Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makronun Kiyevə səfəri zamanı qeydə alınan qəribə görüntülər dünya mediasının diqqət mərkəzinə çevrilib.
AFP agentliyinin yayımladığı kadrlarda Makron, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniya baş naziri Kir Starmer jurnalistlərin əhatəsində masa arxasında görünür. Amma görüntülərdə bir anlıq qəribəlik yaşanır – Makron jurnalistləri gördükdə masanın üzərindəki şübhəli “ağ bükümü” tez götürüb ovcunda gizlədir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələni dərhal şərh edib və Avropa liderlərini narkotik istifadə etməkdə ittiham edib. O, sərt ifadələrlə çıxış edərək bildirib:
“Zelenskini daha bir cəhənnəm intriqasına sürükləyən bu üçlük – fransız, ingilis və alman qatara minib... (söyüşlə) gediblər!”
Zaxarovanın dediyinə görə, liderlər narkotik istifadə etmək üçün “büküm və qaşıqdan” istifadə ediblər. O, görüntüləri jurnalistlər daxil olanda “salfeti” gizlədən siyasətçilərin ifşası kimi təqdim edib.
Yelisey Sarayı isə hadisəyə cavab olaraq salfetin şəklini paylaşaraq ironiya ilə “Bu, salfetdir. Burnunu üfürmək üçündür” şərhini yazıb.
Ukrayna mediası da görüntülərdəki obyektin sadəcə əzilmiş kağız parçası olduğunu iddia edib.
Lakin bu, yeganə hadisə deyil. Son illər Qərb liderlərinin narkotik istifadəsi ilə bağlı yayılan məlumatlar artmaqdadır. Bu, artıq təsadüfi fərziyyə yox, sistemli narahatlıq doğuran reallığa çevrilir.
“The Guardian” qəzetinin yayımladığı son araşdırmalara görə, Böyük Britaniya Xarici İşlər Nazirliyinə məxsus “Chevening” malikanəsində kokain izləri tapılıb. İddialara görə, Liz Truss burada görüşlər zamanı dostları ilə ziyafətlər keçirib. Eyni zamanda, Boris Consonun baş nazirliyi dövründə rəsmi iqamətgahında da narkotik qalıqları aşkarlanıb.
Belə olan halda sual yaranır: nüvə ölkəsinin rəhbəri kokain istifadə edərsə, bu nə ilə nəticələnə bilər? Liz Truss baş nazir olanda “nüvə düyməsini çəkinmədən basaram” deyə bəyanat vermişdi. Belə bir fiqurun narkotik təsiri altında qərar verməsi isə yalnız siyasi deyil, planetar fəlakət ola bilər.
Narkotik kölgəsi yalnız Avropanı deyil, ABŞ siyasətini də illərdir müşayiət edir. Co Baydenin oğlu Hunter Baydenin dopinq qalmaqalı hələ də gündəmdədir. Donald Tramp 2016-cı ildə debatlar zamanı Hillari Klintonun “nəsə vurulduğunu” iddia edərək dopinq testləri tələb etmişdi.
Barak Obama və Bill Klinton marixuana istifadə etdiklərini etiraf etmişdilər. Obama hətta kokainlə təcrübəsinin olduğunu da gizlətməyib. Lakin heç biri bununla fəxr etməyib.
Ən maraqlı nümunə isə prezident Con Kennedidir. O, debat öncəsi iynə vurulandan sonra eyforiya halına düşüb və rəqibi Riçard Niksonu debatda darmadağın edib. Onun məşuqəsi Merilin Monronun da narkotik qurbanına çevrildiyi, bəlkə də Kennedi tərəfindən bu yola sürükləndiyi ehtimal olunur.
Azərbaycan narkotik bazarında qiymətlər yüksək səviyyədədir:
1 kq kokain – 250-300 min manat
Heroin – 17-20 min manat
Tiryək – 3-3.5 min manat
Yerli marixuana – 10-12 min manat
Ekstazi (ədəd) – 20-35 manat
Avropa bazarında isə 1 qram kokainin qiyməti 100-200 avro arasında dəyişir. Yəni bir dəfə buruna çəkilən “həzz” təxminən 170-340 manata başa gəlir.
Bu isə o deməkdir ki, bu maddələrə “əl uzadanlar” sıravi insanlar yox, yüksək gəlirə və gücə sahib şəxslərdir – siyasətçilər, oliqarxlar, diplomatik toxunulmazlıqlar içində üzən liderlər...
Hakimiyyətin zirvəsində olan şəxslərin narkotikə aludəçiliyi sadəcə şəxsi faciə deyil – dövlətin, bəşəriyyətin və sülhün taleyini təhlükə altına atan bir riskdir.
Makronun salfeti ilə başlayan söhbət dünya liderlərinin cəmiyyətə cavabdehlik dərəcəsini, onların psixoloji və fiziki vəziyyətini sorğu-suala çəkir. Ortaya çıxır ki, dünyanın taleyində rol alan liderlərin qərarlarında kokain izləri var!
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ