İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan KTMT və Avrasiya Birliyindən qovula bilər

Rəsmi İrəvanın şantajı ona baha başa gələ bilər; Paşinyan ölkəsində Rusiya bazasının olduğunu “unudur”; ekspertlərdən ilginc açıqlamalar

“Amerikalıların İrəvana necə dağıdıcı fanatizmlə yanaşdığını görürük”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “USAİD-in rəhbəri, rusofobiyası ilə tanınan Samanta Pauer və bu yaxınlarda Ermənistanı Qərbə yönləndirdiklərini açıq şəkildə bəyan edən dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim respublikaya gəldi.

Daxil olan məlumatlara görə, Vaşinqton və Brüssel İrəvanı KTMT-dən çıxmağa, NATO ilə əməkdaşlığı sürətləndirməyə, hərbi-texniki əməkdaşlığın istiqamətini dəyişməyə inandırır. Bu məqsədlərə çatmaq üçün tələskən qərblilər öz insan haqları dəyərlərini unudublar. Bütün bunlar Ermənistanda nümayişçilərin təqiblərinə, döyülməsinə və həbsinə göz yuman növbəti psevdodemokratiyadır. Biz həmişə demişik ki, dövlətin daxili işlərini dövlət özü həll etməlidir. Amma ABŞ İranda bir nümayişçi görübsə, Yerevanda nə baş verdiyini görməlidir. Mitinqlərin davam edəcəyi təqdirdə təhdid edilən müxalifətin taleyinin necə olacağını görmək istəmirlər. Bu, artıq ikili standartlar deyil, standartların olmamasıdır”. Qeyd edək ki, ölkənin KTMT-də üzvlüyünün dayandırılması barədə qərar yalnız Kollektiv Təhlükəsizlik Şurası tərəfindən verilə bilər. 2012-ci ilin iyununda Özbəkistan KTMT-dən çıxmaq barədə nota dərc edib və ertəsi gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndəsi bildirib ki, heç bir ölkə onu dərhal tərk edə bilməz. Çünki bunun üçün nizamnaməyə uyğun olaraq altı ay əvvəl xəbərdarlıq tələb olunur. Üzvlüyün sadə bir “dayandırılması” nizamnamədə nəzərdə tutulmur. Yalnız idarəetmə şurası iştirakçı ölkə üçün cəza olaraq belə bir qərar qəbul etdikdə üzvlük dərhal dayandırıla bilər.

Bu arada, məlum olub ki, Ermənistan KTMT-yə daimi və səlahiyyətli nümayəndə təyin etmək niyyətində deyil. Modern.az xəbər verir ki, bu barədə “Factor.am” nəşri öz mənbələrinə istinadən yazıb. İrəvan təşkilatdakı daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqov geri çağırıldıqdan sonra onun yerinə başqasını təyin etməmək qərarına gəlib. Nəşrin məlumatına görə, KTMT-də səfir postu vakant qalacaq.

Qeyd edək ki, sentyabrın 5-də Viktor Biyaqov Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılıb və Ermənistan Respublikasının Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Əslində bu qərar Ermənistanın diplomat sarıdan çatışmazlıq sindromu ilə üz-üzə qalması mənasını vermir. Sadəcə, İrəvan Qərbdəki havadarlarından daha çox dəstək qazanmaqdan ötrü belə bir qərar vermişdi. Təsadüfi deyil ki, son günlər Ermənistana yardımların ayrılması istiqamətində hərəkətlənmə müşahidə olunur. N.Paşinyan bu dəstəyin siyasi anlamda da davam etdirilməsinə nail olmaq, kürsüsündə möhkəmlənmək niyyətindədir. Ancaq o da bəllidir ki, Ermənistanı bu halı ilə tezliklə NATO-ya, yaxud Aİ-yə qəbul etməyəcəklər, bununla bağlı açıqlamalar da vaxtaşırı verilir. Bu mənada, heç şübhəsiz, rəsmi İrəvanın şantajı ona baha başa gələ bilər. Bəzən belə təsəvvür yaranır ki, Nikol Paşinyan ölkəsində Rusiya bazasının olduğunu “unudur”.

Yada salaq ki, Özbəkistan 1999-2006-cı illərdə KTMT-yə üzvlüyünü artıq yarımçıq qoymuşdu, lakin nümayişçilərin gülləbaran edilməsindən və Əndicanda qiyamın yatırılmasından və Qərbin bu hadisələrə kəskin reaksiyasından sonra Daşkənd təcili olaraq bloka qayıtdı. Qarabağ hadisələri fonunda hakimiyyətin bu cür strukturların effektivliyinə dair bütün ritorikalarına baxmayaraq, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyəcək. TASS ekspertləri deyib ki, Ermənistan rəhbərliyi KTMT-dən çıxmaq qərarı verərsə, bu, siyasi və iqtisadi mənada İrəvana baha başa gələ bilər. “Ola bilsin ki, münasibət tamamilə yenidən nəzərdən keçiriləcək. KTMT-nin bütün üzvləri Aİİ-nin üzvləridir. KTMT Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün müdafiə çətiridir. Ermənistan KTMT-dən çıxsa, əsas məsələ bu olacaq”, - deyə agentliyin analitiki vurğulayıb. Beləliklə, hərbi-siyasi müstəvidən əlavə, proses Ermənistanda sosial-iqtisadi vəziyyəti ciddi şəkildə çətinləşdirə bilər. Ekspertlər Ermənistanın NATO-ya daxil olmasını hipotetik fərziyyə adlandırıb. Vurğulanıb ki, Şimali Atlantika Alyansının üzvü olan Türkiyə Ermənistanın ya bu istiqamətdə atdığı hər hansı addımın qarşısını almağa çalışacaq, ya da İrəvandan bəzi ciddi güzəştlər alacaq. “Ermənistanın buna hazır olub-olmayacağı böyük sualdır”, - deyə analitik yekunlaşdırıb. Bu iddialarla bağlı ekspertlərimizin maraqlı fikirləri var.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında əminliklə bildirdi ki, Ermənistan asanlıqla Rusiyadan uzaqlaşa bilməyəcək: “Ermənistan Rusiyanın Cənubi Qafqazda son forpostudur. Kreml forpostunu əlində saxlamaq üçün bütün gücünü səfərbər edəcək. Doğrudur, Rusiya hazırda enerjisini və resurslarını Ukrayna müharibəsində xərcləyir. Ancaq Kreml Ermənistan uğrunda mübarizədən asanlıqla əl çəkməyəcək. Digər tərəfdən, ABŞ və ya Fransa olsun, bu ölkələrin Ermənistanda Rusiyanı əvəz etməsi problematikdir”. Siyasi ekspert qeyd etdi ki, Ermənistanın NATO-ya üzv olması da mümkün deyil: “Birincisi, buna NATO üzvü Türkiyə imkan verməz. İkincisi, Ermənistan NATO standartlarına cavab vermir. Ona görə də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək istəsə belə, başqa təhlükəsizlik sisteminə üzv ola bilməyəcək. Baş nazir Nikol Paşinyanın Rusiyanın hərbi bazasını çıxarması da çətin olacaq. Ermənistan Rusiyanın əvəzinə ölkədə ABŞ-ın hərbi bazasını yaratmaq istəsə, İrəvan Rusiya ilə yanaşı, İranla da münasibətləri gərginləşdirəcək”. E.Şahinoğlu iqtisadi amilləri də unutmamağı məsləhət görür: “Bundan başqa, Rusiya Ermənistana ucuz qaz satır. Ermənistan Rusiyadan uzaqlaşmağa çalışmaq istəsə, həmin ucuz qazdan da məhrum olacaq”. Eyni zamanda politoloq xüsusi vurğuladı ki, əslində Ermənistanın Rusiyadan uzaqlaşmaq istəyi Azərbaycanın da maraqlarına cavab verir: “Rusiyanın Cənubi Qafqaza təsir imkanları nə qədər azalsa, bu bölgənin və bölgə ölkələrinin xeyrinədir. Azərbaycan özü də ordusunu NATO standartları əsasında formalaşdırır. Azərbaycan Ordusunun Türkiyə ordusunun modeli əsasında formalaşması buna xidmət edir. Ancaq Azərbaycan Ermənistandan fərqli olaraq, heç bir ölkədən və təşkilatdan təhlükəsizlik təminatı tələb etmir. Biz nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüyük, nə də NATO-ya üzv olmaq istəyirik. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırarsa, bölgədə əməkdaşlıq yolları tapılarsa, Ermənistanın da kimdənsə təhlükəsizlik təminatı yalvarmasına ehtiyac qalmayacaq. Ancaq bunun üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması lazımdır”.

AbzasMedia - Qafar Çaxmaqlı: "Erməni dilini bilmək ermənilərlə işləmək üçün  vacibdir"

Qafar Çaxmaqlı 

Ermənişünas alim, professor Qafar Çaxmaqlı qeyd etdi ki, Ermənistanın KTMT-də qalma və çıxma məsələsi yeni məsələ deyil: “Artıq 3 ildən çoxdur ki, bu məsələ müxtəlif səviyyələrdə müzakirə olunur. Keçənlərdə Paşinyandan soruşanda ki, "Ermənistan KTMT-dən çıxırmı?" - o, belə cavab vermişdi: “KTMT Ermənistandan çıxır”. Bu, o demək idi ki, Ermənistanın bu hərbi təşkilatda heç bir çəkisi yoxdur və onun varlığı da bir şey ifadə etmir. Hadisələrin sonrakı gedişləri də göstərdi ki, bu təşkilatda Ermənistanın yalnız adı var və onun təşklatın daxilində arzu və istəkləri Rusiyanın icazə verdiyi qədər nəzərə alınır..." Q.Çaxmaqlının sözlərinə görə, belə bir durumda Ermənistanın bu hərbi ittifaqdan çıxıb NATO-ya girmə olayı bir az qeyri-ciddidir və Rusiya icazə verməsə, Ermənistan KTMT-dən addımını qırağa ata bilməz: “Həm də nizamnamə ilə bu haqqa sahib deyil. Təbii ki, Amerika Rusiyanı zəiflətmək tədbirlərindən biri kimi Ermənistanın NATO-ya girməsi kimi bir siyasəti dövriyyəyə buraxır, nəbz yoxlaması keçirir. Bütün bunlar Ermənistan adlı dövlətin nə dərəcədə oyuncaq olduğunun göstəricisidir. Bu ölkədəki siyasət adamları anlamırlar ki, KTMT-dən çıxmaq mümkün deyil və bu, baş verərsə, Ermənistan hansı bədəlləri ödəyə bilər. NATO-ya girmək də ayrıca bir sürəc istəyir. Ermənistanın bu meylinin hansı nəticələr verəcəyini hesablamır. Bir sözlə, dövlət adlanan bu oyuncaq qurum bizlərə "sürprizlər"lə dolu bir tarix yaşatmaq istəyir..."

Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural  İsmayılov

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov hesab edir ki, Azərbaycanın apardığı fəal diplomatiya sayəsində Ermənistanın manevr imkanları daralıb: “Azərbaycan KTMT-nin üzvü olan ölkələrlə kifayət qədər uğurlu münasibətlərə malikdir. Eyni zamanda rəsmi Bakı bu dövlətlərlə bir sıra başqa təşkilatların nəzdində əməkdaşlıq edir. Bundan əlavə, KTMT-yə üzv olan ölkələr Ermənistanın hazırkı hakimiyyətini təşkilat əleyhinə fəaliyyət göstərən, eləcə də "sorosçu"ların əmrlərini yerinə yetirən qüvvə kimi görürlər. Paşinyan KTMT liderləri tərəfindən ciddi siyasətçi kimi qəbul olunmur". T.İsmayılov hesab edir ki, son görüşdən sonra Ermənistanın KTMT-dən çıxması ilə bağlı çağırışlar daha da artacaq: “Bu gün hər kəs fərqindədir ki, İrəvan Qərbdən gələn təzyiqlər fonunda bu təşkilatı tərk etməyə çalışır. Nikol Paşinyanın addımları da onun KTMT-yə lazımsız təşkilat kimi yanaşıb, nifrət etdiyini göstərir. Ümumilikdə, KTMT-ni tərk etmək Ermənistanın təşkilata üzv ölkələrlə onsuz da olmayan əlaqələrini daha da sıfırlayacaq. Məsələn, Belarus, Qazaxıstan kimi ölkələrin Ermənistanla iqtisadi-ticari əlaqələri yox səviyyəsindədir. Bu ölkələrin İrəvanla yeganə dialoq platforması məhz KTMT idi. Ermənistan bu təşkilatdan ayrıldıqdan sonra həmin ölkələrlə əlaqələrinin tamamilə dayanması ehtimalı mövcuddur. Həm də Avropa İttifaqı və NATO-ya Ermənistanın inteqrasiyası indiki məqamda əsla reallaşacaq bir hadisə deyil”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR