Onlayn ictimai-siyasi qəzet
Serj Sərkisyanın xalqı itaətsizliyə çağırmasının nəticəsi nə ola bilər?
Ermənistanda xaos getdikcə dərinləşir. Son günlər ölkənin müxtəlif yerlərində baş qaldıran etirazlardan istifadə edən köhnə klan yenidən hərəkətə keçib. Musavat.com xəbər verir ki, eks-prezident Serj Sərkisyan xalqı meydanlara, Nikol Paşinyana qarşı çıxmağa çağırıb.
“Nə vaxt görsəm ki, məni gözləyənlər çoxdur, vəziyyətin həlli variantımı deyəcəyəm”, - deyə Xocalı canisi Serj Sərkisyan İrəvandakı ənənəvi üzdəniraq məşəl yürüşündən əvvəl jurnalistlərlə söhbətində deyib.
“Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın ən düzgün və ən sərfəli yolu etimadsızlıq ifadə etməkdir. Bunun vaxtı gələcək... "Şərəf duyuram" fraksiyası və ya 2 fraksiya birlikdə bunu edə bilməz, ictimai təzyiqi təmin etməlisiniz. Nə vaxt görsəm ki, məni çox adam gözləyir, mən öz həll variantımı deyəcəyəm", - deyə Sərkisyan çərənləyib.
Terrorçu eks-prezident Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasına etirazlara polis müdaxiləsinin də “çox təhlükəli vəziyyət” yaratdığını bildirib və insanları itaətsizliyə səsləyib.
Onu da qeyd edək ki, etirazçılar bir neçə gün öncə açıqlama yayaraq Serj Sərkisyanın başlarına keçməsini istəmədiklərini bildiriblər. Erməni etirazçılar hesab edirlər ki, Sərkisyanın da imici yaxşı deyil və onun etirazçıların lideri olması ciddi problemlər yarada bilər.
Lakin bununla belə, terrorçu Serj Sərkisyan etirazçı kütləyə kənardan yön verməyə çalışır, açıqlamaları ilə diqqət çəkir.
Əli Orucov
Siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a şərhində bildirib ki, Serj Sərkisyan Nikol Paşinyandan qisas almaq üçün fürsət axtarır. Sərkisyan-Robert Köçəryan- Seyran Ohanyan üçlüyü və onların ətrafındakı cinayətkar klan 2020-ci ildəki İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətə uğramasını Paşinyanı devirmək, hətta məhv etmək üçün ən böyük fürsət hesab edərək mitinqlər keçirmişdilər. Lakin hətta ağır məğlubiyyət və minlərlə əsgər ölümləri faktına rəğmən xalq Serj Sərkisyan kimi canilərin təşkil etdiyi mitinqlərə qatılmadı. Bundan sonra da qatılmayacaq: “Onların keçirdikləri mitinqlərə 2-3 mindən artıq insan qatılmırdı. Sonra Ermənistanda seçkilər keçirildi. Terrorçu klan bu dəfə də xalqın yüksək səsini qazana və Nikol Paşinyana qalib gələ bilmədi. Ermənistan əhalinin böyük hissəsi bu dəfə də Serj Sərkisyan-Robert Köçəryan-Seyran Ohanyan triosuna yox dedi. Keçən ilin sentyabrında Azərbaycan bir günlük antiterror tədbiri keçirərək Xankəndini və ermənilərin işğalı altında olan digər ərazilərimizi azad etdi. Qarabağ klanı bu hadisədən də Nikol Paşinyanı devirmək fürsəti kimi istifadə etməyə çalışdı, bu istiqamətdə çağırışlar etdi, xalqı ayağa qalxmağa çağırdılar. Ancaq xalq yenə də onları "iqnor" etdi. İndi isə Sərkisyan 4 kəndin Azərbaycana qaytarılması və sərhədin delimitasiyası, demarkasiyası hadisəsindən öz terrorçu xislətinə uyğun planlarını gerçəkləşdirmək üçün süni şəkildə istifadə etmək istəyir. Əslində isə Xocalı canisinin nüfuzu xalqın onun çağırışına qoşulmasına adekvat deyil. Bunu Sərkisyanın özü də bilir və verdiyi açıqlamada dolayısı ilə etiraf etmiş olub. Onun “nə vaxt görsəm ki, məni çox adam gözləyir, öz həll variantımı deyəcəyəm” fikirləri xalqın onu gözləmədiyinin etirafıdır".
Ə.Orucovun sözlərinə görə, Ermənistanda xalqın çox böyük hissəsinin Serj Sərkisyan kimilərinin çağırışlarına məhəl qoymaması o demək deyil ki, xalqın böyük hissəsi Nikol Paşinyan hakimiyyətini sevir: “Sadəcə olaraq, Serj Sərkisyan və Robert Köçəryan cütlüyü hakimiyyətdə olduqları uzun müddət ərzində Ermənistan əhalisini o dərəcədə əziblər, ölkəni o dərəcədə məhvə sürükləyiblər və cinayətlərə yol veriblər ki, xalq həmin canilərin hakimiyyətə qayıdacağını özü üçün daha böyük bəla sayır. Ermənistan əhalisi hesab edir ki, Sərkisyan kimi canilərdənsə Nikol Paşinyanın iqtidarda qalması onlara daha az bəla gətirər. Serj Sərkisyana Ermənistan cəmiyyətində xüsusilə daha çox nifrət var”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ