Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurası tərəfindən mandat verilmiş, lakin təşkilat adından danışmayan ekspertlər Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində dinc sakinlərə qarşı sistemli zorakılıqlar, o cümlədən seksual xarakterli işgəncələr həyata keçirdiyini bildiriblər.
Ekspertlərin açıqlamasına görə, bu cinayətlər Moskvanın “qəsdən və sistemli qorxutma siyasətinin” bir hissəsidir. BMT-nin işgəncələr məsələləri üzrə xüsusi məruzəçisi Elis Cill Edvards qeyd edib ki, sənədləşdirilən hallar “daha geniş və yaxşı sənədləşdirilmiş mənzərənin yalnız kiçik bir hissəsini təşkil edir”. Onun sözlərinə görə, buraya zorlamalar, zorlanma ilə hədələr, alçaldıcı rəftar və digər iyrənc əməllər daxildir. AFP bu açıqlamanı sitat gətirib.
Edvards vurğulayıb ki, Rusiyanın Ukraynada törətdiyi zorakılıqlar təkcə cəbhə bölgəsi ilə məhdudlaşmır, işğal altındakı yaşayış məntəqələrində də qadın və kişilərə qarşı “aydın şəkildə seksual xarakter daşıyan çoxsaylı hücumlar” qeydə alınıb.
Bu faktlar tarixdə faşistlərin II Dünya müharibəsi dövründə işğal olunmuş ərazilərdə törətdikləri vəhşilikləri xatırladır. Mariupol, Buça və digər işğal olunmuş Ukrayna şəhərlərində dinc sakinlərə qarşı kütləvi zorakılıq hadisələri Hitlerin ordularının mülki əhaliyə qarşı törətdiyi qətliamlarla müqayisə edilir.
Eyni zamanda, Ermənistan silahlı birləşmələrinin Azərbaycanda törətdikləri vəhşiliklər də diqqətə gətirilir. Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən qətliam, qadınların zorlanması, uşaqlara və qocalara işgəncə verilməsi beynəlxalq cinayətlərin ən ağır nümunələri kimi tarixə düşüb. Bu faktlar da göstərir ki, Moskvanın bu gün Ukraynada tətbiq etdiyi metodlar, erməni silahlı dəstələrinin Azərbaycanda həyata keçirdiyi cinayətlərlə eyni mahiyyət daşıyır.
BMT ekspertləri bildirirlər ki, sənədləşdirilən hallar gerçək mənzərənin yalnız bir hissəsidir. Ukraynanın işğal olunmuş ərazilərində çoxsaylı qurbanların hələ üzə çıxarılmadığı, çoxlu faktların isə hələ də təsdiqlənmə mərhələsində olduğu qeyd edilir.
Beləliklə, beynəlxalq hüquq müstəvisində Rusiyanın Ukraynada törətdiyi cinayətlər təkcə hərbi işğal deyil, həm də insanlığa qarşı yönəlmiş genişmiqyaslı zorakılıqlar kimi qiymətləndirilir.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ