluna bundan cəmi 26 manat aşağı alış qiymətinin müəyyənləşdirilməsi, ekspertlərə görə, normal həddir.

bugday-ithali.jpg (302 KB)

Onu da qeyd edək ki, Azərbaycanda dövlət buğda istehsalçılarını subsidiyalarşdırır. Müxtəlif səbəblərdən istehsalçıların artan xərcləri dövlət tərəfindən verilən subsidiyaların artırılması yolu ilə kompensasiya olunur. Məsələn, iyulun 25-də Aqrar Subsidiya Şurası mineral gübrələrin qiymət artımının bitkiçilik sahəsinə mənfi təsirinin məhdudlaşdırılması məqsədilə bu il üzrə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, habelə qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının, habelə tədarükçülərə təhvil verilən pambıq, tütün və şəkər çuğundurunun miqdarına görə verilən məhsul subsidiyasının məbləğinin artırılması barədə qərar qəbul edib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, qərara əsasən buğda əkininə görə verilən subsidiyanın məbləği 1 hektar üçün 210 manatdan 290 manata, arpa, çovdar, tritikale üçün 210 manatdan 278 manata, baş soğan üçün 260 manatdan 330 manata, kələm və sarımsaq üçün 260 manatdan 310 manata, kartof üçün 260 manatdan 360 manata, təkrar əkinlər üçünsə 86 manatdan 110 manata çatdırılıb.

Qeyd edək ki, Prezidentin iyulun 19-da imzaladığı Fərmanında ərzaqlıq buğda istehsalçılarına əlavə dəstək mexanizmləri əksini tapıb. Fərmana əsasən ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra – tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Fərmanda digər məqam ərzaqlıq buğda ilə digər buğda anlayışlarının fərqləndirilməsidir. Belə ki, indiyədək sahibkar-fermer üçün becərdiyinin hansı növ buğda olduğu əhəmiyyət kəsb etmirdi: istər yemlik, istər ərzaqlıq olsun, yetişdirdiyi məhsulu satmağa rahatlıqla bazar tapır. İndi ərzaqlıq buğda yetişdirənlərə əlavə dəstək tətbiq etməklə dövlət fermerləri məhz bu buğdanın becərilməsinə təşviq edir. Ərzaqlıq buğda istehsalçıları həm əkinə, həm də məhsula görə subsidiya alacaqlar.

Məlumat üçün bildirək ki, bu il ölkə üzrə buğda əkinlərinin sahəsində azalma baş verib. Ötən il ölkədə 608,5 min hektar sahədə payızlıq buğda əkilmişdisə, rəsmi statistikaya əsasən bu ilin məhsulu üçün əkin sahələri 6,4 min hektar azalmaqla 602,1 min hektara düşüb. Yazlıq buğda əkinlərindəki artım bu azalmanı kompensasiya edəcək səviyyədə deyil: bu il yazlıq əkinlə keçən ilkindən 2,2 dəfə çox olmaqla 4,2 min hektar təşkil edir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iyundan başlanan taxıl biçini prosesində iyulun 11-dək sahələrin 83,6 faizində yığım başa çatıb. Bu sahələrdən 2,5 milyon ton taxıl əldə olunub. Buğda sahələrində orta məhsuldarlıq 1 hektar üçün 31 sentner təşkil edir. Lakin məhsuldarlıq göstəricisi rayonlar üzrə kəskin fərqlənir: Məsələn, Şamaxıda taxıl sahələrində orta məhsuldarlıq 17,9 sentner təşkil edir. İsmayıllıda bu göstərici 36,25 sentnerə, Ağcabədidə 41,1 sentnerə, Kürdəmirdə 34,6 sentnerə, Yevlaxda 36,8 sentnerə, Tərtərdə 43,6 sentnerə çatır.

tmo-dan-yeni-ihale-bugday-ithalati-rekor-seviyeye-cikti-828423-5.jpg (82 KB)

Hələlik Azərbaycanda ərzaqlıq buğda istehsalı məhdud həcmləri əhatə edir. İllik 2 milyon tona çatan məhsulun çox böyük hissəsi yemlik istifadəyə yararlı olur. Buna görə də ölkənin ərzaqlıq buğda tələbatı əsasən idxal hesabına təmin edilir. Dövlət bu vəziyyəti aradan qaldırmaq üçün bu ildən etibarən ciddi addımlar atmağı planlaşdırır. Ərzaqlıq buğda istehsalçılarına əkinlə yanaşı, məhsul subsdidiyasının ödənilməsi, onların müasir suvarma sistemlərindən istifadəyə təşviq edilməsi bu planın tərkib hissəsidir.

Dünya SAKİT
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR