İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ikiüzlülüyünün yeni antirekordu – Bəs deyirdiz “Qarabağ məsələsi” bitib...

“İtlə dostluq elə, amma çomağı əlindən qoyma”. İndi bu hay tayfası da. Ona qonşu kimi güvənib sözünə inanmaq, arxayınlaşıb öz evində rahat yatmaq mümkünmü? Cavab bəlli. Ermənilərin heç yazılı vədi bir işə yaramır, o ki ola şifahi zəmanəti. 10 noyabr kapitulyasiya sənədinin İrəvan tərəfdən yerinə yetirilməyən 4 və 9-cu bəndlərini yada salın.

Azərbaycanın təhlükəsizliyinə ən etibarlı zəmanəti sözsüz ki, bizim Ermənistandan hərbi və iqtisadi cəhətcə daimi üstünlüyümüz verə bilər. Həm də əzici bir üstünlük. Çünki bu tanıdığımız toplumdusa, nəbadə ondan zəif duruma düşək. Bizi gücsüz, daxilən parçalanmış görən hiyləgər və məkrli düşmənin necə vəhşiləşdiyini, 1918-ci il mart qırğınlarını, Xocalını, Meşəlini, Başlıbeli unutmaq növbəti milli özünəqəsd, yeni fəlakət olar...

Sadəlövhlüyümüzdən, ya başqa səbəbdən yaşadığımız bəlalara qarşı ən təsirli “antidot” isə milli vəhdətdir, faciələr tariximizi detallı sənədləşdirib nəsildən-nəslə ötürməkdir. Əks halda, Ermənistan üzərində nə hərbi-iqtisadi, nə də demoqrafik üstünlüyümüzün faydası olmayacaq. Eyni zamanda, məktəb dərsliklərimizi doğru-düzgün yazmalıyıq ki, gələcəkdə xalq ayıq-sayıqlığını itirməsin. Bu əsla ksenofobiya, irqçilik-zad deyil, adi özünüqoruma instinktidir.

Nə etməli ki, qonşu xalqın xisləti, Türkə patoloji nifrəti dəyişənə oxşamır. Ya da proses olduqca ləng gedir. Erməni ictimai şüurunun müsbətə dəyişməsi üçünsə ən əvvəl onların öz başlarına gələnlərdən dərs götürməsi, səmimi peşmançılığı və tövbəsi gərəkdir. Bundan ötrü qonşulara qarşı yalan, riya, iftira və saxtakarlıqdan, quyu qazmaq vərdişindən əl çəkməli, “göydən yerə enməli”, az qala bütün bəşəriyyəti özünə borclu saymaq mərəzindən, “böyüklük, qədimlik” maniyasından qurtulmalıdırlar...

Yalan və riya demiş, guya ən mötədil hakimiyyət sayılan Paşinyan hökuməti öz xalqını sülhə hazırlamaq əvəzinə, üç ildir müxtəlif bəhanələrlə Bakı ilə yazılı anlaşmadan yayınır. Sülh bəyanatları verə-verə öz kasıb xalqının boğazından kəsib altdan-altdan ölkəsini silahlandırır. Hətta dünən məlum olub ki, İrəvan 700 milyon dollarlıq (!) anlaşma çərçivəsində tezliklə Hindistandan hücum silahları - qanadlı və ballistik raketlər alacaq.

Kimə qarşı? Nə həşirdir görəsən? Hansısa ölkə Ermənistana hücum etməyəmi hazırlaşır?

Xain xoflu olar. Axı bildiyimiz qədər, Qafqazda indiyədək iki işğalçı ölkə olub – biri Ermənistandırsa, digəri də Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini ilhaq etmiş Rusiyadır. Konstitusiyasına görə keçmiş DQMV-ni indiyədək öz ərazisi sayan da yenə Ermənistandır. Sülh müqaviləsi də ən çox elə ona lazımdır ki, bölgənin bu dalan və izqoy dövləti blokadadan çıxsın. Azərbaycan və Türkiyənin Ermənistana xüsusi ehtiyacı yox. Ermənistana lazım olan bizik ki, ayağa dura, inkişaf tapa bilsin...

Yaxud İrəvanın ikiüzlü və yalan siyasəti təsdiqləyən belə bir təzə fakt.

Bu günlərdə Parisdə Ermənistanın Fransadakı səfirliyinin, qondarma “DQR nümayəndəliyi”nin və Parisin 5-ci rayonu bələdiyyəsinin təşəbbüsü ilə “Fransa-Artsax: sarsılmaz dostluq” təxribatçı mövzusunda xeyriyyə konserti keçirilib. Tədbirdə açılış nitqi ilə kim çıxış eləsə yaxşıdır? Ermənistanın Fransadakı səfiri Asmik Tolmacyan.

Bir yandan Bakı ilə sülh sənədinin vacibliyindən danışan, “Qarabağ məsələsi bitib”, “ölkədə artsax institutlarına icazə verməyəcəyik” deyən Ermənistan hökumətinin Fransadakı səfiri separatçıların tədbirinə təşkilatçılıq edir. Bütün əvvəlki pozitiv jestlərinə rəğmən, belə simasız, qeyri-ciddi hakimiyyətin Azərbaycanla barışıq istədiyinə kim inanar? Erməni həyasızlığının yeni antirekordu yəni. Başqa adı var?

Odur ki, yenə sadəlövh olmayaq. “Çomağı” əldə möhkəm saxlayaq...

P.S. Şəkildə solda Ermənistanın Fransadakı səfiri Asmik Tolmacyan.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR