İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan məhz həmin ölkələrdə sülh müqaviləsinin imzalanmasını istəmir, ona görə ki...”

 

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sülh müqaviləsi ilə bağlı verdiyi açıqlama müəyyən qədər tələskənlik mənası daşıyır”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edir ki, ilk növbədə hələ ki, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməyib. Bu baxımdan sülhdən danışmaq hələ tezdir:

“Azərbaycan konkret şəkildə məsələyə dair öz mövqeyini ifadə edib və ölkəmizin tələbləri aydındır. Bu tələblər Ermənistan tərəfinə dəfələrlə çatdırılıb. Lakin çox təəssüf ki, rəsmi İrəvan bəyanatlarında sülhdən danışsa da, əməldə bu istiqamətdə addım atmaq istəmir.

Kommunikasiya xətləri açılmadan və Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edilmədən sülh müqaviləsi barədə danışmaq tezdir. Buna baxmayaraq, Ermənistan rəsmiləri tez-tez sülh müqaviləsinin gah imzalanacağı yer, gah da onun ümumi məzmunu və vaxtı barədə açıqlamalarla çıxış edirlər. Bu mənada Ararat Mirzoyanın sülh müqaviləsinin imzalanacağı yer barədə verdiyi açıqlamaları da həmin kontekstdə dəyərləndirmək olar”.

Politoloq sülh müqaviləsinin imzalana biləcəyi ölkələrdən də söz açıb:

“O ki qaldı sülh müqaviləsinin harada imzalana biləcəyinə, burada ən çox təklif olunan ölkə, şübhəsiz ki, Rusiyadır. Bu, kifayət qədər aydın məsələdir. Görünür ki, Ermənistan tərəfi sülh müqaviləsinin Rusiyada imzalanmasından çəkinir və buna qarşı olduğunu açıq şəkildə bildirir. Digər tərəfdən, sülh müqaviləsinin Qərbdə imzalanması məsələsində də Ermənistan tərəfi düşünür ki, bu, Rusiyada qıcıq yarada bilər. Bu isə bir daha göstərir ki, Ermənistanın müstəqilliyi tam şəkildə öz əlində deyil və bu fakt artıq öz təsdiqini tapır. Ermənistan son dövrlərdə Qərb və Rusiya arasında paralel şəkildə siyasət aparmağa çalışır, buna görə də hər iki tərəfi qıcıqlandırmaq istəmir.

Azərbaycan üçün isə bunun əhəmiyyəti yoxdur. Biz qalib tərəfik və Azərbaycanın maraqları nəzərə alınacaqsa, sülh müqaviləsinin harada imzalanması bizim üçün o qədər də önəmli deyil.

Ümumi məsələyə gəldikdə isə, şəxsən elə düşünürəm ki, sülh müqaviləsinin sərhəddə imzalanması daha məqbuldur. Bu, strateji baxımdan daha uyğundur. Çünki hər hansısa bir ölkədə imzalanması həmin ölkənin maraqlarının prosesə qarışmasına səbəb ola bilər. Əgər Azərbaycanın maraqları tam şəkildə təmin olunacaqsa, sülh müqaviləsinin harada imzalanması o qədər də önəmli deyil”.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR