İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Qarabağı tərk edir, basdırdıqları minalar isə təhlükə saçır

3 min 393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub!

İkinci Qarabağ müharibəsindən sonra 300-ə yaxın Azərbaycan vətəndaşı ermənilərin mina terrorunun qurbanı olub. Təəssüf ki, bu rəqəmin gələcəkdə artacağı istisna deyil. Çünki ermənilər minaları basdırarkən bütün hiylələrdən istifadə ediblər. Təkcə 2021-ci ildə işğaldan azad edilən ərazilərdə Ermənistanda istehsal olunmuş 2 min 728 mina aşkarlanıb və zərərsizləşdirilib. Bunların 1119-u Azərbaycan və Ermənistan arasında sərhəd ərazisində, Kəlbəcər və Laçın rayonlarında, 1609-u isə Qarabağ İqtisadi Rayonunun ərazisində aşkarlanıb. 

Ümumilikdə isə 1-ci Qarabağ müharibəsi dönəmindən bu günə kimi Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3 min 393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadındır. 10 noyabr 2020-ci il bəyanatından ötən 3 ilə yaxın müddətdə Ermənistan mina terrorunu bir gün da olsun dayandırmadı. Əvvəlcə Ermənistan hakimiyyəti “mina xəritələri”nin olmasını dandı, daha sonra Azərbaycanın tələbi qarşısında guya bəzi “mina xəritələri”ni təqdim etdi, ancaq məlum oldu ki, onlar yalançı, saxta xəritələrdir, reallığı əks etdirmir.

Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki şəhər və rayonları yalnız işğal altında saxlamaqla kifayətlənməyib, işğalçılar insanlarımızın həyat və sağlamlığına zərər vermək məqsədilə həmin əraziləri kütləvi şəkildə minalayıblar. Vətən müharibəsi başa çatandan Azərbaycanın qarşısına qoyduğu əsas vəzifələrdən biri də məhz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. İndiyədək 20 faizdən çox ərazi minalardan təmizlənib. Proses bu gün də sürətlə davam etməkdədir.

Bəs 2023-cü ilə planlar necədir? Təmizləmə işləri daha sürətlə aparıla biləcəkmi? Minalardan tam qurtulacağımız tarix təxminən məlumdurmu?

Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, işğaldan azad edilən ərazilərdə avqust ayında Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 972, tank əleyhinə 1020 mina və 1121 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 5264,14 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bildirilib ki, xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Bundan əlavə, nazirlik tərəfindən alınan “GCS-200" markalı, kənardan idarə edilən, müasir minatəmizləyən robotlar işğaldan azad edilmiş ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsi işlərində istifadə olunur. Robotlar məsafədən idarəetmə pultuna malikdir. Robotlar iki kovuşdan ibarətdir - biri piyada əleyhinə minadan təmizləmə üçün, digəri isə tank əleyhinə olan minalardan təmizləmək üçün istifadə edilə bilir. Robotun ən əsas göstəricilərindən biri odur ki, bir saat ərzində ərazinin xüsusiyyətləri imkan verdiyi təqdirdə 1500 kvadratmetr ərazini minalardan təmizləyə bilir. Bir robotu idarə etmək üçün bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri olur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür. Prosesə istehkamçılarla bərabər, xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir. Düşmən qadağan olunan üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.

Qeyd edilib ki, azad olunan ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi zamanı ermənilərin qadağan olunmuş üsullardan istifadə etdikləri məlum olub. Bütün çətinliklərə baxmayaraq, ərazilərin diqqətli şəkildə təmizlənməsi prosesi aparılır: “Düşmən qadağan olunan üsullardan istifadə etməklə ərazilərin minalanması zamanı heç bir standart və norma gözləməyib. Buna görə də ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir”.

Ədalət Verdiyev: Hərbi məsələlərə zəruri miqdarda maliyyə vəsaitinin  ayrılması Prezidentin ordu quruculuğuna qayğısının göstəricisidir - AZƏRTAC

Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a deyib ki, Azərbaycan hazırda minatəmizləmə əməliyyatını öz hesabına keçirir: “Azərbaycan bu məsələdə Türkiyə və Britaniya ilə əməkdaşlıq etsə də, bu fəaliyyət ölkəmizin dövlət büdcəsi hesabına gerçəkləşir. Azərbaycan bu işdə daha çox xorvatiyalı mütəxəssislərin xidmətindən yararlanır. ANAMA, Müdafə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar və Sərhəd Xidmətinin mina təmizləmə heyətləri işğaldan azad olunan ərazilərdə üzərinə düşən işləri tam həcmdə yerinə yetirirlər. Minatəmizləmə kifayət qədər çətin və riskli prosesdir”. Hərbi ekspert bildirib ki, prosesin yaxın 1-2 il ərzində yekunlaşacağına inanmır. Dünyada heç bir ölkə münaqişədən sonrakı 15-20 ərzində minalanmış əraziləri minalardan və partlamamış hərbi sursatlardan tam olaraq təmizləyə bilməyib: “İndiki templəri nəzərə alsaq, Azərbaycan ən yaxşı halda 25-30 ilə bu prosesi yekunlaşdıra bilər. Bu prosesin yekunlaşması üçün cənab Ali Baş Komandan 25 milyard manat vəsaitə ehtiyac olduğunu da deyib”.

Hərbi ekspert Azərbaycan vətəndaşlarının Qarabağ ərazisində düşmən tərəfindən basdırılan minalara düşmələri hallarına da toxunub: “Hara gəldi, necə gəldi mina basdırıblar. Bu gün də mina xəritələrini verməkdən yayınırlar. Bu baxımdan, insanlarımız Qarabağ əraizisində çox ehtiyatlı hərəkət etməli, mina və partlamamış hərbi sursatla rastlaşanda toxunmadan bu haqda müvafiq orqanlara məlumat verməlidirlər. Minalardan qorunmaq üçün ərazilərin işarələnməsinə gəlincə, bu halda bütün Qarabağ ərazisi işarələnməlidir. İnsanlara dəfələrlə xəbərdarlıqlar olunur ki, mina təhlükəsi olan ərazilərə səfərlərdən çəkinsinlər. Bundan başqa, bəzən insanlarımız işarələnmiş, mina təhlükəsinin olması xəbərdarlığına məhəl qoyulmadan ərazilərə səfərlər edirlər. Nəticələr isə acınacaqlıdır. 2022-ci ildə işarələnmiş ərazidən 1 metr içəriyə doğru addımlayıb ağacdan nar dərən sürücünün minaya düşməsinin şahidi olduq. Yəni təhlükə hər addımda var, insanlar bunu nəzərə almalıdırlar. Vətəndaşlarımız diqqətli olmalı, işarələnmiş ərazilərə girməməlidirlər. Təhlükəli ərazilərin miqyası hər ötən gün azalır, amma bu, o demək deyil ki, ərazilər tam olaraq minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Vətəndaşlarımız nəzərə almalıdırlar ki, ilə 300 kvadrat kilometr ərazi təmizlənir. Təxminən 10 min kvadrat kilometr mina və hərbi sursatlarla çirklənib. Tam təmizlənmə üçün azı 30 il zamana ehtiyac var”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR