İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Laçını minalayır, sülhməramlılar buna göz yumur - Ordumuz hərəkətə keçsinmi...

Hərbi ekspertlərdən “Ermənilərin çıxması prosesini Azərbaycanın güc strukturları nəzarətə götürsün” çağırışı; “Əraziyə mina basdırmağa cəhd edən, meşələri yandıran cinayətkarlar ya yaxalanmalı, ya da zərərsizləşdirilməlidir”

Ermənilər Kəlbəcəri, Ağdamı və Laçının əsas hissəsini 10 noyabr üçtərəfli bəyanata uyğun olaraq 2020-ci ilin sonunda təhvil verəndə o əraziləri minalayıb, yandırıb getmişdilər. Buna o zaman sülhməramlılar göz yummuşdu. İzahatları da bundan ibarət idi ki, ruslar yeni dislokasiya olunublar, bu səbəbdən də tam nəzarəti təmin  edə bilmirlər. Təbii ki, bütün bunlar bəhanə idi. Rusiya sülhməramlıları əraziyə gələndən cinayətkar erməni separatçılarına cani-dildən dəstək verməkdədirlər. 

İndi də həmin proses Laçında təkrar olunur. Musavat.com-a ən müxtəlif mənbələrdən çatan məlumatlara görə, erməni separatçılar Laçının mərkəzini, Zabux kəndini tərk edərkən, eyni qaydada ərazini minalayırlar. Görünən də budur ki, sülhməramlılar buna göz yumurlar.     

Belə ki, bu iddialara sübut kimi, Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilməsi göz önündədir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.

Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.

Qarabağda terror yuvası DAĞILIR - Laçın 14 gün sonra...

MN xüsusi olaraq qeyd edib ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.

Yəni bu o deməkdir ki, həmin minalar köhnədən deyil, məhz yeni basdırılıb.

Şübhəsiz ki, erməni separatçıları Laçın şəhərini və Zabuxu da minalayırlar. Minaların piyada əleyhinə olması onu deməyə əsas verir ki, hədəf Laçına qayıdacaq mülki azərbaycanlılardır. Paralel olaraq sakinlərin yurdunu xaraba qoymaq üçün təbiəti məhv edirlər. Laçının və Xocalının çevrəsindəki meşə sahələri qəsdən yandırılır. Sülhməramlılar da buna göz yumursa, Azərbaycan öz vətəndaşlarının həyatını qorumaq üçün erməni canilərin köç prosesinin Azərbaycan Ordusunun nəzarəti altında həyata keçirilməsi bir şərtə çevrilir. Dərhal Azərbaycan Ordusu həmin əraziləri nəzarətə almalıdır, ermənilərin mina basdırmasının qarşısı alınmalıdır. Çünki sülhməramlılar bunu etmir. Bunun üçün hüquqi əsaslar var. Hərbi ekspertlər bu barədə nə düşünür? Ordu hərəkətə keçməlidirmi? Olmazmı ki, köç prosesini Azərbaycan Ordusu nəzarətə alsın? Çünki yerə basdırılan minalar Azərbaycanın gələcəyini hədəfə alır və gələcəkdə böyük fəsadlar verəcək. 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatından sonra ermənilər dəfələrlə razılaşmaları pozublar və bu gün də öz çirkin əməllərini davam etdirirlər. Tərk etdikləri Azərbaycan ərazilərini minalamaq, yandırmaq bunun ən bariz sübutudur və cinayətdir: “Ermənilər Kəlbəcər rayonunu Azərbaycana təhvil verəndə də onlara tanınmış 10 gün müddətdən sui-istifadə edib müxtəlif yerlərə minalar basdırmışdılar, evləri və meşələri yandırmışdılar. Kəlbəcərə o qədər çoxsaylı minalar basdırmışdılar ki, bizim hərbçilərimiz uzun müddət həmin minaların təmizlənməsi ilə məşğul oldular. Minalara düşüb həyatını itirən hərbçilərimiz, jurnalistlərimiz oldu. İndi isə Laçından çıxan ermənilər eyni cinayəti törədirlər. Ermənilər son ana qədər Azərbaycana düşmənçilik etmək qərarındadırlar və bunu çəkinmədən nümayiş etdirirlər. Laçında tərk etdikləri yerlərə kütləvi şəkildə minaların döşənməsinin, meşələrin yandırılmasının Rusiya sülhməramlılarının gözü qarşısında baş verdiyi məlumdur.

Polkovnik Rövşən Məhərrəmov: "Ali Baş Komandanın bir əmri kifayətdir ki..."

Rövşən Məhərrəmov

Bu isə bir daha onu ortaya çıxarır ki, sülhməramlı adlanan rus hərbçiləri sülhməramlıya aid vəzifələrini yerinə yetirmirlər. Ermənilər isə bundan istifadə edib daha da azğınlaşırlar. Basdırılan həmin minalar təhlükə mənbəyi, gələcəkdə faciələrin mənbəyi olmaqla yanaşı, onların təmizlənməsi işi Azərbaycanın müvafiq strukturları, hərbçilərimizin işini çoxaldır. Bu işə vaxt, enerji, vəsait sərf olunur. Yəni ermənilər çıxan ərəfədə minalar basdırmasalar, sadalanan problemlər və təhlükələr meydana gəlməz. Ona görə də hesab edirəm ki, qanunsuz məskunlaşan ermənilərin ərazilərimizdən çıxarılması prosesinin Azərbaycan Silahlı Qüvvələrinin və ən azından Daxili Qoşunların, digər müvafiq güc strukturlarının nəzarəti altında həyata keçirilməsi yaxşı olar. Azərbaycan bu məsələni qaldırmalıdır. Əgər qarşı tərəf razılaşmasa xəbərdarlıq olunmalıdır. Bundan da nəticə çıxarılmasa, ordu hərəkətə keçməli, prosesi güc yolu ilə nəzarət altına götürməlidir. Əraziyə mina basdırmağa cəhd edən, meşələri yandıran cinayətkarlar ya yaxalanmalı, ya da zərərsizləşdirilməlidir. Ermənilər nəzarətsiz qalmaqda davam etsələr, gələcəkdə fəsadlara yol aça bilən terror hərəkətlərini davam etdirəcəklər. Rusiya sülhməramlılarının ermənilərin bu terror cinayətlərinə göz yumduğu artıq göz önündədir. Odur ki, biz sülhməramlıların vədlərinə inanmalı deyilik və yenə də antiterror əməliyyatı həyata keçirməli, prosesi nəzarət altına almalıyıq. Ermənistanın minlərlə minanı Azərbaycan ərazisinə göndərməsi və o minaların ərazilərimizdə basdırılması terrordur. Bu, Ermənistanın terrorçu dövlət olduğunu, Azərbaycan ərazilərində qanunsuz yerləşən ermənilərin terror həyata keçirən cinayətkarlar olduğunu sübuta yetirən faktdır”. 

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli isə bildirdi ki, Ermənistan ordusu işğal etdiyi ərazilərdən geri çəkilən zaman ərazinin minalanması kimi cinayəti həyata keçirir. Son günlər isə bu cinayəti Laçın rayonu ərazisində həyata keçirdikləri sübuta yetib: “Aşkarlanan minə yaxın minanın hamısı Ermənistanda son iki ilə yaxın müddətdə istehsal edilmiş minalardır. Minaların Laçın dəhlizi vasitəsilə gətirildiyi şübhəsizdir. Bu fakt Ermənistan dövlətinin terrorçu dövlət olduğunu, beynəlxalq konvensiyaları pozduğunu bir daha sübuta yetirir. Ermənistan Azərbaycana qarşı terror siyasətini bu gün də davam etdirir. Ermənistanın cəzasızlığı onu daha da şirnikləndirir. Yəni Ermənistana qarşı bu hərəkətlərinə görə hər hansı bir sanksiya, tədbir həyata keçirilmir, heç bir beynəlxalq humanitar təşkilat bu məsələ ilə bağlı reaksiyasını, etirazını bildirmir. Belə məlum olur ki, Ermənistan müharibədən sonrakı iki ilə yaxın müddəti həm də əraziləri minalamaq üçün istifadə edib. Onlar həm də buna görə vaxt udmağa çalışırlar. Ermənistan bu əməllərinə görə beynəlxalq məhkəməyə verilməlidir. Bu, hüquqi tədbir kimi seçilməlidir. İkinci variantda isə ordumuzun hərəkətə gətirilib, növbəti antiterror əməliyyatı keçirməsi mümkün ola bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR