İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR

“Ermənistan Azərbaycandan üzr istəməlidir və müharibədə itkin düşmüş azərbaycanlıların taleyi barədə məlumat verməlidir”

Oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək" hüququnun dəstəklənməsi" mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.

APA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub, daha sonra tədbirin mövzusuna aid qısametrajlı film nümayiş etdirilib.

Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirilib ki, itkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. “Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşüb.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq etmişdir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident müraciətində qeyd edib ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir.

Prezident İlham Əliyevin “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda 2 oktyabrda Bakıda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanlandığı müraciətdə də Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlər törətdiyi xüsusi qeyd olunub. Prezidentin müraciətində qeyd edib ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir.

“Münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır. Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilmişdir”, - deyə dövlətimizin başçısı bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev isə tədbirdə çıxışında ailələrin öz itkin düşmüş yaxınları barədə məlumatları almaq hüququnun beynəlxalq səviyyədə dəstəklənməsinin vacibliyini qeyd edib. Xidmət rəisi hazırda Dövlət Komissiyasında 3979 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını deyib və bildirib ki, onlardan 3 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 44 günlük Vətən müharibəsində itkin düşüb. İndiyədək işğaldan azad olunmuş ərazilərdə 18 kütləvi məzarlığın aşkarlandığını, bununla yanaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüşlərdən 155 nəfərinin şəxsiyyətinin eyniləşdirildiyini, cari ilin sentyabr ayında görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində Ağdərə rayonunun Sırxavənd kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 15-ə yaxın şəxsə aid meyit qalıqlarının müəyyən edildiyini nəzərə çatdırıb.

Dövlət Komissiyasının sədri vaxtilə Azərbaycanın Qarabağ ərazisində mövcud olmuş separatçı rejimin Vətən müharibəsi bitdiyi vaxtdan 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatınadək olan müddət ərzində bir neçə kütləvi məzarlığı məqsədyönlü şəkildə məhv etməsinin və Ermənistan tərəfinin həmin məzarlıqlar barədə məlumatları verməməsinin beynəlxalq hüquqa, həmçinin uzun illərdir yaxınlarının yolunu gözləyən itkin ailələrinə və bütövlükdə insanlığa açıq-aşkar hörmətsizlik olduğunu bildirib. Sonuncu qeyd olunan halın Xocavənd rayonunun Qaradağlı kəndi, Xocalı rayonunun Dəhraz kəndi və Ağdərə rayonunun Sırxavənd kəndindəki məzar yerlərində müşahidə etməyin mümkün olduğu diqqətə çatdırılıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin itkin vətəndaşların taleyinin aydınlaşdırılmasını Dövlət Komissiyasının qarşısında ən ümdə vəzifə kimi qoyduğunu və ölkə başçısının bu məsələni daim xüsusi nəzarətdə saxladığını bildirən Xidmət rəisi Əli Nağıyev vurğulayıb ki, itkin düşmüş şəxslər problemi təkcə ayrı-ayrı dövlətləri deyil, o cümlədən beynəlxalq təşkilatları və beynəlxalq siyasi dairələri ciddi şəkildə düşündürməlidir.

Sonra digər çıxışçılar itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı təmsil etdikləri təsisatlar tərəfindən ötən zamanda görülən işlər və qarşıda duran vəzifələr haqda ətraflı məlumat vermiş, itkin düşmüş şəxslərin tapılması yönündə birgə səylərin bundan sonra da davam etdiriləcəyinə, konfransda səslənəcək fikirlərin, irəli sürüləcək təkliflərin və aparılacaq fikir mübadilələrinin itkinlər probleminin həlli üçün yeni üfüqlər açacağına inamlarını ifadə ediblər.

Tədbir mövzu ətrafında panel sessiyalarla davam edib.

BMT-nin İtkin düşmüş şəxslərlə bağlı Beynəlxalq Komissiyasının (İCMP) siyasət və əməkdaşlıq üzrə direktoru Andreas Kleiser isə deyib ki, əsir və itkin düşmüş şəxslərlə bağlı məsələləri heç vaxt unutmamalıyıq. Bu, ən həssas məsələlərdən biridir ki, bu məsələdə birgə təcrübə mübadiləsi aparılmalıdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Moldovanın sabiq baş naziri Kiril Qaburiç isə qeyd edib ki, itkin düşmüş şəxslərin taleyinə yüksək şəkildə dəstək verilməlidir: “Beynəlxalq konfranslarda itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin səsləndirilməsi öz müsbət töhfəsini verəcək. Bu məsələdə artıq şəxsi təşəbbüslər də öz rolunu oynamalıdır”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Mərkəzi Axtarış Agentliyinin rəhbəri Florans Anselmo isə itkin düşən insanların taleyi ilə bağlı çox narahat olduqlarını qeyd edib: “Bu tipli məsələlər konflikt tərəflərinin məsuliyyətidir. Ailələrə dəstək göstərilməlidir, eynilə psixoloji dəstək də olmalıdır. Onların yaşadıqları heç də asan deyil. Biz birlikdə bu məsələləri həll etməliyik, itkinləri ailələrinə təhvil verməliyik. BQXK olaraq mən bunu qeyd etməliyəm ki, konflikt tərəfləri arasında komnukasiya olmalıdır. Konflikt tərəfləri olan ölkələr də siyasi qərarlara, humanitar qaydalara əməl etməlidirlər. Düşünürəm ki, bir gün bu ailələrin narahatlığına son qoyulacaq. Azərbaycan dövlətinə bu məsələyə bu qədər diqqət ayırdığına görə təşəkkür etmək istəyirəm. Səylərimiz birgə fəaliyyət istiqamətində olmalıdır. Humanizm prinsiplərinə hörmət olunmalıdır”.

Bəs Ermənistan nə zamansa bu tələblərə əməl edəcəkmi? Etməsi üçün hansı vəziyyət yaranmalıdır? Ermənistanın itkin azərbaycanlıların taleyi ilə bağlı məlumatları verməsi  törətdiyi cinayətvələrə görə üzr istəməsi Azərbaycan-Ermənistan münasibətlərində müsbət dəyişikliklərə gətirərmi?

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

 Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, son illərin hadisələri Ermənistan hökumətinin heç bir ədalətli addımı özbaşına və öz xoşuna atmadığını göstərir. Məlumdur ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanması üçün Nikol Paşinyana Rusiya Prezidenti təzyiq göstərmişdi. Təbii ki, Azərbaycanın müharibədə qələbələri, Ermənistan ordusuna vurduğu sarsıdıcı zərbələri bu işdə öz rolunu oynamışdı. Ancaq Azərbaycan Prezidentinin qeyd elədiyi kimi, 10 noyabr bəyanatı Azərbaycan və Rusiya prezidentlərinin təzyiqləri nəticəsində Ermənistan baş naziri tərəfindən imzalanmışdı. Ondan sonrakı dövrdə atılan addımlar Qərbin təzyiqləri nəticəsində baş vermişdir. Bir vaxtlar “Qarabağ Ermənisandır” deyib Şuşada rəqs eləyən Nikol Paşinyan sonradan Praqada Qarabağın Azərbaycan ərazisi olduğu barədə bəyanata imza atdı və Qarabağ üzərində Azərbaycanın suverenliyini qəbul elədi. Ondan əvvəl Qərbdəki dostlarının tapşırığı ilə Qarabağın statusu barədə məsələdə güzəştə getmək zərurəti haqqında danışmışdı. Delimitasiya və demarkasiya işləri ilə bağlı atılan mütərəqqi addımlar da Qərbin məsləhətləri ilə icra olunur. Sülh sazişi layihəsinin müəyyən bəndlərindən imtina da Qərbin təzyiqləri nəticəsində mümkün oldu. Və təbii ki, Azərbaycan Ordusunun gücündən çəkindiyinə görə Paşinyan bu cür addımları atıb. Bundan sonra da Ermənistanın konstruktiv mövqe tutması Qərbdəki havadarlarının tapşırıqlarından asılı olacaq. Əgər onlar desələr Paşinyan Ermənistanın törətdiyi cinayətlərə görə üzr istəyəcək. Ancaq görünür, hələ demirlər. Buna görə də Paşinyan daha çox Azərbaycanı günahlandırmaq xəttini tutub. Baxmayaraq ki, 19-20 sentyabr 2023-cü il antiterror tədbirlərindən sonra dərhal bəyan eləmişdi dinc əhaliyə qarşı heç bir zor tətbiq olunmayıb. Lakin sonradan Paşinyan etnik-təmizləmənin baş verməsi böhtanını atmağa başladı. Buna bənzər çoxlu faktları demək olar. Ermənilər öz günahlarını, cinayətlərini, azərbaycanlı əsirlərə işgəncələr verdiyini, 4 minə yaxın itkin azərbaycanlının taleyi barədə məlumatları vermək əvəzinə Azərbaycanı “etnik təmizləmə”də, “soyıqırımı” cinayəti törətməkdə suçlamağa çalışır. Bu vəziyyətin dəyişməsi üçün Azərbaycanın daha güclü olması ilə yanaşı, Ermənistanın Qərbdəki havadarlarının Paşinyana lazımi təlimatı verməsinə ehtiyac var".

Ekspertin sözlərinə görə, Ermənistanın üzr istəməməsi, itkin azərbaycanlılarla bağlı məlumatları gizlətməsi təbiidir ki, Azərbaycan-Ermənistan münasibətlərində ciddi problemlər yaradır və bundan sonra da yaradacaq: "Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın azərbaycanlının böyük əksəriyyətinin ermənilər tərəfindən əsir və girov götürüldüyü şübhəsizdir. Ermənistan həmin azərbaycanlıları gizlədib və onlara amansız işgəncələr verilib. Həmin azərbaycanlıların sonrakı taleyi barədə Ermənistan rəsmi məlumatlar təqdim etmir. Bunun özü də bir cinayətdir. Təbiidir ki, Azərbaycan Ermənistanın törətdiyi cinayətlərə görə cavab verməsi üçün zəruri addımları atır və bundan sonra da atacaq. Şübhə yoxdur ki, gec-tez Ermənistan bu cinayətlərə görə beynəlxalq səviyyədə məhkum olunacaq, Azərbaycandan üzr istəyəcək və tələb olunan təzminatı da ödəyəcək. Ancaq normal qonşuluq münasibətlərinin yaranması üçün, düşmənçiliyin tamamilə götürülməsi üçün Ermənistan hökuməti, ermənilər yeritdikləri siyasətdən imtina eləməlidirlər. 30 il ərzində Azərbaycana qarşı törətdikləri cinayətləri etiraf edib üzr istəməlidirlər. Yalnız bundan sonra münasibətlərimiz normal qonşuluq münasibətləri səviyyəsində ola bilər. Azərbaycan Prezidentinin vaxtilə dediyi kimi, yalnız bundan sonra ermənilər normal qonşu olmağı öyrənə bilərlər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR