İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Suriyanın "qapılar"ını qapadır: Türkiyə ABŞ və Qərbə "qarışmayın" mesajı verdi

Rəsmi Ankara Suriyanın yeni konstitusiyasının məzmununu müəyyənləşdirməkdə və bu ölkənin yenidən qurulması prosesinə birbaşa nəzarət etməkdə qərarlıdır... Bu baxımdan, Türkiyənin ABŞ və digər Qərb siyasi dairələrini Suriyanın bərpa prosesindən müəyyən məsafədə saxlamağa çalışacağı da artıq qətiyyən şübhə doğurmur...

Suriyada Əsəd rejiminin çökməsi, eləcə də regional və beynəlxalq qüvvələr balansının fərqli formata doğru yönəlməsi səbəbindən bu ölkədə son dərəcə mürəkkəb situasiya yaranıb. Suriya 2011-ci ildə başlayan vətəndaş müharibəsi ucbatından hələ də dərin siyasi-ictimai və iqtisadi böhranın içindədir.Son vaxtlara qədər Əsəd rejimi əsasən, Rusiya və İranın dəstəyi ilə hakimiyyətini qorumaqda davam edirdi. Və silahlı müxalif qrupların xarici dəstəyin də yardımı ilə qətiyyətlə hərəkətə keçdikdən sonra vəziyyət dəyişdi, Əsəd rejimi birdəfəlik devrilmiş oldu.

Onu da qeyd etmək lazımdır ki, Əsəd rejiminin çökməsi ilə Suriya böhranın aradan qaldırıldığını düşünmək sadəlövhlük olardı. Hər halda, bundan sonra Suriya ətrafında yaranmış vəziyyət xarici siyasi iradə mərkəzlərinin kənar müdaxilələrinə daha həssas olacaq. Və bu baxımdan, Suriyada ölkədaxili proseslərin bir neçə fərqli istiqamətlərə yönələ biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Suriyanın yeni hakimiyyəti dəqiq hesablanmış siyasi manevrlər etməyi bacarmazsa, yaxın vaxtlarda növbəti hərbi-siyasi çevriliş variantları da gündəmə gələ bilər. Hər halda, ABŞ və Qərbin bu ölkədə situasiyaya nəzarəti ələ keçirmək məqsədilə hərəkətə keçdiyi də artıq müşahidə olunmağa başlayıb. Hətta yeni keçid hökumətinə qarşı Qərbin şüaları ilə kütləvi etiraz aksiyalarına cəhdlərin göstərildiyi açıq-aşkar nəzərə çarpır.

4b7579cfce50ad1685d5b13b857010e4.jpg (256 KB)

Maraqlıdır ki, Suriyada geopolitik hədəfləri olan dövlətlər hazırda bu ölkədə beynəlxalq vasitəçilik üzərindən yeni keçid hökumətinin tərkibinə müdaxilə etməyə cəhd göstərirlər. Eyni zamanda, xarici müdaxilə ilə hərbi güc dəyişikliyinə can atılması da diqqətdən yayınmır. ABŞ və Qərbin belə müdaxilə cəhdlərinin Suriyada situasiyanı yenidən nəzarətdən çıxara bilər. Və bu halda, Suriyanın əvvəlkindən daha ağır daxili qeyri-sabitliyə, eləcə də humanitar böhrana düçar ola biləcəyi qətiyyən istisna deyil.

Təbii ki, Suriyanın gələcək taleyi baxımından, indi böyük önəm daşıyan əsas faktorlardan biri son vaxtlar ABŞ və Avropa Birliyinin emissarlarının yeni keçid hökumətinin liderlərinə təsir mexanizmlərinin olub-olmadığını ilə birbaşa bağlıdır. Hər halda, son məlumatlara görə, ABŞ və Qərb emissarları yeni hökumətlə intensiv təmaslara başlayıblar. Hətta Suriyanın yeni lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Colani) ölkədə siyasi idarəetmə sisteminin bərpası mövzusunda heç bir dövlətlə anlaşma əldə edilməyini və bu məsələnin yalnız daxili qüvvələrin mövqeyinə uyğun həll olunacağını bəyan etmək məcburiyyətində qalıb.

Onu da qeyd etmək lazımdır ki, Suriyanın yeni lideri Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini də vurğulayıb və qarşılıqlı ticarət əlaqələrinin inkişafını planlaşdırdığını qabardıb. Əhməd əl-Şaraa Suriyanın gələcək inkişaf perspektivləri baxımından, 2011-ci ildən sonra ölkəni tərk etmiş əhalinin böyük bir hissəsinin geri dönüşünün həlledici faktor olduğunu da qeyd edib. Və bu, o deməkdir ki, Suriyanın gələcək taleyində Türkiyə istənilən halda, "açar müttəfiq" rolunu oynaya bilər.

1515865011_abd-pkk.jpg (33 KB)

Digər tərəfdən, Avropa Birliyi Suriyada cərəyan edən prosesləri diqqətlə izlədiyini bildirib. Eyni zamanda, Suriyada vətəndaş müharibəsinin yenidən başlaya biləcəyi ilə bağlı narahatlığını gündəmə gətirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Suriyadakı hadisələrlə bağlı Rusiya prezidenti Vladimir Putin və digər liderlərlə təmasda olduğunu gizlətməyib. Və bütün bunlardan belə anlaşılır ki, Suriya ətrafında yaranmış situasiyanın qlobal səviyyəli proseslərə təsiri qaçılmazdır.

Təbii ki, bütün bunlar həm də onu göstərir ki, Suriya poliqonu qlobal güclərin növbəti toqquşma məkanına çevrilmək təhlükəsindən qətiyyən uzaq deyil. Belə ki, Rusiya və İranın Suriyada əsas geopolitik oyunçuların sırasında yer almaq niyyətindən asanlıqla imtina etməyəcəyini ehtimal etmək olar.

ABŞ isə Suriyadakı təsir mexanizmlərini indi əsasən PKK/PYD terror təşkilatının üzərinə yükləməyə cəhd göstərir. Ona görə də, Türkiyə-ABŞ münasibətilərində ziddiyyətlər dövrünün daha kəskin xarakter ala biləcəyi istisna deyil. Və bu sıraya Avropa Birliyinin də ABŞ ilə ortaq hərəkət etməyə üstünlük verdiyini nəzərə aldıqda, Suriyanın böyük bir geopolitik savaş poliqonuna çevrilmək üzrə olduğunu da düşünmək mümkündür.

Belə anlaşılır ki, əslində, Türkiyənin Suriyadakı milli təhlükəsizlik maraqları böyük təhdid altındadır. Üstəlik, bu təhdidlər birmənalı şəkildə ABŞ və Qərbin Suriyanın yenidən qurulması prosesinə kobud müdaxilə hazırlığından qaynaqlanır.  Çünki ABŞ və Qərbin Suriyadakı geopolitik maraqları Türkiyənin bölgədəki hədəfləri ilə toqquşa biləcək qədər geniş strateji məzmun daşıyır. Və bu, indiki situasiyada yalnız Türkiyə deyil, həm də Suriyanın gələcək taleyi üçün də olduqca ciddi problemdir.

2288441929663265.png (99 KB)

Ancaq rəsmi Ankara Suriya məsələsində bundan sonra da qətiyyətli davranmaq niyyətini gizlətmir. Belə ki, bir müddət öncə Türkiyə MİT rəhbəri İbrahim Kalın Suriya paytaxtı Dəməşqə səfər etmişdi. Bu səfər Qərb siyasi dairələrində narahatlıq qarışıq çaşqınlığa yol açsa da, rəsmi Ankara beynəlxalq rəqiblərinə meydan oxumaqda israrlı görünür.

Hər halda, MİT rəhbərinin ardınca Türkiyənin xarici işlər naziri Hakan Fidanın da Suriyaya səfər edəcəyi barədə məlumatlar ABŞ və Qərbə birbaşa mesajdır. Çünki Türkiyənin xarici işlər naziri Dəməşqdə bu ölkənin keçid hökumətilə yeni konstitusiyanı və dövlət sistemini müzakirə etmək niyyətindədir. Nəhayət, xarici işlər naziri Hakan Fidanın Suriyada əldə edəcəyi nəticələrə uyğun olaraq, prezident Rəcəb Tayyib Ərdoğanın da Dəməşqə səfəri planlaşdırılacaq.

Bu, o deməkdir ki, rəsmi Ankara Suriyanın gələcək taleyini ABŞ və Qərbin öhdəsinə buraxmaq niyyətində deyil. Əksinə, Türkiyə Suriyanın yeni konstitusiyasının məzmununu müəyyənləşdirmək və bu ölkənin yenidən qurulması prosesinə birbaşa nəzarət etməkdə qərarlıdır. Və bu baxımdan, Türkiyənin Qərb siyasi dairələrini Suriya prosesindən müəyyən məsafədə saxlamağa çalışacağını da düşünmək olar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Dekabr 2024

21 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR