Onlayn ictimai-siyasi qəzet
Ermənistan köhnə ampluasındadır. Bir daha əmin olursan ki, rəsmi İrəvanın sülh ritorikası boşboğazlıqdan savayı bir şey deyil. Bədnam qonşumuz yaxın keçmişdə və yan-yörəsində yaşananlardan, başına gələnlərdən ciddi nəticə çıxarmaq, ona N qədər bəla-müsibət gətirmiş xəstə təfəkkürdən və ideologiyadan qurtulmaq istəmir.
Yoxsa Ermənistan rəhbərliyi iki gün öncə İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlər Şurasının qəbul elədiyi “İstanbul bəyannaməsi”ndən və qətnamələrdən, özəlliklə “indiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamədən xoflanmazdı. Gəldik mətləbə.
Bəllidir ki, həmin sənədlərdə Azərbaycanın sülh müqaviləsi ilə bağlı haqlı mövqeyi və iki tələb-şərti, həmçinin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdış haqqı dəstəklənir, İrəvan bu yöndə konstruktivliyə və real addımlar atmağa çağırılır, Xocalı soyqırımı xatırlanır. Ermənistan XİN-i isə bu yanaşmanı “təhrif olunmuş və birtərəfli mövqe” adlandırır, mətndəki “Qərbi Azərbaycan” ifadəsini isə yenə özünə qarşı ərazi iddiası kimi yozur, Xocalı genosidini növbəti dəfə, rəsmən danır, 60-a yaxın ölkəni faktiki surətdə beynəlxalq hüquqa hörmətsizlikdə (!) ittiham edir...
Diqqət edin, bunu on illərlə qonşu ölkənin 20 faiz ərazisini işğal altında saxlamış, konstitusiyasında hələ də Azərbaycana və Türkiyəyə qarşı torpaq iddialarının qaldığı təcavüzkar ölkənin XİN-i bəyan edir! Halbuki Azərbaycan konstitusiyasında qədim türk torpaqlarında yaradılmasına rəğmən, “Ermənistan” adlı süni dövlətə ərazi iddiası yoxdur. Bizim “Əsas Qanun”umuzda Ermənistanın hər hansı bölgəsinin adı çəkilmir. Azərbaycanlıların öz tarixi yurd yerlərinə qayıdışı isə ərazi yox, elementar insan haqları məsələsidir.
Hələ harasıdır, İrəvan Bakını utanmazcasına Qarabağda “etnik təmizləmə” aparmaqda ittiham edir. Cəmi 20 ay öncə dünyanın gözü qarşısında baş vermiş könüllü köçü “etnik təmizləmə” adlandırmaq üçün doğrudan da gərək vicdanını da, məntiqini də itirəsən. Əvəzində isə qonşu ölkə XİN-i azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulmasını dinc köç kimi qələmə verir. Sən demə, soydaşlarımızı gül-çiçəklə yola salıblar, onlar hətta öz evlərinin rahatca satıb və ya mübadilə ediblər. Burdan-bura yenə də ağ yalan, heyrət doğuran riyakarlıq...
Beləcə, Xocalıda, digər tarixi yurd yerlərimizdə çoxsaylı soyqırımları, etnik təmizləmələr, ekosidlər, urbisidlər, digər bəşəri və müharibə cinayətləri törətmiş bir millət və onun saxta dövləti böyük barışıq naminə düşmənçilik səhifəsini qapatmaq, bizdən üzr istəmək yerinə Azərbaycana yenə meydan oxuyur, iftira atır, daşdan keçən faktları, sübutları görməzdən gəlir, altdan-altdan hücum silahları ilə silahlanır.
Sadalananlar İrəvanın sülh ritorikasının gerçəklə heç bir bağlantısının olmadığına, iqtidarlı-müxalifətli erməni cəmiyyətinin “çəhrayı arzularla” yaşamağa davam etdiyinə şəkk-şübhə saxlamır. Öz cinayətlərini etiraf etməyən və onlardan dərs götürməyən bir ölkə və ya toplumla sülh içində yaşamaq mümkünmü?..
“Ermənistanın İslam mədəni irsinə hörmətli və qayğıkeş münasibəti hamıya məlumdur və asanlıqla sübuta yetirilə biləndir”.
Bu cəfəng iddia da Ermənistan XİN-in bəyanatındandır.
Ermənilərin islami dəyərlərə və mədəni irsə göstərdiyi “sayğını” 30 illik işğal dövründə hamı, eləcə də müsəlman ölkələri gördü. Məscidlərin əksəriyyətini yerlə bir edən, “Allah evləri”ndə donuz, inək saxlayanlar yəqin haylar yox, yadplanetlilər imiş. Soyqırımlara gəlincə, SSRİ dağılan kimi monoetnik dövlətə çevrilən Ermənistan əslində etnik təmizləmədən danışmağa haqqı çatan ən axırıncı ölkədir - o da əgər çatırsa...
İrəvan həm də utanmazcasına “İstanbul Bəyannaməsi” və qətnamələrinə imza atan dövlətləri öz mövqeyinə bir daha baxmağa və imzalarını qəti şəkildə geri çəkməyə çağırıb. Bunlara heç cür çatmır ki, yalan-palanlarla, uydurma tarixlə dövlətləri və xalqları aldatmaq dövrü keçib. Bu - 2 milyard əhalisi olan islam dünyasının mövqeyi.
Və sonda. Əgər İrəvana həqiqətən ədalətli sülh lazımdırsa, onu yalnız özü üçün istəməməlidir. Obrazlı desək, yarımçıq hamiləlik olmur. O ya var, ya da yoxdur. Ərdoğanla görüşdən təzəcə qayıtmış Nikol Paşinyanın davam edən təhlükəli sülh oyununun altını yalnız o və onun xalqı çəkəcək...
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ