Onlayn ictimai-siyasi qəzet
Ceyhun Məmmədov: “Ermənilər tarixi şansdan düzgün istifadə edərək münasibətlərin normallaşmasına çalışmalıdırlar”
Son günlər ermənilərlə birgəyaşayışla bağlı müzakirələr daha da intensivləşib. Ölkə başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını yüksək qiymətləndirir. Hətta günahı olanlara qarşı da amnistiya tətbiq etmək niyyətindədir. Yəni mümkün olanın ən maksimal variantlarını Azərbaycan Prezidenti təklif edir.
“Artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib. Dövlət başçısı əminliyini ifadə edib ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. “İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Prezident digər çıxışında isə deyib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik. Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı”.
Milli Məclisin deputatı Elman Nəsirov da mediaya açıqlamasında deyib ki, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən sərbəst keçid artıq təmin olunub və bu keçidin təmin edilməsi bir sıra həqiqətləri üzə çıxarıb: “Əvvəllər Ermənistanın təbliğat maşını belə bir dezinformasiya yayırdı ki, guya Azərbaycanın Qarabağda yaşayan ermənilərə aqressiv münasibəti var, onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirilə bilər. Ümumiyyətlə, Qarabağdakı erməni əhalinin Azərbaycana reinteqrasiyası mümkün deyil, çünki orada onları çox sərt cəza tədbirləri gözləyir və həqiqətə daban-dabana zidd olan bu kimi digər informasiyalar yayırdılar. Amma Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir, ölkəmizdə bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Deməli, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra eyni hüquqlara malik olacaqlar.
Bəs görəsən, azərbaycanlılarla ermənilərin birgə yaşaması mümkündürmü? Hər iki ölkənin əhalisi bir-birlərinə qarşı tolerant mövqe nümayiş etdirə biləcəklərmi?
Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, tarix boyu xalqlarımız bir yerdə yaşayıb və Azərbaycanın müxtəlif bölgələrində ermənilər olub: “Azərbaycan xalqı tarix boyu öz tolerantlığı, digər din və mədəniyyətlərə hörmət etməsi ilə seçilib. Tarix boyu Azərbaycanda bu ənənələr mövcud olub. Bu ənənələr qorunub saxlanılıb. Düşünürəm ki, sülh müqaviləsi imzalandıqdan sonra da biz bir yerdə yaşaya bilərik. Bu daha çox Ermənistanın özündən asılıdır. Bu məsələdə Azərbaycandan asılı olan çox şey yoxdur. Biz bütün xalqlarla yaşaya biliriksə, bütün dinlərin nümayəndələri ilə bir yerdə yaşaya birliksə, ermənilərlə də yaşaya bilərik. Bu ermənilərdən asılıdır. Bizə qarşı düşmənçiliyə, bizə qarşı apardıqları təbliğata, nifrətə son qoymalıdırlar. Əgər onlar bu yolu seçsələr, onlar Azərbaycan xalqına qarşı düşmənçilik davam etdirməsələr, onlar azərbaycanlılara qarşı kin və nifrətin təbliğindən əl çəkə bilsələr, fikrimcə, bu mümkündür”.
Deputat əlavə edib ki, ermənilər bu tarixi şansdan düzgün istifadə edərək münasibətlərin normallaşmasına çalışmalıdırlar: “Əgər çalışarlarsa, biz qarşımıza qoyulanı müəyyən hədəf və məqsədlərə nail olarıq. Əgər buna çalışmazlarsa, doğru addım atmazlarsa, bu istiqamətdə heç bir iş olmazsa, əlbəttə nəticə yaxşı olmayacaq. O baxımdan prosesə baxanda bu mümkün kimi görünür. Bu, bütövlükdə bölgəyə sülhün gəlməsinə, bölgədə xalqların sülh və tolerantlıq mühitində yaşamasına öz müsbət və ciddi töhfəsini verə bilər. Bu istiqamətdə addımların atılması da qeyd etdiyimiz prosesin normallaşmasına, birgəyaşayışın daha da möhkəmlənməsinə ciddi töhfə verə bilər”.
Yazını hazırladı: Afaq MİRAYİQ
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ