Onlayn ictimai-siyasi qəzet
"Ötən gün Zəfər parkının açılışında Prezident İlham Əliyevin çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin və ölkələr arasında sülh prosesinin perspektivi ilə bağlı söylədiyi fikirlər əslində bu istiqamətdə yol xəritəsidir. Cənab Prezidentin çıxışından da göründüyü kimi, Qərb dairələri 30 il ərzində həyata keçirdikləri ikili standartları bu gün tamamilə başqa müstəvidə davam etdirməkdə israrlıdırlar".
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat xatırladıb ki, əvvəlki dövrdə Azərbaycanı işğal və təcavüzlə barışmağa çağıran və buna vadar etmək istəyən qüvvələr bu gün hər vəchlə Ermənistandan dövlət başçımızın da qeyd etdiyi kimi, "sülh göyərçini" düzəltmək və 30 illik işğal periodunun dağıntıların, vəhşiliyin olmadığı bir mənzərə formalaşdırmaq istəyirlər:
"Bir vaxtlar regionda işğal və təcavüz status-kvosunda ehtiva olunan "sülh" yaratmaq niyyətində olan qüvvələr bu gün Azərbaycanın öz gücü hesabına işğala və təcavüzə son qoymasının ardından yaranan konfiqurasiyada çoxsaylı müharibə cinayətlərinin nəticələrini unutduraraq Ermənistanın məsuliyyətdən yayınmasını təmin etmək istəyirlər. Lakin Azərbaycan Respublikasının bu istiqamətdə mövqeyi kifayət qədər ayındır, cənab Prezidentin Zəfər abidəsi qarşısındakı tarixi çıxışında da ifadə etdiyi kimi, "biz heç vaxt məscidlərimizin, qəbirlərimizin dağıdılmasını, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsini unutmayacağıq və Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır ki, bizdən sonra gələn nəsillər bu tarixi bilsin. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu qələbəni yaxınlaşdırdı".
Təbii ki, havadarlarının bu cür davranışları, Ermənistanın isə havadarlarının təsiri altında özü üçün yol xəritəsi müəyyən etməsi regiona yaxşı heç nə vəd etmir. Dövlət başçısının da ifadə etdiyi kimi, artıq Azərbaycan ən yüksək səviyyədə Ermənistana bu reallığı başa salmağa çalışıb və əslində Ermənistanın düşməni Azərbaycan yox, onu yenidən revanşizmə, dolayısı ilə məhvə sürükləyən Qərbin ayrı-ayrı subyektlərinin, xüsusən çətin günlərdə cənab Prezidentin təbiri ilə desək, Ermənistanın arxasından siçan kimi qaçan "siyasətçilərdir". Çox təəssüflər olsun ki, həmin qüvvələr Ermənistanı yalnız vədlərlə yeni təxribatlara təşviq etmir, onlar eyni zamanda Ermənistanı silahlandırmaqla regionda sülh və sabitlik üçün təhdid yaratmaqdadırlar. Lakin cənab Prezidentin dünən ifadə etdiyi kimi, "Azərbaycan hər bir təxribata hazırdır və Ermənistan başda olmaqla, hər hansı bir subyekt Azərbaycanın səbrini sınamaq istəyəcəksə, məğlubiyyətə məhkumdur".
Nigar HƏSƏNLİ,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ