İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni separatizmini dəstəkləyən xarici mediaya qapı göstərmək zamanı - rəylər

Azərbaycan liberallıq göstərərək, bir sıra xarici media orqanlarının ölkədə fəaliyyətinə imkan verir.  Baxmayaraq ki, onlar bir çox hallarda anti-Azərbaycan, anti-dövlət mövqeləri sərgiləyiblər. Ancaq son zamanlar bəzi xarici media orqanları əndazəni aşır və həm yerli, həm də beynəlxalq normaları pozaraq, erməni separatizmini dəstəkləyir, təbliğ edirlər. 

“BBC erməni separatizminin təbliğinə son qoymalıdır”.

Bu barədə Azərbaycan Mətbuat Şurasının son vaxtlar BBC telekanalının ölkəmizlə bağlı yaydığı qərəzli məlumatlara cavab olaraq yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibəti yolverilməzdir. Bu yanaşma xalqımızın iradəsinə və mövqeyinə kökündən ziddir: “Qətiyyətlə bildiririk ki, BBC-nin Qarabağdakı separatçı qüvvələrin təmsilçilərinə efir şansı tanıması, mövcud xüsusda reallığa zidd olan saxta sentimentallıq səhnələrinə yer ayırması dünya ictimaiyyətini çaşdırmaq və onda yanlış rəy formalaşdırmaq cəhdidir.

BBC-nin yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdidi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır. Bu, sülhə və əmin-amanlığa, asayişə və firavanlığa yad təmayüldür. Dünyada məşhur, jurnalist etikası sahəsində örnək sayılan media qurumunun avantürist siyasətin alətinə çevrilməsi böyük təəssüf hissi doğurur.

Cəmiyyətimiz, habelə media ictimaiyyətimiz BBC-nin və onun Azərbaycan xidmətinin jurnalist etikasına son dərəcə laqeyd dəst-xəttini, bu dəst-xətdən irəli gələn ayrı-ayrı məqamları pisləyir, belə hallara qarşı tədbirlərin görülməsini zəruri sayır. Mətbuat Şurası ölkəmizin media cameəsinin baxışlarını, ümumən xalqımızın maraq və mənafelərini ifadə edərək, bu qənaətə gəlir ki, BBC-nin müstəqil Azərbaycanın reallıqlarına hazırkı yanaşması arzuolunmazdır. Ya bu media qurumu üzr istəyərək ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı öyrənməli, səmimi niyyətini əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarmalı, ya da onun Azərbaycan xidmətinin fəaliyyəti dayandırılmalı və akkreditasiyası ləğv olunmalıdır".

Bəhruz Məhərrəmov yeni hakim təyinatlarına münasibət bildirdi

Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov da deyib ki, Prezident İlham Əliyev fəaliyyətində azad medianın roluna xüsusi diqqət yetirib, hətta ittihamçı mövqedən çıxış edən, özünü prokuror kimi aparan qərəzli jurnalistlərə belə təmkin nümayiş etdirərək qeyd olunan haqların Azərbaycanda ən böyük təminatçısı kimi çıxış edib: “Lakin görünən odur ki, "azad media" etalonu kimi təqdim olunan çoxsaylı qlobal informasiya resursları üçün reallıq yox, daha çox lobbi maraqları, sifarişçinin subyektiv niyyəti daha önəmlidir. Bu mənada, təəssüflə böyük potensiala malik “AzadlıqRadiosu”, BBC, “Vaşinqton Post” kimi media nəhənglərinin Qərbin insan haqlarının müdafiəsi adı altında təşkil etdiyi səlib yürüşlərində ən vacib alətləri kimi istifadə olunmasına şahidlik edirik... İspaniyada, Fransada, Gürcüstanda və Ukraynada dövlətlərin ərazi bütövlüyü prinsiplərini bütləşdirən, müqəddəs və toxunulmaz elan edən bu media orqanları Azərbaycana münasibətdə separatizmə açıq və çəkinmədən dəstək verir, hətta sentimental səhnələr quraşdıraraq milli, dini, sosial və digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqat və təbliğat aparırlar. Çox təəssüflər olsun ki, son günlər bu formatda BBC xüsusi “prinsipiallığı” ilə fərqlənir"... BBC başda olmaqla, Azərbaycana və bütövlükdə bölgədə sağlam mühitə qarşı yönəlmiş, sülhü, sabitliyi təhdid edən düşmənçilik fəaliyyəti araşdırılmalı, ən radikal qərarlardan çəkinilməməlidir. Separatçılığı təbliğ edən media orqanlarının Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır".

Qanun nə deyir, separatizmi dəstəkləyən media orqanlarına qapını göstərməliyikmi?

Fikrət Yusifov: “2015-ci ilin sonlarında hökumətin start verdiyi iqtisadi  islahatlar artıq öz nəticələrini verməyə başlayır” | Kaspi.az

Fikrət Yusifov: “Sadəcə, qovmaq lazımdır”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan artıq on illərdir özünün ərazi bütövlüyü məsələsində BBC kimi informasiya vasitələrinin dünyaya nümayiş etdirdiyi ədalətsizliklərə şahidlik edir: “Heç nəyə təəccüblənmək lazım deyil. Biz otuz ildən artıqdır ki, Qarabağ torpaqlarımızla bağlı dünya birliyinin ədalətsiz mövqeyi ilə üz-üzəyik. İş o yerə gəlib çatıb ki, bizim kütləvi informasiya vasitələrində ermənilərin etdikləri əməllərlə bağlı yazılar və çıxışların sosial mediada paylaşımı zamanı, erməni sözünü xüsusi işarə ilə yazmaq məcburiyyətində qalmışıq. Ancaq bu sosial şəbəkələrdən Azərbaycanın ünvanına yağdırılan böhtanlar, bir qrup sapı özümüzdən olan və Qərbə tulalıq edən yaramazlar Azərbaycanın dövlət rəhbərlərini küçə söyüşləri ilə təhqir etsələr də, onlara "gözünüz üstündə qaşınız var" deyən yoxdur. Bu, Qərb dediyimiz coğrafiyanın qırmızı xətdən yuxarı “inkişaf edə bilmiş” reallıqlarıdır.

Bu gün bu məsələdə biz öz mövqeyimizi qətiyyətlə ortaya qoymalıyıq. Bitmiş bir fikri normal ifadə edib, ana dilində danışmağı bacarmayan küçə adamlarına Azərbaycanın Qarabağ məsələsindəki haqlı mövqeyinə qarşı çıxışları təşkil edənlər kimlərdi? BBC, “Vaşinqton Post” kimi kütləvi informasiya vasitələri öz dövlətlərinin beynəlxalq aləmdə yürütdükləri siyasəti dəstəkləyirlər. Onlar bu dövlətlərin 30 ildə Qarabağ məsələsində sözdən o tərəfə keçmədiklərini gördüklərindən belə davranırlar. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Qərb dövlətləri, işdə Azərbaycanın içərisindəki separatizmi dəstəkləyirlər, Azərbaycanla Ermənistan arasındakı Laçın yolu sərhəd keçidini keçmişdəki karvan yoluna çevirməyə cəhd göstərirlər. Sərhəd-keçid məntəqəsi qoyulana qədər ermənilərin bu yolla Qarabağ torpaqlarımıza mina və digər silah-sursat daşıdıqlarını onların gözünə soxsaq da bunu görməzdən gəlirlər. Bir sözlə, onlar bu məsələdə haqsız olduqlarını yaxşı anlasalar da haqsızlığı dəstəkləmək yolunu seçiblər.

Qərb bu gün YouTube, Facebook və digər sosial media vasitələri ilə Azərbaycana qarşı “Səlib yürüşü”nə çıxıb. Biz bir dövlət və bir millət olaraq bunun qarşısına çıxmalıyıq. Erməni sözünün işlədilməsinə görə səhifələri bloklayan bu kimi sosial şəbəkələrin Azərbaycanda yayımlanmasının məhdudlaşdırılması və ya tamamilə dayandırılması yollarını axtarıb tapmalıyıq.

Tənqid etmək hər kəsin haqqıdır. Biz heç vaxt buna qarşı ola bilmərik. Ancaq təhqir etmək, aşağılamaq - bunu bağışlamaq olmaz. Hesab edirəm ki, xüsusi xidmət orqanlarımız dövlətimizə, onun rəhbərliyinə və onun ailə üzvlərinə qarşı əxlaqı ayağının altında olan bir sürü yaramazın layiqli cavabını vermək yollarını  tapmalıdır. Bütün oyun qaydalarını pozan bu əxlaqsız zümrəyə lazım gəldikdə elə oyun qaydalarını pozaraq layiq olduqları cavab verilməlidir. Bir başqa yol isə sosial şəbəkələrdəki belə çıxışlara qarşı kütləvi etirazların təşkilindən keçir. İnanıram ki, bir yaramazın yaratdığı kanal vasitəsilə etdiyi aşağılayıcı və təhqir dolu çıxışa on minlərlə etiraz göndərilərsə, o kanal həmən bloklanacaq. Biz bunu belələrinə qarşı dəfələrlə etdikdən sonra isə onlar başa düşəcəklər ki, etdikləri yaramazlıqların sonu yoxdur. Eyni zamanda bu sosial şəbəkələrin sahiblərinə onların şəbəkələrinin Azərbaycanda yayımlanmasının dayandırılması xəbərdarlığını etmək lazımdır. Bu xəbərdarlıqdan nəticə çıxarılmadığı təqdirdə, həmin şəbəkələrin fəaliyyəti başlanğıcda 3 gün tam bloklanmalıdır. Belə xəbərdarlıq işləmədikdə isə bu bloklanma ikinci mərhələdə 10 gün, üçüncü mərhələdə isə 30 gün davam etməlidir. Hesab edirəm ki, Azərbaycanda heç kim bu günlər ərzində YouTubesiz, Facebooksuz informasiya aclığından əziyyət çəkməyəcək. Baxın, Qarabağ torpaqlarımızda ermənilər “dörd aydan çoxdur ki, aclıq keçirirlər, ancaq orada hələ ki acından ölən bir nəfər də yoxdur”.

Bir sözlə, hər birimiz anlamalıyıq ki, Azərbaycan dövlətinin başında dayanan şəxsin ünvanına söyüş, Azərbaycan xalqının ünvanına edilən söyüşdür. Prezidenti xalq seçib. O, bu xalqın  və bu dövlətin təmsilçisidir. Biz bir xalq olaraq buna qarşı öz sözümüzü deməyə borcluyuq. Bu söyüşü təşkil edənlər, onu söyənlər isə hər şeyini itirmiş axırıncı adamlardır.

O ki qaldı BBC kimi Azərbaycan həqiqətlərini ayaqları altına qoyan telekanalların buradakı fəaliyyətinə, onları buradan, sadəcə, qovmaq lazımdır. Kimsə deyə bilər ki, biz onları buradan qovsaq gedib ermənilərin yanında dayanacaqlar - onlar zatən ermənilərin yanındadırlar. Azərbaycanda oturub bizə qarşı həqarət yayımlamalarındansa, gedib bunu Ermənistandan etsinlər. Bu halda onların söylədiklərinin mahiyyəti tam başqa olacaq".

Oxu.az - Qulu Məhərrəmli kafedra müdiri oldu - FOTO

Qulu Məhərrəmli: “Biz onların fəaliyyətini məhdudlaşdırsaq...”

Media eksperti Qulu Məhərrəmli isə fərqli düşünür: “Hadisələrin gedişatı göstərir ki, çox mürəkkəb informasiya müharibəsi gedir. Ənənəvi olaraq, erməni diasporu, yaratdıqları lobbi dünyanın aparıcı informasiya kanallarını öz tərəflərinə çəkə bilib. Bunlar göz qabağında olan faktlardır. Burada bizim üçün əsas olan odur ki, doğru nəticələr çıxaraq və buna uyğun şəkildə addımlarımızı taktiki baxımdan düzgün ataq. Məsələn, Mətbuat Şurasının BBC-nin mövqeyinə münasibəti hesab edirəm ki, çox normal addımdır. Düşünürəm ki, bu cür etirazlar bizim ictimai təşkilatlar, QHT-lər, Avropa ilə işləyə bilən qurumlar tərəfindən BBC-nin icraçı direktoruna və ilk növbədə, həm də onların yayım şurasına yazılmalıdır ki, öz prinsiplərini tapdalayırlar. Amma sözün açığı, dünyanın aparıcı informasiya orqanlarının buradakı fəaliyyətinə məhdudiyyət qoymaq, onların fəaliyyətini dayandırmaq kimi addımları indiki vaxtda doğru hesab etmirəm. Niyə? Ona görə ki, onsuz da hələ onlar burada ola-ola bu cür yanlışlıqlar yazırlar. İndi təsəvvür edin ki, biz onların fəaliyyətini məhdudlaşdırsaq, ölkədən çıxarsaq, daha hansı addımlar ata bilərlər. Ona görə çox ağıllı, düşünülmüş bir dialoq yolu tapılmalıdır. Mənə elə gəlir ki, həmin yollardan biri buradakı nümayəndəliklərin, beynəlxalq media orqanlarının müxbirlərinin diqqətini Ağdam-Xankəndi yoluna cəlb etmək, Azərbaycanın atdığı addımların mahiyyətini onlara izah edib çatdırmaq lazımdır. Onlarla kollegial və fərdi şəkildə işləmək, gerçəkləri çatdırmaq vacibdir. Bunun üçün həm rəsmi qurumların materiallarından, həm də "Turan" İnformasiya Agentliyi kimi müstəqil media orqanlarının materiallarından istifadə etmək lazımdır. Burada diplomatik nümayəndəliklərlə işimizə diqqət etməliyik. Yanan odun üstünə benzin tökmək yox, həmin odu necə neytrallaşdırmaq haqqında düşünməliyik. Bizdə Qarabağ müharibəsi yeni başlayandan eynən Rusiya televiziyaları, qəzetləri bu cür yalanlar, qərəzli materiallar dərc edirdilər, verilişlər göstərirdilər. Bu, cəmiyyəti çox qıcıqlandırırdı. Ona görə də, məncə, çox düşünülmüş taktika lazımdır. Xarici media ilə işləyən ictimai təşkilatların və müstəqil şəxslərin fəaliyyətini biz gücləndirməliyik ki, məlumat birbaşa onlardan getsin. Onların fəaliyyətini dayandırmaq hər zaman mümkündür. Amma indiki halda hesab edirəm ki, doğru olmazdı”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR