İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan üçün çətin suallar...

“Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) bu gün Bakıda keçirilən Zirvə görüşündəki çıxışında deyib.

Prezident əlavə edib: “Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”.

UĞUR.jpg (93 KB)

Müstəqil xarici və daxili siyasət aparan Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra, bütün olmuşlara baxmayaraq, sülhpərvər siyasi kursa sadiq qalması, əslində, Ermənistan üçün xilas pəncərəsi aralayır. – “Aralayırdı” da demək olar; çünki Ermənistan öz sülhpərvər qonşusunun sağlam əlini sıxmaqdansa, gah əvəzçıxma eşqinə düşdü, gah güneydən (İrandan), gah quzeydən (Rusiyadan) mədət umdu, umudu öləziyincə Fransaya, Amerikaya boylandı. Bunlar azmış kimi uzaqlardakı Hindistana əl açdı. Müzəffər Ali Baş Komandanın 44 günlük müharibə dönəmindəki məşhur sözləri ilə desək, “kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala”... xeyri yoxdur! – Bəli, 3 il öncəki prinsipial sözlər bu gün üçün də keçərlidir: “dünyada heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz”! “Biz ərazi bötüvlüyümüzü bərpa edəcəyik” – demişdik – etdik! “Ermənistanın Baş naziri özünü nə hesab edir?” deyə sual edən Azərbaycan Prezidenti “işğalçıya sonuncu dəfə şans veririk. Çıxın, öhdəlik götürün” demişdimi? – demişdi; axırı nə oldu? – Nə olmalıydısa, o oldu!

DEMİR YENİ.jpg (208 KB)

Bəli, Dəmir Yumruq xəbərdarlıq edir, zarafat etmir. Artıq keçmiş işğalçıya “artırma dəqiqələri şansı” veriləcəkmi və ya veriləcək olsa belə o şans Ermənistanı xilas edəcəkmi? – bu sualın cavabını vermək asan deyil. Biz Ermənistan üçün çətin suallara cavab arayışı içində deyilik – can onların, cəhənnəm onların – özləri bilər. Sürünə-sürünə, zar-zor 105 il mövcud ola bilmiş, daim yıxılmağa yer (büdcə) gəzən bir dövlət dövlət deyil, olsa-olsa dırnaqarası dövlətdir. Keçmiş işğalçının zədəli başında 90-cı illərin “907” havası qalıb, deyəsən; deyəsən, Fransanın ATƏT-in Minsk qrupuna həmsədr olduğu vaxtların xiffəti içindədirlər. ATƏT-in Minsk qrupu özü özlüyündən tarixin zibilliyinə atılıb. Bizi uzun və ağır işğal illərində iradəmizi əyəcək şərtlərə qol qoydura bilməyənlər qalib Azərbaycanla davranma mədəniyyətinə tənəzzül etməlidir.

Ermənistan, dünya erməniliyi və ermənilərin ədalətsiz havadarları qarşısında əsalətlə duruş gətirən, xarakter nümayiş etdirən, məhz hərb meydanında qızıl ləyaqət göstərən, XX yüzilin müharibə mədəniyyətini nümayiş etdirən Azərbaycana qarşı çaşmaq kimsəyə başucalığı gətirməyəcəkdir. Bu bəlağət deyil, bu, beynəlxalq aləmdə baş verənləri gözardı etmək deyil. Əlbəttə, ayrı-ayrı dövlətlərin qanunverici, qərarverici orqanlarında hələ də hökümsürən ikilistandartlar, Azərbaycanafobiya, Türkafobiya, İslamafobiya bizi düşündürür. Baxmayaraq ki, BMT məhkəməsi Ermənistanın həyasız iddialarını qəbul etməyib, amma yenə də, düşüncəsizlər az qala hüquqafobiya (həqiqətəfobiya), kulturafobiya (sivilizasiyafobiya), insanafobiya içindədir... Belə düşüncəsizlik yalnız bizə zərər vurmaz, bundan bütün coğrafiya, Avrasiya və Yer kürəsi zərər görər. Biz “həll olunmamış, dondurulmuş münaqişələr” haqqında, terror aktları, soyqırım aktları barədə uzun illər boyu xəbərdarlıq etdik, bunun bəşəriyyət üçün təhlükə ərz etdiyini bildirdik, kimlərsə qulaqardına vurdu... İndi Azərbaycan yeni gerçəkliklər yaradıb; dübarə bölgədə, Avrasiyada, ümumən Yer üzündə yeni gerçəkliklər yaranmaqdadır. Yer üzü yeni düzənə hamilədir, yeni siyasi arxitektura, yeni beynəlxalq siyasi-hərbi dizayn qaçınılmazdır. Bu yeni düzənin necə şəkillənəcəyini, yeni dünyanın xəritəsini ən yaxşı bilən azsaylı dünya liderlərindən və dünyanın ən təcrübəli dövlət başçılarından biri Azərbaycan Prezidenti İlham Əliyevdir. XXI yüzilin neomüstəmləkəçilik azarından qurtula bilməyən (qurtulmaq istəməyən), aradabir “öz ayağına sıxan” Fransanın get-gedə təsirsiz hala düşdüyünü yarımidrak edən Paşinyan hökuməti, bir gün “macəra dolu Amerika” havalarına girməkdən də əl çəkəcək.

Vaxtilə Osmanlıya arxa çevirib, Rusiyanın qucağında xumar aramış ermənilər, bu səfər Rusiyanın aqibəti haqqında necə bədgümandırlarsa, “əhdə vəfa”-filan gözlərinə görünmür. Görünməsin də zatən – bu da bizim dərdimiz deyil. Biz nə Ermənistanın dərdi, nə də uğuru peşində deyilik, əlbəttə. Əlbəttə, Ermənistanın bizim əzəli, unudulmaz torpaqlarımız üzərində qurulduğunu bilirik. Bilirik ki, o adıyaman prosesin əsl adı “qurulma” da deyil, qondarılmadır. Biz bilirik, biz görürürk, biz eşidirik. Tarixə kor, həqiqətlərə kar, gələcəyə yolsuz Ermənistan düşünsün artıq... Heç düşünməsin...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR