İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandakı mitinqlərdə rus izi - Kreml İrəvanın “daxili işləri”nə qarışmır?

Rəsmi Moskva etirazlara soyuqqanlı cavab verib, ekspertlər isə Kremlin təzyiq göstərdiyini düşünür

Rusiya Ermənistanda baş verən etirazları İrəvanın daxili işi adlandırıb. “Yeni Müsavat” yada saır ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev keçirdiyi brifinqdə belə deyib. O, Rusiyanın Ermənistanın sabitliyində və dinc inkişafında maraqlı olduğunu və bütün mübahisəli məsələlərin dialoq müstəvisində həll edilməli olduğunu vurğulayıb: “Rusiya, əvvəlki kimi, İrəvanla Bakı arasında təmasları dəstəkləməyi davam etdirəcək, üçtərəfli bəyanatların icrasına, sülh sazişinin bağlanmasına yardım edəcək”.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin erməni siyasətçiləri ilk növbədə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi, həmçinin İrəvanla Bakı arasında sülh sazişinin bağlanması vasitəsilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal yardım etməyə çağırıb. Maraqlıdır ki, erməni müxalifəti etiraz aksiyalarında bu xüsusda Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli sənədlərlə bağlı heç bir mövqe ortaya qoymur. Halbuki müharibədən sonrakı aylarda keçirilən antihakimiyyət aksiyalarında narazıların əsas tələbi 10 noyabr razılaşması idi və bu sənədi “təslimçilik aktı” kimi qiymətləndirirdilər. Belə iddia da səslənərdi ki, Paşinyan bu anlaşmanı parlamentlə razılaşdırmadığı üçün onun hüquqi qüvvəsi yoxdur və sairə...

Müxalifətin son aksiyalarında Moskvanın barmağı olduğu haqda rəylərin fonunda nümayişçilərin indi 10 noyabr razılaşmasını yada salmaması, yalnız Paşinyanın istefasını tələb etməsi haqlı suallar yaradır. Ermənistanda, əsas da paytaxtda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən davamlı aksiyalarda iki siyasətçi önə çıxıb: İşxan Saqatelyan və Artur Vanetsyan.

Onu da deyək ki, aprelin ortalarında başlayan aksiyalar mayın 1-dən geniş vüsət alıb. Əsas təşkilatçılar parlamentdəki “Ermənistan” və “Qürurluyam” bloklarıdır. Onlar Azərbaycanla sülhün və Türkiyə ilə münasibətlər qurulmasının əleyhinədir. İ.Saqatelyan ikinci prezident Robert Köçəryana bağlı şəxslərin, Daşnaksütyun və Dirçələn partiyalarını birləşdirən “Ermənistan” blokunun təmsilçisidir. A.Vanetsyan isə “Qürurluyam” blokundandır. Blokda onun Vətən Partiyası ilə üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası birləşib. Onların “patron”larının Rusiya ilə bağlılığı şübhə doğurmur.

O halda, Rusiya  Ermənistanın “daxili işlərinə” gerçəkdənmi qarışmır? Rusiyanın “daxili işlərinə qarışmırıq” bəyanatı Paşinyanın müdafiə edilmədiyi mesajıdırmı? Köçəryan və Sərkisyan niyə adamlarını aksiyaların “lider”i ediblər? Bu hadisələr iqtidar dəyişikliyinə gətirib çıxara bilərmi, yoxsa aksiyalarla məqsəd hakimiyyətə təzyiq göstərmək və sülh müqaviləsindən yayınmaqdır? O da maraqlıdır ki, etirazların davam etdiyi bir zamanda Paşinyan Niderlanda gedib. Əgər hökumət üçün bir devrim riski olsaydı, baş nazir belə vaxtda ölkəni tərk etməzdi. Bu da müəyyən qədər skeptik yanaşmağa əsas yaradır ki, mitinqlər iqtidarla müxalifətin birgə oyunudurmu?

Deputat Razi Nurullayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistandakı hadisələrdə Rusiya birmənalı şəkildə iştirak edir və Paşinyan hökuməti Kremlə sərf eləmir: “Ermənistan hakimiyyətinin Rusiyaya münasibəti Avropa ilə müqayisədə mənfidir. Sadəcə, 44 günlük müharibədən sonra yaranmış yeni geopolitik vəziyyətdə məcbur olaraq Rusiyanın bu və ya digər tövsiyələrini eşitməyə başlayıb. Amma ruhu və canı Avropadadır”.

Razi Nurullayev AXCP adından imtina etdi

Razi Nurullayev

R.Nurullayev hesab edir ki, mitinqlər Rusiyanın planlarına cavab verir: “Hətta iqtidar dəyişikliyi baş vermirsə belə, Paşinyana ən azı təzyiqdir və Rusiyaya tabeçilik göstərməyə bir çağırışdır. Əgər hökumət yıxılsa, orada Moskvanın istədiyi qüvvə hakimiyyəti götürəcək, göstərişlər Rusiyadan olacaq. Yəni istənilən variant Rusiyaya sərf edir. Ona görə hazırkı prosesləri də idarə edirlər. Amma bu aksiyalar hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq. Əvvəla, Paşinyan getmək istəmir, üstəlik, bundan ağır şərtlər altında hakimiyyəti təhvil verməyib. O,  bunkerdən çıxıb seçkiyə getdi və qalib gəldi. Sadəcə, bu mitinqlərlə sülh və danışıqlar prosesinə təzyiq edilir. O da zaman cəhətdən Azərbaycana uyğun deyil”.

Quru sərhədlərinin bağlı qalmasının heç bir məntiqi yoxdur” - Natiq Cəfərli  » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, mitinqlər, Kremlin təhdidləri, “Qarabağ klanı”nın hərəkətlərinə baxmayaraq, Paşinyan Hollandiyaya gedib: “Nikol xarici səfərə gedirsə, ölkəni tərk edirsə, deməli, mitinqlər, təhdidlər boş şeydir. Həm də Avropa Birliyi və ABŞ faktiki olaraq Paşinyanı, Azərbaycan-Ermənistan sülh danışıqlarını dəstəklədilər. Kremlin acığına Qafqazda sülh və rifah olacaq, mütləq olacaq”.

Zaur Məmmədov: Azərbaycanın növbəti peykinin orbitə buraxılması ölkəmizə  mühüm üstünlüklər verəcək - AZƏRTAC

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun fikrincə,  Köçəryan, Samvel Karapetyan, Serj Sərkisyan bəzi xarici dairələrdən uzun müddətdən sonra aldıqları xeyir-dua ilə Paşinyana qarşı genişmiqyaslı təzyiqə start veriblər: “Belə çıxır ki, İrəvanda, Gümrüdə, Üçkilsədə və sair regionlarda davam etməkdə olan aksiyalar Xankəndinə də təsirsiz ötüşməyəcək. Bu kontekstdə, yaxın vaxtlarda revanşist qüvvələrin məqsədlərinə çatmayacaqları təqdirdə, Qarabağdakı ermənilər arasında da bölgü aparacaqları istisna deyil. Bəzi iddialara görə, Robert yaxın ətrafı vasitəsilə Arutyunyandan mövqe nümayiş etdirməyi tələb edib. Karapetyan tərəfindən açılan atəş də separatçılar arasında vəziyyətin yaxşı olmadığının, Ermənistandakı siyasi mübarizənin yaxın vaxtlarda Xankəndində daha ciddi şəkildə hiss ediləcəyindən xəbər verir. Bu xüsusda, istisna etmirəm, hətta əminəm ki, son günlərdə Kəlbəcər istiqamətində Azərbaycan Ordusuna qarşı törədilən təxribatın  arxasında mart ayında Fərruxlu kəndindəki təxribatda olduğu kimi məhz Köçəryan dayanır. Bununla da onun komandası ”sərhəddəki mümkün uğursuzluq" fonunda Paşinyanın ictimaiyyət qarşısındakı reytinqini çalxalamaq istəyir".

Z.Məmmədov güman edir ki, hazırda müəyyən dövlətlər və müxalifət Paşinyanı devirmək üçün “uyğun” vaxt seçiblər: “1998-ci ildə olduğu kimi, bu dəfə də Azərbaycan və Ermənistan arasında ciddi danışıqların getdiyi bir vaxtda Robert keçmiş təcrübəsini ikinci dəfə reallaşdırmaq və legitim hakimiyyəti kürsüdən qovmaq iddiasına düşüb. Tarix yenidən təkrarlanır. Sadəcə, indi Ter-Petrosyanın yerinə Paşinyandır. Radikal müxalifətin arxasında isə elə həmin xarici dairələr və daxildəki qaniçən sosial bazadır. Etiraf etməliyik ki, Ermənistandakı hadisələr sülh prosesinə ziyan vura bilər. Ermənilər əmin olmalıdırlar ki, Paşinyanın mövcud vəziyyət fonunda üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi və ya yeni gələcək hakimiyyətin ”öhdəlikləri biz götürməmişik, xain Paşinyan götürüb" kimi mümkün iddiaları yeni müharibəni labüd edəcək. Ermənistan və Rusiya üçtərəfli bəyanatın tərəfləri kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri təqdirdə Azərbaycan xarici siyasət istiqamətləri ilə bağlı ciddi qərarlar qəbul edəcək".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR