İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan yenə ədalətli arbitr rolunda

Politoloq: “Türkiyənin bu səyləri zaman-zaman müəyyən nəticələr də verib, lakin bu dəfə ...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya dövlət başçıları ilə telefonla danışıq aparıb.  Bildirilib ki, Ərdoğan müharibə edən ölkələrin prezidentləri ilə son günlər baş verənlərlərlə bağlı müzakirə aparıb. Prezident Ərdoğan Zelenski ilə telefon danışığı zamanı bildirib ki, Novokaxovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün müharibə edən tərəflər (Rusiya, Ukrayna), habelə BMT və Türkiyə də daxil olmaqla, beynəlxalq ictimaiyyətin ekspertlərinin iştirakı ilə komissiya yaradıla bilər. Türkiyə olaraq bu mövzuda əllərindən gələni etməyə hazır olduqlarını ifadə edən Ərdoğan taxıl dəhlizində olduğu kimi, bu mövzuda da danışıqlar metoduna müraciət edilə biləcəyini dilə gətirib.

Qarşıdurmalar davam etdikcə hər gün baş verən insan itkilərinin qarşısının alınmasının mümkün olmayacağını vurğulayan Prezident Ərdoğan ədalətli sülhün bərqərar olması üçün səylərini qətiyyətlə davam etdirəcəklərini bildirib. Putinlə də eyni mövzu müzakirə edilib.

Prezident Ərdoğan həmçinin dünya ictimaiyyətinin “taxıl sazişi”nin müddətinin uzadılması məsələsinə xüsusi önəm verdiyini bildirib. O vurğulayıb ki, birgə səylərlə əldə edilmiş saziş qlobal ərzaq böhranının həllində mühüm rol oynayır.

Türkiyə Prezidenti rəsmi Ankaranın regionda ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Ukrayna Dnepr çayı üzərindəki Kaxovka Su Elektrik Stansiyasının bəndinin dağılmasında Rusiyanı ittiham edir. Rusiya isə iddiaları rədd edib. İndi Ərdoğanın bunun üçün təklifləri var. Amma bu təkliflərin gerçəkləşdiriləcəyi  sual doğurur. Ərdoğanın cəhdləri hansısa nəticələr verə bilərmi?

Qərb köhnə maşasını yenidən oda atır -Oqtay Qasımov yazır

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ukraynada müharibə başlanandan bəri hər iki tərəflə əlaqə saxlayan və danışıqlar aparan, prosesi səmimi şəkildə ədalətli sülhlə yekunlaşdırmağa çalışan bəlkə də yeganə ölkə Türkiyədir. Türkiyənin bu səyləri zaman-zaman müəyyən nəticələr də verib: “İlk olaraq, xatırlayırsınızsa, keçən ilin martında İstanbulda Ukrayna və Rusiya nümayəndələri Türkiyənin vasitəçiliyi ilə bir araya gəldilər. Hətta atəşkəsin əldə olunması və digər məsələlərlə bağlı müəyyən razılaşmaların olduğu da qeyd edilirdi. Lakin sonradan bu proses alınmadı və müharibə yenidən davam etdi. Bundan başqa Türkiyənin ən önəmli addımı qlobal ərzaq qıtlığı probleminin ortadan qaldırılması və taxıl böhranın aradan qaldırılması üçün taxıl sazişinin imzalanması oldu. Məhz bunun sayəsində Ukraynanın anbarlarında yığılıb qalmış 20 milyon ton taxıl dünya bazarlarına, xüsusilə də kasıb ölkələrə çatdırıldı.

O ki qaldı cənab Ərdoğanın son təşəbbüsü, tərəflərlə telefon əlaqəsi yaradıb irəli sürdüyü təklifinə, əlbəttə bu, kifayət qədər ciddi bir təklifdir və Türkiyə tərəfindən edilən növbəti konstruktiv təklif kimi dəyərləndirilə bilər".

Bununla belə, ekspert hesab edir ki, bu təkliflərin reallaşacağı və xüsusilə Rusiyanın beynəlxalq komissiya yaradılması və araşdırma aparılması təklifinə müsbət yanaşacağını düşünmək çətindir: “Rusiya əslində Ukrayna müharibəsində düşdüyü ağır vəziyyətdən çıxmaq üçün əl atdığı növbəti hərbi cinayətlərdən biri Novokaxovka su-elektrik stansiyasının dağıdılması oldu. Rusiya Ukraynanın gözlənilən əks-hücum əməliyyatlarının qarşısının alınması üçün belə bir ekoloji fəlakəti törətdi. Rusiya doğrudan da bitərəf, obyektiv və neytral ekspert qrupunun aparacağı araşdırmaların heç də onun xeyirinə olmayacağını bildiyi üçün hesab edirəm ki, Türkiyə tərəfindən verilən bu vacib təklifi qəbul etməyəcək. Çünki bütün göstərilən faktlar və ehtimallar Rusiya üzərində cəmləşir. Belə ki, bu su anbarının dağıdılması nəticəsində daha çox Ukraynanın nəzarəti altında olan ərazilər fəlakətlə üzləşiblər və Ukrayna ordusunun əks hücuma keçəcəyi istiqamətlərin əhəmiyyətli hissəsi də məhz həmin ərazilərdədir. O baxımdan,  düşünmürəm ki, Rusiya Türkiyə tərəfindən verilən bu təklifi qəbul eləyəcək və Ankaranın bu təqdirəlayiq səyləri həyata keçəcək. Ona görə də böyük ehtimalla Rusiya araşdırmalara imkan verməyəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR