Onlayn ictimai-siyasi qəzet
Azərbaycan dövləti tarixi mərhələdən keçir. Hazırda həm Azərbaycan, həm də Cənubi Qafqaz regionunu üçün bir dövr sona çatır, digər mərhələ isə yalnız bundan sonra başlayır. Bu yeni dövrün həm Azərbaycanın, həm də bütövlükdə regionun inkişaf perspektivləri üzərində indeksləşəcəyi qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Azərbaycan dövləti artıq yeni pozitiv inkişaf çağırışlarına tam hazır olduğunu təsdiqləyib.
Məsələ ondadır ki, Azərbaycanın və Cənubi Qafqazın inkişaf perspektivləri regional münaqişə ucbatından ciddi əngəllərlə üzləşirdi. Bir tərəfdən Ermənistanın onilliklər boyu davam edən işğalçılıq siyasəti, digər tərəfdən isə erməni separatizmi və terrorizmi bu regionda sülhün və əmin-amanlığın bərpasını bloklayırdı. Və bu, birmənalı şəkildə Cənubi Qafqazın əsas probleminə çevrilmişdi.
Azərbaycan dövləti onilliklər ərzində regional münaqişənin sülh danışıqları yolu ilə nizamlanması üçün bütün imkanları sınaqdan çıxartdı. Nəhayət, məlum oldu ki, Ermənistan işğalçılıq siyasətində israrlı qalmaq niyyətindədir. Və sülh danışıqları yolu ilə regional münaqişə ocağını zərərsizləşdirmək mümkün olmayacaq.
Nəticədə rəsmi Bakının səbri tükəndi. Çünki Azərbaycan dövləti Cənubi Qafqazın inkişaf perspektivlərinin erməni terrorizminin girovuna çevrilməsinə imkan verə bilməzdi. Ona görə də, 2020-ci ildə tarixi qərar verildi, Cənubi Qafqazın əsas probleminin hərbi yolla həlli ön plana çıxarıldı. Və indi artıq heç bir şübhə yeri qalmayıb ki, rəsmi Bakı ən doğru qərarı verib.
Məsələ ondadır ki, dünyanın üç nəhəng dövlətinin - ABŞ, Rusiya və Fransanın təmsil olunduğu ATƏT-in Minsk Qrupunun 30 il ərzində nizamlaya bilmədiyi problemi Azərbaycan ordusu cəmisi 44 gündə həll etdi. Ermənistan tərəfindən onilliklər boyu işğal altında saxlanılan Azərbaycan əraziləri azad edildi. Azərbaycanın ərazi bütövlüyünü bərpa olundu. Və II Qarabağ savaşının başlanmasından ötən 44 gün ərzində Ermənistan biabırçı kapitulyasiya aktını imzalayaraq, məğlubiyyətini etiraf etdi.
Azərbaycan ordusunun bu tarixi qələbəsi həm dünya, həm də region üçün böyük əhəmiyyət daşıyır. Çünki bu tarixi zəfər BMT-nin imicini də xilas etdi. Ermənistan kimi kiçik bir dövlət onilliklər boyu BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etmirdi. Azərbaycan ordusu isə öz hərbi qələbəsi ilə Ermənistanı buna məcbur buraxdı. Yəni, Azərbaycan ordusu həm də BMT Təhlükəsizlik Şurasının funksiyalarını öz üzərinə götürmüş oldu. Və bu nüfuzlu beynəlxalq qurumun üzərindəki "qara ləkə"ni də müəyyən mənada, təmizlədi.
Azərbaycan ordusu 44 gün ərzində 30 illik problemi həll etməklə, bütün dünyaya, eləcə də, erməni toplumuna tarixi mesaj verdi. Beynəlxalq siyasi iradə mərkəzləri anladılar ki, Cənubi Qafqazda "erməni faktoru"nun artıq hər hansı geopolitik perspektivi qalmadı. Azərbaycan ordusu bu "perspektivi" tarixin arxivinə "dəfn" etdi. Və Azərbaycan dövlətinin Cənubi Qafqazın şəriksiz geopolitik iradə sahibi olduğunu bütün dünyaya bəyanladı.
Digər tərəfdən, erməni toplumunun son iki yüz il ərzində qurduğu "xəyalları" da birdəfəlik boşa çıxartdı. Ermənistan cəmiyyəti Azərbaycan ərazilərini əbədi işğal altında saxlayacağına, hətta yeni torpaqlar ələ keçirəcəyinə inanırdı. Hətta II Qarabağ savaşı ərəfəsində Ermənistanın müdafiə naziri "yeni müharibə, yeni torpaqlar" iddiası ilə çıxış etmişdi. Və Azərbaycan ordusu erməni toplumunun bütün bu ümidlərinı aradan qaldırdı.
Son vaxtlara qədər Ermənistan cəmiyyəti 44 günlük savaşdan sonra Azərbaycan ərazisində "boz zona"nın mövcudluğu ilə təskinlik tapmağa çalışırdı. Həmin "boz zona"da rus sülhməramlıların sayəsində özlərini toxunulmaz hesab edən erməni separatçı-terrorçular Ermənistan cəmiyyətində bir çoxlarının "xəyallar"ını qidalandırmaqda davam edirdi. Rəsmi Bakı dəfələrlə reinteqrasiya təklif etsə də, erməni separatçılar bundan imtina etdilər. Ardıcıl təxribatlarla situasiyanı daha da gərginləşdirməyə üstünlük verdilər.
Böyük ehtimalla erməni separatçı-terrorçular Ermənistanın beynəlxalq himayədarlarının dəstəyinə və rus sülhməramlıların müdafiəsinə ümid bəsləyirdilər. Ancaq anlamaq istəmirdilər ki, onların təxribatları rəsmi Bakının əsəblərini tarıma çəkir və Azərbaycan dövləti ermənilərin beynəlxalq himayədarlarından qətiyyən çəkinmir. Və ona görə də, rəsmi Bakının səbrinin tamamilə tükənməsinə nail oldular.
Nəticədə bir gün ayılıb gördülər ki, Azərbaycan ordusu lokal antiterror tədbirlərinə başlayıb. Ermənilərin beynəlxalq himayədarları isə Azərbaycan ordusunun hərbi əməliyyatlarına qarşı hər hansı bloklayıcı mexanizmlərə malik deyillər. Bu, erməni separatizmi və terrorizmi üçün sonun başlanğıcı anlamına gəlirdi.
Beləliklə, son üç il ərzində rəsmi Bakının reinteqrasiya təkliflərini sabotaj edən erməni terrorçular Azərbaycan ordusu qarşısında cəmisi 24 saat ərzində ağ bayraq qaldırıb, təslim oldular. Artıq erməni terrorçular son 30 il ərzində Azərbaycanlılara qarşı törətdikləri hərbi cinayətlərə görə cavab verməli olduqları mərhələyə məhkum qalıblar. Onların cinayətkar liderləri indi Bakıda törətdikləri cinayətləri etiraf edirlər, istintaq orqanlarına ifadə verirlər. Və bu, tarixi ədalətin qələbəsi anlamına gəlir.
Nəhayət, rəsmi Bakı erməni xəyallarına son nöqtəni də qoymuş oldu. Azərbaycan ordusu Xanın kəndində hərbi parad keçirməklə, yalnız Ermənistan cəmiyyətinə deyil, həm də bütün dünyaya növbəti dəfə tarixi mesaj verdi. Artıq yalnız ermənilər deyil, Azərbaycana qarşı qərəzli və düşmən mövqe tutan beynəlxalq siyasi iradə mərkəzləri də anlamalıdırlar ki, Cənubi Qafqazda geriyə dönüş heç bir halda, olmayacaq. Xankəndi Azərbaycan şəhəridir və əbədi olaraq, belə qalacaq.
Xankəndidə keçirilən hərbi parad hər kəsə növbəti dəfə başa saldı ki, Cənubi Qafqazda "erməni projesi" uğursuz oldu və Azərbaycan ordusu tərəfindən həmişəlik "dəfn" edildi. Bundan sonra Cənubi Qafqaza "erməni faktoru" üzərindən təşrif gətirmək cəhdləri tamamilə mənasızdır və uğursuzluğa məhkumdur. Cənubi Qafqazın geopolitik iradə sahibi Azərbaycan dövlətidir. Bu reallığa əhəmiyyət vermək istəməyənlər üçün Azərbaycanın "dəmir yumruğu" həmişə hazır vəziyyətdə gözləyəcək.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ