Onlayn ictimai-siyasi qəzet
“Anklavların verilməsi bir çox riskləri ehtiva edir, lakin əsas təhlükə ondan ibarətdir ki, bu, Bakı və Ankaranın iştahını azaltmayacaq”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Karen Bekaryana məxsusdur.
Erməni politoloq Azərbaycanın Qarabağ üzərində nəzarəti tam bərpa etdikdən sonra anklavlarla bağlı yeni tələblər irəli sürdüyünə, həmçinin “Qərbi Azərbaycan qaçqınları” məsələsini gündəmə gətirdiyinə diqqət çəkib. Onun sözlərinə görə, Ermənistan tərəfi bunun müqabilində əks addım atmır:
“Məsələn, Ermənistan tərəfi Azərbaycanın tələblərinə cavab olaraq Başkənd məsələsini, həm də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən “Ermənistan əraziləri” (Azərbaycanın qanuni torpaqları - red.) məsələsini qaldırmır”.
“Qarşıdurma olmadan, Ermənistanın maraqları lazımi səviyyədə qorunmadan Azərbaycanın iştahının artmasına qarşı durmaq mümkün olmayacaq, çünki Bakı yeni nəsə fikirləşəcək. Bu anklavlar Ermənistan üçün strateji yollarda yerləşib, bu da həmin yolların faktiki olaraq Azərbaycan tərəfinin nəzarətində qalması anlamına gələcək”, - deyə Bekaryan bildirib.
Bekaryan hakim elita nümayəndələrinin bu strateji yolların başqa marşrutla əvəzlənə biləcəyi ilə bağlı bəyanatlarını qeyri-ciddi hesab edir.
“Görünür, ya onların coğrafiya müəllimi olmayıb, ya da sadəcə olaraq bu fənni öyrənməyiblər. Amma bu, sadəcə təəssüratdır, əslində onlar nəyə qarışdıqlarını çox gözəl başa düşürlər”, - deyə Karen Bekaryan qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ