Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Səbəb dünyada müdafiə sənayesi mallarının qiymətindəki artımdır”
2024-cü ildə Ermənistan Müdafiə Nazirliyinin büdcəsi 7,3% artacaq. Bunu Ermənistanın maliyyə naziri Vaqe Ovannisyan hökumətin iclasında deyib. “2024-cü ildə Ermənistan Müdafiə Nazirliyinin xərclərini təmin etmək üçün 555 milyard dram (təxminən 1,5 milyard dollar) ayrılacaq”, - o bildirib. Onun sözlərinə görə, bu, 2023-cü illə müqayisədə 37,7 milyard dram (97,4 milyon dollar) və ya 7,3% çoxdur. Aydındır ki, Ermənistan Azərbaycanla silahlanma yarışında ayaqlaşa bilməz. O zaman İrəvan nədən ildən-ilə kasad büdcəsindən hərbi xərclərini artırır? Bu vəsaitləri böyük sosial-iqtisadi layihələrə yönəltməkdən niyə vaz keçir?
Bəs bu rəqəm Ermənistana hücum ordusu qurmaq üçün nə dərəcədə kömək ola bilər? Kapitulyant ölkəyə buna nail olmaq üçün nə qədər zaman və vəsait lazım ola bilər?
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, kapitulyant ölkənin hərbi xərclərini artırması hücuma meylli orduya keçidlə əlaqədar deyil: “Bu gün Azərbaycan da hərbi büdcəni artırıb. Bütün dünyada dövlətlər hərbi xərclərini artırırlar. Buna səbəb isə müdafiə sənayesi mallarının qiymətindəki artımdır. Bəzi məhsullar var ki, qiymətləri 2 dəfə, bəzilərinin isə 20-30 faiz civarında qiyməti artıb”.
Hərbi ekspert deyir ki, eyni zamanda hərbi qulluqçuların məvacibləri, saxlama xərcləri də artıb. Bu artımlar da son nəticədə büdcədən hərbi xərclərə yönləndrilən vəsaitin artırılmasını şərtləndirib: “Silahların qiymətində artım, əmək haqlarında artım bütün ölkələri müdafiə xərclərini artırmağa sövq edir. Ermənistan hərbi xərclərə büdcədən 7.3 faiz deyil, 10 faiz də vəsait yönləndirsə, ordunun silah-texnika parkını köklü şəkildə mükəmməlləşdirə bilməz. Bu məbləğlər strateji silahların alınmasına yetərli deyil. Hesab etmirəm ki, Ermənistan hücuma meylli ordu haqda düşünür. Çünki 2-ci Qarabağ savaşı illüziyalar içində itib-batan Ermənistan hərbi-siyasi rəhbərliyi üçün "soyuq duş" effekti yaradıb. Başa düşüblər ki, hərbi qüvvələrin balansı, imkan və qabiliyyətlər, eləcə də müdafiənin təşkili ilə bağlı yanılıblar. 21-ci əsrdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsini 3-5 dəfə üstələyib; bəzi illərdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən daha çox olub. Yəni Ermənistan dövlət büdcəsindən milyonları digər istiqamətlərə xərcləsə, özü üçün xeyirli olar. Bunun üçün sərsəm iddialarından əl çəkməli, revanşist qüvvələri bir şəkildə neytrallaşdırmalıdır".
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ