İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Amerikadan HİMARS almaq röyası

Ermənistanın o silahları almağa imkanı yoxdur, krediti qaytarmaq gücü də sıfıra bərabərdir, o halda necə silah əldə edəcəklər?

“ABŞ Azərbaycana qarşı özünü müdafiə etmək üçün Ermənistana silah satmağı nəzərdən keçirir”. “Yeni Müsavat” bildirir ki, bu barədə ABŞ Erməni Milli Komitəsi (ANCA) facebook hesabında məlumat paylaşıb. Qeyd olunur ki, 1991-ci ildə Ermənistan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq amerikalı siyasətçilər - Konqresdəki hər iki partiyanın daimi təzyiqi altında Ermənistana özünü müdafiə etmək üçün Amerika silahlarını satmağı düşünürlər.

Amerika Erməni Assambleyasının təşəbbüsü ilə təşkil olunan onlayn görüş zamanı konqresmen Ceki Speyer də maraqlı fikirlər söyləyib. ABŞ hökumətinin Ermənistana hərbi dəstək verməyə hazır olmasının əhəmiyyətli olduğunu vurğulayan erməni kökənli konqresmen bunları deyib: “Lakin biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik. Ona görə də müəyyən mənada əlimiz-qolumuz bağlıdır”. O, Ukraynanı misal çəkərək Ermənistanın da bu ölkənin yolu ilə gedəcəyinə və Rusiyaya qarşı müqavimət göstərəcəyinə ümid etdiyini bildirib.

“ABŞ Azərbaycana silah tədarükünün qarşısını almaq üçün nə edə bilər” sualına konqresmen cavab verib ki, 907 saylı qətnaməni nəzərə alaraq, yaxın gələcəkdə Azərbaycana maliyyə ayrılmayacaq. Bu kontekstdə Konqresdə anti-Azərbaycan qüvvələr sərhəddəki gərginlikdən yararlanaraq Ağ Ev hökumətinə sorğular göndərməkdə davam edirlər. Ermənipərəst konqresmenlər sorğularda bilmək istəyirlər ki, ABŞ-ın  Azərbaycana etdiyi hərbi yardımlardan sərhəddəki əməliyyatlarda istifadə edilibmi?  O da məlumdur ki, ABŞ Konqresinin sədri Nensi Pelosinin Ermənistana səfəri və orada reallıqlardan kənar açıqlamaları ilə yanaşı bir məqam xüsusi olaraq qabardıldı. Vaşinqtonun Ermənistanı silahlandırması ilə bağlı bəyanatlar artıq ABŞ siyasi dairələrində müzakirəyə çıxarılır. Əsasən də bu məsələdə Amerikadakı erməni lobbisi xüsusi canfəşanlıq göstərir. Bütün vasitələrlə çalışırlar ki, buna nail olsunlar. Konqresmenin dedikləri isə bir daha təsdiqləyir ki, ABŞ-ın Ermənistanı ikinci Ukraynaya çevirmək planı var. Konqresmenin Ukraynanı misal çəkərək Ermənistanın da bu ölkənin yolu ilə gedəcəyinə və Rusiyaya qarşı müqavimət göstərəcəyinə ümid etdiyini deməsi bu iddiaları doğruldur. Konqresmenin silahların Rusiyanın əlinə keçə biləcəyi haqda dedikləri də maraq doğurur. Bu o deməkdir ki, ABŞ bu silahların həm də Rusiyaya verilməyəcəyinə əmin də deyil.

Paşinyan isə Amerikanın silahlandırması müzakirələrindən ruhlanaraq Rusiyaya üstüörtülü ittihamlar səsləndirib. “Bəzi ölkələr, o cümlədən respublikanın müttəfiqləri yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər. Halbuki bunun üçün ilkin sifariş verilib” - Ermənistanın baş naziri Nikol Paşinyan belə deyib. “Bizdə elə hallar olub ki, yüz milyonlarla dollar ödənilib, lakin tədarüklə bağlı öhdəliklər yerinə yetirilməyib. O cümlədən müttəfiq ölkələr tərəfindən də bu öhdəliklərin yerinə yetirilmədiyi hallar olub. Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”, - deyə Paşinyan Ermənistan parlamentinin iclasında qeyd edib. Ermənistan mətbuatının iddiasına görə, Paşinyanın nitqində nəzərdə tutulan ölkələrdən biri Rusiyadır. Ermənistanın 400-600 milyon dollar arası ödəniş etməsinə baxmayaraq, Moskvanın müqavilə üzrə nəzərdə tutulmuş hava hücumundan müdafiə, reaktiv yaylım atəş sistemləri və bir çox digər silahları bu ölkəyə vermədiyi bildirilir. Bax, bu mövqedən çıxışlar İrəvanın Vaşinqtondan silah almaq niyyətini ortaya qoymağa hesablanmış ola bilərmi?

Oxu.az - Aydın Mirzəzadə iradlara cavab verdi: “Onlara quru “sağ ol” deyim?”

 Aydın Mirzəzadə

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, belə fikirlər Amerikadakı erməni diaspor tərəfindən ortaya atılır. Deputatın sözlərinə görə, onlar maksimum Ermənistanın silahlandırılması mövzusunu böyütməyə çalışırlar: “Lakin bir məqam var - Ermənistanın o silahları almağa imkanı yoxdur, krediti qaytarmaq gücü də sıfıra bərabərdir, o halda necə silah əldə edəcəklər? İkincisi, Amerikanın burada nə marağı var? Digər tərəfdən, ABŞ-Rusiya-İran münasibətləri gərgindir, istər-istəməz bu silahlar veriləndə həmin ölkələrə qarşı yönəldiyi təsəvvürü yaranacaq. Üstəlik, Ermənistan KTMT üzvüdür və Amerikanın onu silahlandırması ciddi fikir ayrılığı yarada bilər, nəticədə İrəvanın həmin blokdan çıxmasına gətirib çıxarar”.

A.Mirzəzadə qeyd etdi ki, üstəlik, silahların Rusiyanın əlinə keçməsi ehtimalı var: “Məncə, bütün bunlar siyasi müzakirədir, nəinki praktiki işdir. Sadəcə, noyabr seçkilərinə görə Ermənistan mövzusu tez-tez gündəliyə çıxarılır, Pelosinin əhəmiyyəti olmayan İrəvan səfəri baş tutur, Ermənistana dəstək bəyanatı verilir... - bütün bunlar ermənilərin səsini qazanmaq cəhdi idi. Ancaq bunun əks təsirini hesablayan analitik mərkəzlər var və  səslənən fikirləri seçkiqabağı müzakirə hesab etmək olar. Bununla belə, erməni millətçi dairələri Ermənistanın Amerikanın peykinə keçməsini istəmirlər. Ancaq Ermənistan Rusiyanın hesabına yaranıb, müstəqillik dövründə də onun dəstəyini görüb. Erməni siyasətçilər ABŞ-ın orbitinə keçmək istəyə bilər, amma fəsadları nədən ibarət olacaq, bax, nədənsə bu haqda fikirləşmək istəmirlər”.ə

Azad İsazadə: “Rusiyanın hərbi təlimləri ətraf ölkələrə güc nümayişidir” -  MÜSAHİBƏ

Azad İsazadə

Hərbi analitik Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, qarşımızda Ukrayna nümunəsi var: “Gözümüzün qabağındadır ki, Ukraynanı necə ləng və natamam silahlandırırlar. Müharibə başlamayana qədər Amerika Kiyevə silah vermirdi. Sadəcə, bir-iki silah verirdi, istifadə edə bildiyini görəndə yenilərini tədarük edirdi. Eyni hal Ermənistanla yaşana bilər. Burada əsas məsələ silahdan istifadə etmək bacarığıdır”. Hərbi ekspertin sözlərinə görə, gəlin yaddan çıxarmayaq ki, regionda Türkiyə amili var: “Düşünmürəm ki, Ankaranın razılığı olmadan Vaşinqton risk edib erməniləri silahlandırsın. Yəni ağır silahların veriləcəyini gözləmirəm, amma hansısa yardımlar mümkündür. Sadəcə, ABŞ-da noyabrda Nümayəndələr Palatasına seçkilər olacaq, məncə, bu ərəfədə konqresmenlər tərəfindən göstərilən fəaliyyətdir. İstənilən halda buna qarşı tədbirlərimiz olmalıdır”.

“ABŞ son zamanlar diaspor fonunda bölgədə aktivlik göstərir. Amerikanın Cənubi Qafqazda fəallığı müşahidə edilməkdədir və məqsəd Rusiya ilə bağlıdır. Ona görə istər silahlandırma müzakirələri, istər digər addımlar siyasi məqsədlər daşıyır. Sadəcə, unutmaq olmaz ki, Amerika uzaqdır, Rusiya yaxındadır. Ona görə Vaşinqtonun addımları təhlükəli addımlardır. ABŞ silahlandırmağa söz verə bilər, bu da Rusiyanı neytrallaşdırmağa hesablanmış siyasətdir. Ancaq müasir silahlardan istifadə faktorunu nəzərdən qaçırmaq olmaz. Ermənistanın hərbi potensialı Rusiya məktəblərini oxuyub, onun silahlarını öyrəniblər. Ona görə ABŞ-ın real addım atmasını gözləmirəm”, - bu fikirləri isə qəzetimizə polkovnik Şair Ramaldanov açıqladı. Onun sözlərinə görə, ABŞ-ın Ermənistanı silahlandırması illərlə çəkə bilər ki, həmin texnika bölgəyə gəlib çıxsın: “Sadəcə, İrəvanın o silahları almağa elə maliyyə imkanı da yoxdur. Silah bazarında ən bahalısı Amerika istehsalıdır. Ona görə Ermənistanın yaxın zamanlarda Amerika silahı alacağını, yaxud Pentaqonun hədiyyə edəcəyini gözləmirəm. Bu ölkə həmişə Rusiyanın təsiri altında olub. Hətta Moskvaya qarşı addım atmaq istəsə belə, iqtisadiyyatı rusların girovundadır. O səbəbdən Ermənistan ehtiyatlı siyasət yürüdəcək. Üstəlik, Amerikanın bu addımları münaqişəni alovlandıra bilər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR