İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan maddi təzminat əvəzinə bizə nələr təklif edəcək?

Azərbaycan ərazilərinin (Qarabağ və Şərqi Zəngəzurun) Ermənistan tərəfindən işğalı nəticəsində 16,2 milyard manat məbləğində ziyan dəyib. Dəyən ziyan Qarabağda və Şərqi Zəngəzurda faydalı qazıntı yataqlarından qanunsuz istifadə, eləcə də ekoloji terror nəticəsində baş verib. Əslində Ermənistan ordusunun və qanunsuz hərbi birləşmələrinin Azərbaycana qarşı həyata keçirdiyi müharibə, terror nəticəsində Azərbaycana yüz milyardlarla dollar miqyasında zərər vurulub.

 “Ermənistanın verəcəyi hesabat barədə fikirlər tərəfimdən dəfələrlə qaldırılıb. Mən dəfələrlə erməniləri bu mövzu haqqında açıq düşünməyə dəvət etmişəm. Bilirəm ki, bir sıra məsələlər hazırda məhkəmələrdədir. Bu proseslər bir müddət uzana da bilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı tanınmış erməni fəal və bloger, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyan deyib. O hesab edir ki, məhkəmədə Azərbaycanın qaldırdığı iddialara Ermənistan cavab verməli olacaq. Elə bu səbəbdən də rəsmi İrəvan sülh təkliflərinə daha isti yanaşmalıdır: “Əgər biz sülh müqaviləsində hansısa danışıqlarda razılaşa biləriksə, o zaman biz bu proseslərdə yumşalma da əldə edə bilərik. Mənim fikrimcə, gələcəkdə Azərbaycanla razılaşdırıb bunu bir sıra biznes strukturlarla, biznes əməkdaşlıqla həll etmək olar”  - deyə Verdyan əlavə edib.

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov isə bildirib ki, İrəvana Zəngəzuru və Bakı üçün vacib olan digər strateji obyektləri verməyi təklif etmək olar ki, bu da işğal dövrünün fəlakətli borclarının silinməsi ilə nəticələnər. Dünya təcrübəsində də təzminatın ərazi ilə əvəzlənməsi faktları var. Ekspertlər hesab edir ki, əgər Ermənistanın pulu varsa, pul verəcək. Yoxdursa, sovet dövründə aldıqları torpaqların bir qismini təzminat formasında bizə qaytara bilərlər.

Fikrət Yusifov: "Qarşıda bizi ciddi bir təhlükə gözləyir"

Fikrət Yusifov: “Azərbaycan tərəfi üçün bu məsələnin həllinin bir variantı olacaq, o da...”

Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov bu məsələnin həllində bir yol görür: “İlk öncə onu deyək ki, Ermənistan Azərbaycana hər hansı bir formada təzminat ödəmək niyyətində deyil və bunun baş tutmaması üçün qarşıdakı illərdə mümkün olan və olmayan bütün vasitələrdən istifadə edəcək. İstisna etmirəm ki, paralel olaraq 100 il bundan öncə baş vermiş "erməni soyqırımı" məsələsini ortaya atıb, Türkiyədən təzminat tələb edəcəklər və bununla da Azərbaycana təzminat ödəmək məsələsini çıxışı tapılmayan labirintə çevirməyə cəhd göstərəcəklər. Onlar belə məsələlərdə “ustadırlar” və bunu məharətlə etməyə qadirdilər. Odur ki, biz Ermənistanın gələcək belə davranışlarını indidən önləməliyik. Artıq iki ildən çoxdur ki, yazıb təklif edirik ki, Azərbaycan hökuməti Qarabağ ərazilərimizdə Ermənistanın hərbi birləşmələrinin törətdikləri dağıntıların beynəlxalq aləmdə tanınmış təşkilatlar vasitəsilə qiymətləndirilməsi işini təşkil etməlidir. Hökumət eyni zamanda dünyada hər kəsin tanıyıb, qəbul etdiyi belə təşkilatlar tərəfindən dəymiş ziyanın hesablanmasına dair işlərin aparılması barədə beynəlxalq mətbuatda geniş təbliğat işi aparmalıdır. Biz erməni vəhşiliyi nəticəsində Azərbaycana dəymiş zərərin miqyasını bütün dünyaya göstərməliyik. Bu olduqca vacibdir. Hətta beynəlxalq aləmdə bu işin təbliğatı Xocalı faciəsinin təbliğatından da 10 dəfələrlə artıq aparılmalıdır. Yalnız bundan sonra əldə ediləcək məhkəmə qərarlarının hansı yollarla icra ediləcəyi barədə düşünülməlidir. Yollar dedikdə, onlar çox deyil. Azərbaycan tərəfi üçün bu məsələnin həllinin bir variantı olacaq. O da Ermənistan ərazisinin bir hissəsinin Azərbaycana ödənilməli olan kompensasiya ilə əvəzləşdirilməsi ola bilər. Başqa yol mümkün deyil".

Əli Orucov: "AXCP ilə Müsavat biri-birinə potensial rəqib kimi baxırlar"

Əli Orucov: “Ermənistanın özü təzminat olaraq Azərbaycanın tərkibinə verilməlidir”

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bildirdi ki, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini 30 il işğalda saxlaması nəticəsində vurduğu maddi zərərin həcmi 350-400 milyard dollar həcmində qiymətləndirilir: “İşğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılmış, yaşayış məskənləri yer üzündən silinmiş, təbii ehtiyatlar və faydalı yataqlar amansızcasına istismar edilmiş, həmin ərazilərdən qovulmuş soydaşlarımızın bütün əmlakları əllərindən alınmış, ekosistemə ciddi zərər yetirilib, ümumiyyətlə, hətta yararlı torpaq sahələrini belə daşıyıb aparıblar. Azərbaycan 20 faiz ərazisində həm də külli miqdarda gəlirlərdən olub. Əgər həqiqətən də beynəlxalq hüquq və ədalət Ermənistana qarşı obyektiv qərar çıxarmalı olsa, nəinki Ermənistanın bir hissəsi, ümumilikdə Ermənistanın özü təzminat olaraq Azərbaycanın tərkibinə verilməlidir. Çünki işğalçı dövlətin vurduğu zərər yüz milyardlarla dollar həcmindədir. Belə bir məbləğin ödənilməsinə isə İrəvanın heç vaxt imkanı çatmaz. Azərbaycanın Ermənistanı beynəlxalq məhkəməyə verməsi tam ədalətli və düzgün yanaşmadı. Ermənistan da anlayır ki, beynəlxalq məhkəmə nə qədər qeyri-obyektiv qərar çıxarmağa, yaxud da tərəf saxlamağa çalışmalı olsa da, işğalçı dövləti cəzasız qoya bilməyəcək. Odur ki, indidən hansısa yollarla bu məsuliyyətdən canını qurtarmağa çalışır”.

Politoloq bir vacib məqama da toxundu: “Burada bir nüansı da nəzərdən qaçırmamaq lazımdır. Ermənistan 30 il Azərbaycanı işğal altında saxlasa da, işğal altındakı əraziləri talasa da dünya ictimaiyyəti buna reaksiya verməyib. Ən yaxşı halda deklirativ mövqe ilə kifayətlənilib. Avropa Məhkəməsinin Laçın dəhlizi ilə bağlı qərarından da görünür ki, beynəlxalq hüquq heç də həmişə obyektivliyə deyil, siyasi maraqlara əsaslanır. Bununla belə, ümid edirəm ki, Ermənistan işğalçılığına və talançılığına görə mütləq cavab verməlidir. Bəli, təzminat ödəməlidir. Dünya təcrübəsində belə hallar var. Lakin Zəngəzur dəhlizi məsələsi yaxın vaxtlarda öz həllini tapmalıdır. Bu, 2020-ci il noyabr bəyanatında əldə edilmiş üçtərəfli razılaşmanın şərtlərindən irəli gəlir. Bu şərtlər yerinə yetirilməlidir. Erməni cəmiyyətində sağlam düşünə bilən tək-tük insanlar anlayırlar ki, Azərbaycanla əlaqələr qurmaq onları gələcək daha ağır fəsadlardan qurtara bilər. Həm də bundan qazana bilərlər. Əks təqdirdə, Ermənistan bədəl ödəməkdən qaça bilməyəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR