Onlayn ictimai-siyasi qəzet
Ekspertlər İrəvan-Bakı arasında sülh müqaviləsinə əngəlləri, bölgəni gözləyən eskalasiya riskini açıqladılar
“Ermənistan sülh istəsəydi, son 4 illik danışıqlar prosesində hər dəfə bir bəhanə uydurmazdı”. Bu fikirləri “Yeni Müsavat”a hərbi analitik Ramil Məmmədli İrəvanın London görüşündən qaçması, ABŞ-dan Ermənistana gələn iki hərbi təyyarə dolu silah-sursatla təmin edilməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistan sülh və insanlıq əleyhinə olan siyasətini gücləndirir və bu yöndə ona istiqamət verən ölkələr də stimullaşdırır. Hərbi ekspert hesab edir ki, hazırda ABŞ, Fransa, Hindistan Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda eskalasiya təhlükəsini günü-gündən artırır, bölgədə toqquşmalara səbəb olacaq tendensiya sürətlənir. R. Məmmədliyə görə, müharibədə məğlubiyyət Ermənistana ağır zərbə oldu və indi “soyuq duş” effekti yaradan bu şəraitdən çıxmaq üçün ordu Qərbdən silahlanır: “Ermənistanın hərbi təxribatları azalsa da, vaxtaşırı olur. Habelə, qarşıda təxribat xarakterli addımlar istisna edilmir. Fransa COP29 tədbirləri ərəfəsində sərhəddə lokal qarşıdurma olmasını və buna görə Azərbaycanı ittiham etməsini istəyərdi. Təbii ki, Azərbaycan dövləti təmkinli siyasət yürüdəcək və mümkün təxribatlara lazımi cavab veriləcək. Sadəcə, məsələ ondan ibarətdir ki, Ermənistan nə qədər xarici təsirlərə uyaraq hərəkət edir, o qədər sülh prosesi ləng inkişaf edəcək. Hərçənd Ermənistanın sülh müqaviləsini imzalaması üçün tutarlı səbəbi də qalmayıb. Hətta nəqliyyat kommunikasiyalarının açılması da sonraya saxlandı və sülh mətnindən çıxarıldı. Yəni Bakı buna da getdi, görək İrəvan indi hansı bəhanə axtarıb tapacaq”.
Hərbi ekspertin fikrincə, Ermənistana təzyiq davam etməlidir və sülh sənədini imzalamağa məcbur edilməsi ilə yanaşı, bu dövlətin ordusunun Qarabağda sülh və insanlıq əleyhinə törətdiyi cinayətləri haqda beynəlxalq ictimaiyyət daha çox məlumatlandırılmalı, ayrı-ayrı keçmiş məcburi köçkünlər Ermənistana qarşı təzminat tələbi irəli sürüb Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırmalıdırlar. Ona görə deyirəm ki, Ermənistan hərtərəfli sıxışdırılmalıdır və bu tələbləri irəli sürmək haqqımızdır".
Hərbi ekspert istisna etmir ki, Avropa İnsan Haqları Məhkəməsi vəsatətlərin bir hissəsini təmin edə bilər: “Hər nə qədər Qərbdə bizə qarşı xoşagəlməz və ədalətsiz münasibət olsa da, düşünürəm ki, evləri erməni işğalçı qüvvələri tərəfindən yağmalanmış Qarabağ sakinlərinin Ermənistandan təzminat istəmək haqqı hüquqi müstəvidə təmin edilə bilər. Çünki Ermənistan işğal dövründə yüzlərlə müharibə cinayəti törədib, sülh və insanlıq əleyhinə bağışlanmaz addımlar atıb. Ona görə də sülh müqaviləsi imzalansa belə, Ermənistanın bizə vurduğu ziyan ödənilməlidir”.
Zaur Məmmədov
Politoloq Zaur Məmmədov isə bu qənaətdədir ki, hazırda Bakı və İrəvan arasında danışıqlarda ən böyük maneə olaraq Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qalır: “Paşinyan bu yükü cəmiyyətə ötürməli və erməni xalqı gələcəyi ilə bağlı qərarını verməlidir. Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə nəqliyyat xətləri ilə bağlı məsələləri sülh müqaviləsinin mətnindən çıxarıb.
Xatırladım ki, tərəflər arasında ən mübahisəli məqamlardan ikincisi məhz Zəngəzur dəhlizi ilə bağlı idi. Məsələni qəlizləşdirən amillərdən biri bu yolla bağlı regional və beynəlxalq aktorların bir-birinə zidd yanaşmaları idi. Qərb Zəngəzur və açılması nəzərdə tutulan digər yollarda nəzarətin beynəlxalq şirkətin öhdəliyinə verilməsini təklif edib. Bir neçə ay əvvəl Şarl Mişel bu təklifi tərəflərə təqdim edib. ABŞ-da baş tutan XİN rəhbərləri arasında görüşdə də bu məsələ müzakirə edilib. Rusiya üçtərəfli bəyanatda göstərildiyi kimi, özü tərəfindən yola nəzarət edilməsini istəyir. Şoyqunun Bakıda “kommunikasiya xətlərinə Qərbi buraxmaq olmaz” kimi ismarışları Moskvanın narahatlığından xəbər verir. Öz növbəsində, İran heç bir halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı deyil və son açıqlamalar, xəbərdarlıqlar da beynəlxalq şirkətlə bağlı təklifə cavab olaraq verilib. Beləcə, hazırda beynəlxalq şəraitin onsuz da gərgin olmasını nəzərə alsaq, sülh müqaviləsi ilə bağlı danışıqlarda müzakirə edilən mövzular arasından nəqliyyat mövzusunun çıxarılması tam başa düşüləndir".
Qeyd edək ki, rəsmi Bakı ötən həftə sülhə əngəl olan yeganə səbəbi açıqlayıb. "AzadlıqRadiosu"na Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib: “Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır”.
Yazını hazırladı: Emil SALAMOĞLU
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ