İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Minsk Qrupunun “diriltmə yolunu” tapdı - sülh müqaviləsi şərti...

Elxan Şahinoğlu: “Həmsədrlərin belə bir mandatı yoxdur...”

Ermənistan Xarici İşlər Nazirliyi, nəhayət, Minsk Qrupunun necə “dirildilməsinin” yolunu “tapıb”. Ermənistan XİN sülh müqaviləsi danışıqlarının təşkili üçün müraciət edib. XİN bildirib ki, rəsmi İrəvan BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib.

Bu, əlbəttə ki, çoxdan tarix olan ATƏT-in Minsk Qrupunu növbəti dəfə diriltmək cəhdidir. Belə ki, rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra Minsk Qrupunun vasitəçiliyinə ehtiyac olmadığını bəyan edib. Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, Minsk Qrupunun 28 il ərzindəki fəaliyyəti uğursuz olub. “Onların fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri ”Qarabağ Ermənistandır" bəyan edəndən sonra tamamilə iflic oldu. Bu, o demək idi ki, danışıqların sonudur. Çünki əgər Ermənistan “Qarabağ Ermənistandır” deyirsə, nə barədə danışmaq olar? Digər məsələ ondan ibarətdir ki, bir qədər sonra Ermənistan rəhbərliyi dedi ki, Qarabağ müstəqil ölkədir. Bu da əvvəlki bəyanatla ziddiyyət təşkil edirdi. Lakin Minsk Qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanın danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Ermənistanın hədəfi bu idi və təəssüflər olsun ki, Minsk Qrupu bu işdə onlara kömək etdi", - deyə Prezident çıxışlarının birində deyib. Dövlət başçısı həmsədrləri humanitar məsələlərdə yardımçı olmağa çağırıb. “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlarda üçüncü tərəfə ehtiyac olmamalıdır”.

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da Antalya Diplomatiya Forumunda da təxminən eyni mövqe açıqlayıb: “Münasibətlər normallaşarsa, sülh sazişi olarsa, Ermənistanı niyə bu sıraya daxil etməyək? Çünki biz sülh və sabitlikdən danışırıq. Amma bunun üçün Ermənistanın da eyni anlayışı olması lazımdır. Fikrimcə, sülh müqaviləsi üzrə danışıqlarda üçüncü tərəfə ehtiyac olmamalıdır. Azərbaycan və Ermənistan bir yerdə oturub danışıqlar aparmalıdırlar”.

Amma müharibədən sonrakı aylarda dəfələrlə Ermənistan Minsk Qrupu həmsədrlərini diriltməyə çalışıb.

Nikol Paşinyan isə dəfələrlə vurğulayıb ki, Ermənistan Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesində iştirak etmək istəyir. Artıq xeyli vaxtdır həmsədrlərdən olan ABŞ Qarabağ məsələsinə xüsusi maraq göstərmir. Ən azından bu gün belədir. Digər həmsədr Fransa isə sırf ermənipərəst mövqedədir. Üçüncü həmsədr Rusiya isə orbitr rolunu təkbaşına oynamağa həvəslidir. Belə bir vəziyyətdə həmsədrlərin yenidən ortaya çıxması münaqişə tərəflərindən ancaq Ermənistana sərf edir. İndi isə Ermənistan “sülh müqaviləsini” bəhanə edərək prosesə həmsədrləri cəlb etmək və sonrakı mərhələlərdə Qarabağ ermənilərinin “problemini” həll etmək üçün danışıqlar masasının müzakirəsini genişləndirməyə həvəslənib. Belə bir vəziyyətdə nə etməli? Azərbaycan bundan imtina edərsə, “Bakı sülh prosesini əngəlləyir” ittihamı ilə üzləşə bilərmi?

Elxan Şahinoğlu: "Masada və beyin oyununda da

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın təqdim etdiyi 5 təklifə Ermənistan XİN-dən mənasız cavab verilib: “Ermənistan XİN-in ”Minsk Qrupu həmsədrləri Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün vasitəçi olsun" cavabı absurd təklifdir.

Birincisi, Minsk Qrupunun həmsədrlərinin belə bir mandatı yoxdur. Həmsədrlər keçmişdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı idilər. Danışıqlar uzun onilliklər uzandı, işğal davam etdi, Azərbaycan Ordusu məsələni özü həll etdi, həll edilməyən hissəni də yaxın gələcəkdə çözməliyik. Bundan sonra Qarabağ məsələsində bizim həmsədrlərə ehtiyacımız yoxdur.

İkincisi, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda iki həmsədr-ABŞ və Fransa Moskvaya qarşı sərt sanksiyalar tətbiq ediblər. ABŞ-la Rusiya az qala bir-biri ilə müharibə vəziyyətindədir. Bütün bunlardan sonra Vaşinqtonla Parisin Moskva ilə birgə hansısa platformada iştirakı mümkün deyil. Bu səbəbdən bir-biri ilə kəskin münasibətlərdə olan bu 3 dövlətin bizim məsələdə də iştirakı real deyil.

Bakı İrəvana birbaşa danışıqlar təklif edib. Ankara da üçüncü vasitəçiyə ehtiyac olmadığını bildirib. İrəvan Bakı ilə birbaşa danışıqlardan çəkinir. Çünki birbaşa danışıqlarda ölkələrin bir-birilərinin ərazi bütövlüyünü və suverenliklərini tanıması bəndi müzakirə olunacaq ki, istənilən iki qonşu dövlət üçün bu normal haldır. Ermənistanın hazırkı hakimiyyəti bəlkə də buna razılaşardı, ancaq radikal müxalifətin cəmiyyəti ona qarşı qaldıracağından ehtiyat edir, üstəgəl, Kreml də Bakı ilə İrəvan arasında normal münasibətlərin formalaşmasının əleyhinədir".

Politoloq hesab edir ki, sülh sazişi imzalanması üçün Minsk Qrupunun vasitəçiliyinin mümkün olmadığı ortada olduğu üçün vasitəçi olmadan iki ölkənin sülh sazişini hazırlayıb imzalaması mövqeyində qalmalıdır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR