Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin spikeri Alen Simonyan Robert Köçəryan və “Daşnaksütyun” partiyası arasında ciddi problemlərin olduğunu deyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Artsvik Minasyan Alen Simonyana sərt təpki göstərib.
“Belə bir şey yoxdur, bilmirəm Alen Simonyan belə məlumatı haradan alıb?”, - deyə o bildirib.
Minasyan Simonyanın “Ermənistan” blokunun digər deputatı, daşnakçı İşxan Saqatelyanla bağlı açıqlamasına da münasibət bildirib: “Saqatelyanın ünvanına təhqiramiz ifadə də eşitdim. Düşünürəm ki, fərsiz və səriştəsiz siyasətçilərə baş qoşmağa ehtiyac yoxdur”.
Revanşist deputatın sözlərinə görə, parlament və qeyri-parlament müxalifəti vahid cəbhə kimi önə çıxmaq üçün hər şeyi etməlidir.
“Bizim yanaşmamız belədir: biz istənilən ambisiyanı bir kənara qoyuruq, çox vaxtımız yoxdur. Bu gün Ermənistanın xarici siyasəti nöqteyi-nəzərindən zaman udmaq probleminin olduğu göz qabağındadır. Ancaq Nikolsuz vaxt qazana bilərik, Paşinyanla vaxt qazanmaq sadəcə mümkün deyil. Əgər Azərbaycan yeni kapitulyasiya tətbiq etmək istəyirsə, o zaman hakimiyyət buna gedəcək. Ona görə də bizim konsolidasiyamızın məqsədi məhz bundan ibarət olmalıdır. Biz istənilən müxalifət hərəkatını, bu vahid cəbhənin formalaşdırılmasına yönəlmiş hərəkətləri alqışlayırıq”, - deyə Minasyan bildirib.
Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan daşnakçı Saqatelyan haqqında bu ifadələri işlədib: “İşxan Saqatelyan haqqında hər hansı şərh vermək günahdır, çünki belə bir fiqur, məncə, uzun müddətdir siyasi sahədə mövcud deyil. Həmkarları onu mümkün qədər taqətdən salmaq üçün qabağa itələyir və o, sifətində şən, məğrur ifadə ilə yeriyir, obrazlı desək, özünü uçurumdan atır. Məndə olan məlumata görə, hətta Robert Köçəryan da onlarla heç bir şəkildə ünsiyyət qurmaq istəmir, qoy nə istəyirlər etsinlər”.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ