İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda görünməmiş panika: Arutyunyan və Mirzoyan xain rolunda...

Sərhəddə baş verənlər yenidən erməni cəmiyyətində böyük çaxnaşma yaradıb, xarici işlər naziri və Qarabağdakı oyuncaq rejimin başçısı hədəfə alınıb; politoloq: “Erməni cəmiyyətinə psixoterapiya lazımdır”

Azərbaycan-Ermənistan sərhədində baş verən son proseslər yenidən erməni cəmiyyətində böyük çaxnaşma yaradıb. “Yeni Müsavat” məlumat verir ki, buna səbəb Azərbaycan hərbçilərinin sərhəddə bəzi mövqelərinə qayıtmasıdır. Amma nədənsə, bu məsələ erməni mediasında başqa cür qələmə verilir. Onlar iddia edir ki, Azərbaycan hərbçiləri 10 gün bundan əvvəl Zəngəzur vilayətində Nerkin Hand kəndinin inzibati ərazisində 5 yeni çadır qurublar. Kəndin icra nümayəndəsi Xaçatur Bağdasaryan  “Azatutyun” radiosuna bu xüsusda bildirib: “Onlar kəndin inzibati ərazisinə daxil oldular, 800-900 metrə qədər bizim əraziyə endilər. Beş çadır qurdular. İndi səngər qazırlar”.

Kənd nümayəndəsinin sözlərinə görə, Rusiya tərəfinə bu barədə məlumat verilib və indi onlardan reaksiya gözləyirlər: “Bizim müdafiə xətti üzrə müvafiq rəisimiz onlarla əlaqə saxlayıb, danışıb, amma hələ ki bir şey yoxdur”. Bununla belə, Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə deyib ki, azərbaycanlılar Ermənistanın suveren ərazisinə girməyiblər: “Hazırda vəziyyət stabildir, amma demək olmaz ki, problem yoxdur. Yox, onlar Ermənistanın suveren ərazisinə daxil olmayıblar”. Ermənistan Müdafiə Nazirliyindən də rəsmi olaraq Azərbaycan hərbçilərinin Ermənistan ərazisinə daxil olduqlarına dair xəbərləri təsdiqləməyiblər.

Nazirliyin mətbuat xidməti bildirib ki, sözügedən ərazi Azərbaycanın nəzarətindədir və azərbaycanlılar, sadəcə olaraq, öz mövqelərinə qayıdıblar: “Azərbaycanın nəzarətində olan bu ərazidə azərbaycanlıların bir neçə mövqeyi var. Bu mövqelərdən qış aylarında təchizata görə istifadə etmək mümkün deyil. İndi isə hava şəraitinin dəyişməsi ilə əlaqədar Azərbaycan hərbçiləri, sadəcə olaraq, bu mövqelərə qayıdırlar. Heç bir irəliləmədən söhbət gedə bilməz. Sərhədin həm bu, həm də qalan hissəsində Ermənistan Silahlı Qüvvələri, Azərbaycan Silahlı Qüvvələrinin istənilən hərəkətinin müşahidəsi də daxil, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirir və vəziyyəti nəzarət altında saxlayır”.

Amma Nerkin Hand kəndinin sakinləri israr edirlər ki, söhbət azərbaycanlıların qayıtmasından getmir, bu yerlərdə azərbaycanlılar olmayıb. Onlar bildirirlər ki, Qafan rayonu ərazisində olan bu kənd 44 günlük müharibədən sonra üç tərəfdən Azərbaycanın dayaq məntəqələri ilə əhatələnmişdi. Kənd sakini Mels Bağdasaryan bildirir ki, heç sovet vaxtı da sərhədin haradan keçdiyi bilinmirdi: “O vaxtlar, sovet vaxtında heç kim sərhəd bilmirdi. Təxminən bilirdilər ki, bu meşədir. Amma kimin ərazisi olduğu bilinmirdi. Biz ordan odun yığıb gətirirdik. Amma ərazinin kimin olduğu bilinmirdi”.

Bu arada Ermənistanın “Qraparak” nəşri yazır ki, Azərbaycan tərəfi sərhədlə yanaşı, Qarabağda da “irəliləyir”. Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının deputatı Taquhi Tovmasyan qondarma rejimin başçısı Arayik Arutyunyanı hədəf alıb: “Qarabağ ermənilərinin üzləşdiyi problemlərə qətiyyən məhəl qoymur. Onun İrəvanda nə işi var? Artıq neçə gündür Qarabağda qaz yoxdur, işıq kəsilib, ”təmas xətti"ndə vəziyyət son dərəcə gərgindir. Arutyunyan ermənilərin üzləşdiyi problemlərə qətiyyən məhəl qoymadan xoşbəxtlik içində dolanır, bəzi andiçmələrdə iştirak edir".

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan da Ermənistan xarici işlər nazirinin “Türkiyədə türklərlə yaxşı vaxt keçirdiyini” deyib. Göründüyü kimi, Ermənistanda bir panika yaşanır və əsasən müxalifət həm XİN başçısını, həm Qarabağda yuva salmış oyuncaq rejimin rəhbərini tənqid edir.  Maraqlıdır, Araik və Mirzoyanın xain rolunda göstərilməsi ölkə daxilində gərginliyin yenidən artacağına işarədirmi?

Sabiq dövlət müşaviri Qabil Hüseynli: "Türkiyə Qarabağ bölgəsində məsələnin  bitmədiyi qənaətindədir" - MÜSAHİBƏ

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, erməni cəmiyyəti sarsıntı içindədir: “Ermənistanda qisasçılar, revanşistlər, daşnaklar cəmiyyətin ictimai şüuruna təsir edir, yalan informasiyalar ötürürlər, obıvatel isə reallıqları qavraya bilmir. Çünki cəmiyyətin başı üzərində radikal millətçilərin, ictimai şüuru manipulyasiya edənlərin qılıncı asılı vəziyyətdədir. Bu da Ermənistanda həyəcana, panikaya, hətta paranoyaya səbəb olur. Əvvəla, onların ərazisində bizim hərbçilərimiz yoxdur və barmaqdan sovrulmuş məlumatlardır”.

Q.Hüseynlinin sözlərinə görə, Qarabağın erməni yaşayan ərazisində qaz-işıq probleminə gəlincə, onların öz işidir: “Ancaq Araikin kef üçün İrəvana getdiyini düşünmürəm. İndi ermənilər iddia edir ki, guya biz qaz xəttini partlatmışıq. Amma faktiki qəza baş verib və ermənilər gerçəkliyi təhrif edilmiş formada deyil, olduğu kimi qəbul etməyi bacarmalıdırlar. Ona görə başlarını taqqıldadıb həqiqətləri dərk etməlidirlər. Onlar bilməlidirlər ki, Qarabağ Azərbaycan ərazisidir və bizim qanunları qəbul edərək yaşamalıdırlar. Amma eyni zamanda uydurma sözlərin təsiri altına düşməməlidirlər, göydə ildırım çaxsa, onu da bizdən görürlər”.

Politoloq Mirzoyanın Antalyada yaxşı gün keçirməyə getmədiyini düşünür: “O, xeyli işlər görür, danışıqlar aparır, Türkiyə ilə sərhədlərin açılması aktuallaşıb, şose yollar gündəmdədir, Ermənistan cəmiyyətini işığa çıxaracaq müzakirələr aparır və gördüyü işə kölgə salmaq qaragüruh əməlidir. Bunu da qızışdırıcı qüvvələr edir və bütövlükdə deyə bilərəm ki, erməni cəmiyyətinə psixoterapiya lazımdır”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev erməni cəmiyyətində müharibədən sonra bir isterika hökm sürdüyünü düşünür. Partiya sədrinin sözlərinə görə, hakimiyyət atdığı addımları tərəddüdlə edir: “Çünki müxalifətin basqısı var, revanşistlərin ictimai rəyə təsiri və psixoloji təzyiq imkanları mövcuddur. Paşinyan iqtidarı da bu psixoloji təzyiqlərin qarşısında bəzi hərəkətlərini korrektə etməli olur. Ona görə tez-tez çaxnaşmaya düşürlər. Bu məsələlər bir müddət sonra öz yerini tapacaq və erməni cəmiyyətində də tozanaq yatacaq, reallıqla barışmalı olacaqlar. İndi müharibədən məğlub çıxmış ölkə olaraq soyuq ağılla fikirləşə bilmirlər və bir-birini satqınlıqda, torpaq verməkdə, xainlikdə ittiham edirlər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR