İnsanlara hürriyət, millətlərə istiqlal!

“Erməni lobbisi ilə birləşib Heydər Əliyevin əleyhinə işlər aparırdılar”-Əli Hüseynli  

Milli Məclis sədrinin Birinci müavini Əli Hüseynli parlamentdəki xüsusi iclasdakı çıxışında bildirdi ki, Heydər Əliyevin 100 illiyi və Milli Qurtuluşun 30 illiyi tədbirləri müasir parlamentarizm tarixinin ən parlaq hadisələri kimi yadda qalacaq. 

Musavat.com-un məlumatına görə, vitse-spiker qeyd etdi ki, əgər 30 il əvvəl bu salonda bir qrup vətənpərvər deputat Heydər Əliyevi sədaqətlə müdafiə edirdilərsə, digərləri  özünü xilas etməyə görə, bəziləri də konyunktura naminə çıxış edirdilər: “Bu gün isə Ulu öndər mövzusunda Azərbaycan parlamentinin vahid dövlətçilik mövqeyindən çıxış etməsi həm də müasir dövlət quruculuğumuzun uğurudur. 1993-cü ilin Qurtuluş günü Heydər Əliyevin Bakıya siyasi rəhbərliyə qayıdışı idi. Amma Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı hələ 1990-cı ilin yayında baş tutduğundan qurtuluş gününə dövlət quruculuğu baxımından məhz o tarixi hadisələr fonunda qiymət verilməlidir”.

Ə.Hüseynli bildirdi ki, Heydər Əliyev Sovet rəhbərliyində vəzifədən kənarlaşdırılması ilə həm özünə qarşı, həm də Azərbaycana qarşı qərəzli münasibət paralel başladı: “Onun Sovet Azərbaycanında rəhbər olduğu dövrdə qanuni cəza almış adamlar Moskvada yaşayan bir çox ermənilərlə əlbir olub, onun əleyhinə saxta anonim  məktublar hazırlayırdılar.  Erməni lobbisi bütövlükdə və Azərbaycanda millətinə, xalqına, vətəninə nankor baxan, xain çıxan adamlar fürsətdən istifadə edib erməni lobbisi ilə birləşib Heydər Əliyevin əleyhinə işlər aparırdılar”.

Birinci vitse-spikerin sözlərinə görə, 1990-cı ildə bütün təhdidlərə və təzyiqlərə baxmayaraq, Heydər Əliyev Bakıya qayıdarkən təəssüf ki, Bakıda Moskvadakından daha təhlükəli təqiblərlə üzləşdi: “Heydər Əliyevə qarşı sui-qəsd təhdidləri açıq xarakter aldı və o Naxçıvana yollandı. Beləliklə, Heydər Əliyevin Moskvadan qayıdışı təəssüf ki, o mərhələdə Azərbaycanın qurtuluşu ilə tamamlanmadı”.

Ə.Hüseynli xatırlatdı ki, növbəti mərhələdə məhz Moskvanın təşəbbüsü ilə SSRİ-nin dağıdılması nəticəsində hətta Rusiya Federasiyası belə öz suverenliyi haqqında Konstitusiya Aktını Azərbaycandan əvvəl qəbul etmişdi: “Yəni bu şəraitdə artıq Heydər Əliyev kimi təcrübəli bir dövlət adamının Azərbaycan siyasi rəhbərliyinə qayıdışı vətənimizin qurtuluşu ola bilərdi. Amma təəssüf olsun ki, vaxtilə bu zalda guya Azərbaycanın müstəqilliyi müzakirəsi aparan, əslində isə Qorboçovun yenidənqurma siyasətinin yetişdirdiyi xəyanətkar kommunistlər və cəbhəçilər Heydər Əliyevin əleyhinə birləşmişdilər. Guya Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktını müzakirə edən bu satqınlar əslində Heydər Əliyevin parlament rəhbərliyində təmsil olunmasına imkan verən müvafiq Konstitusiya maddəsinə qarşı çıxırdılar. Bununla da Azərbaycan xalqını bu tarixi qurtuluş imkanından o mərhələdə məhrum etdilər. Məhz buna görə də Sovet respublikalarının müstəqilliklərini elan etməsi fonunda ən faciəvi və acınacaqlı durum məhz Azərbaycanda yarandı. Çünki, 90-cı illərin əvvəllərində postsovet respublikalarında, o cümlədən Qazaxıstanda, Özbəkistanda, Ukraynada təcrübəli şəxslər rəhbərliyə gəldikləri halda Azərbaycanda, öz vətənində Heydər Əliyev kimi dünya masştablı bir şəxsiyyət xalqın istəyinin əleyhinə olaraq ali siyasi rəhbərlikdən kənarda saxlanıldı. Heydər Əliyev isə bütün bu təhdidlərə baxmayaraq burada da cəsarətlə bu milli xəyanətkarların cavabını verirdi. Çünki Heydər Əliyevin gücü başqaları kimi vəzifədə deyil, polad iradəsində və xalqın ona inamında idi”.

Deputat qeyd etdi ki, sonrakı hadisələr isə daha faciəvi oldu: “1992-ci ildə cəbhəçilərin artıq müstəqilliyini bərpa etmiş Azərbaycanı zəbt etməyi ilə bolşeviklərin 1920-ci ildə Xalq Cümhuriyyətini zəbt etməsi arasında mahiyyətcə fərq yox idi. Əyər var idisə bu da əsrin əvvəlində Sovet Azərbaycanının heç olmasa Qarabağı qoruyub saxlamaq bacarığı idi. Bu dəfə isə həm Qarabağ işğal olundu, həm d ölkə iqtisadiyyatı dağıdıldı.

Hörmətli həmkarlar, hələ o zaman Azərbaycan cəmiyyəti birmənalı olaraq o fikirdə idi ki, əgər həmin dövrdə Heydər Əliyev Azərbaycanın rəhbərliyində olsaydı, nə Qarabağ işğal olunardı, nə də ki ölkə müstəqilliyinin ilk illərində böhran yaşamazdı. Təəssüf ki, biz bu tarixi qurtuluş imkanlarından yararlana bilmədik və bunun acı nəticələrini gördük. 1993-cü ilin iyununda isə artıq vətəndaş müharibəsi təhlükəsi yarandı. Şuşanın və Laçının işğalına şərait yaratmaqla hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü bu dəfə 1993-cü ilin iyul-avqust aylarında digər rayonların işğalına şərait yaratmaqla hakimiyyətdə qalmaq kimi mənfur niyyətlərini həyata keçirmək istəyirdilər.  Heydər Əliyev parlament rəhbərliyində olsa da, orduda və yerlərdə real səlahiyyət AXCP-nin və kriminal qruplaşmalarınəlində idi. Bütün bu təhdidlərə baxmayaraq Heydər Əliyev ölkədəki sağlam qüvvələri toplayaraq Qarabağda  1993-94-cü ilin qış aylarında uğurlu hücum əməliyyatı keçirdi. Zaman gəldi, Azərbaycan ordusu bu uğurlu əməliyyatı 2016-cı ilin aprel döyüşlərində təkrarladı və 2020-ci ildə isə Ali Baş Komandan Qarabağı işğaldan tam azad elədi”.  

Ə.Hüseynli bildirdi ki, beləliklə, Milli Qurtuluş Qarabağın işğaldan qurtuluşunun başlanğıcı oldu: Azərbaycan o illərdə özünə yad populist, qaragüruh qüvvələrdən qurtularaq Heydər Əliyev dövlətçilik və azərbaycançılıq təfəkkürünə qayıtdı. Azərbaycan xarici və daxili düşmənlərin müdaxiləsinə son qoyaraq tarixi hadisələrin gedişatını öz təbii axarına qaytardı. Azərbaycan demokratiya şüarları ilə hakimiyyətə gəlmiş diktatura rejimindən qurtulmuş oldu. Azərbaycan xalqı qəlbində yaşatdığı azadlıq və müstəqillik simvolu - Heydər Əliyev ilə yenidən qovuşdu. Heydər Əliyevin qayıdışı və Milli Qurtuluşla nəhayət ki, Azərbaycanda əsl milli müstəqil hakimiyyət quruldu”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR