Onlayn ictimai-siyasi qəzet
“Bakı və İrəvan arasında danışıqlar prosesinin intensivləşməsi bir çox amillərlə, o cümlədən Ermənistanın Qarabağı Azərbaycanın tərkibində tanıması ilə bağlıdır”.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu siyasi elmlər doktoru, Nikol Paşinyanın keçmiş müşaviri Arsen Qasparyan deyib.
“Azərbaycan və Türkiyə bu şansı əldən verməməyə çalışır, ona görə də danışıqları məntiqi yekunlaşdırmağa - İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sənədi imzalamasına nail olmaq üçün prosesləri intensivləşdirmək məqsədilə bütün vasitəçilərlə fəal işləyəcəklər”, - deyə Qasparyan bildirib.
“İndi baş verənlər Türkiyə və Azərbaycanın hərbi ekspansiyasının siyasi davamıdır”, - deyə erməni politoloq qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” tezisi “iki dövlət, bir güc”ə çevrilib. Qasparyan bildirib ki, danışıqların intensivləşdirilməsi məhz bu siyasi ekspansiyanın təzahürüdür.
“Belə şəraitdə sülhün imzalanması həm də iqtisadi ekspansiyaya gətirib çıxaracaq, çünki Türkiyə-Azərbaycan ittifaqı Ermənistan hakimiyyətinə yerli istehsalı qorumaq üçün tədbirlər görməyə imkan verməyəcək. Gürcüstanın tikinti sahəsində olanlar Ermənistanda nələrin baş verə biləcəyini nümayiş etdirir. Türkiyə-Ermənistan sərhədinin açılması ilə ilk növbədə Ermənistan təsərrüfat subyektləri zərər görəcək. Bu sahələrin türkləşməsi baş verəcək” - deyə Arsen Qasparyan vurğulayıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ