İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinlə danışdı, nələr razılaşdırıldı...

Oktyabrın 10-da gecə saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefonla danışıb. Danışığın konkret detalları açıqlanmasa da, Ərdoğan Türkiyənin İsrail-Fələstin münaqişəsi və Rusiya-Ukrayna müharibəsinə dair diplomatik səylərini davam etdirəcəyini vurğulayıb. O, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşlə də telefonla danışıb.

Bəs bu danışıqlarda nələr razılaşdırıla bilər? Danışıqların HƏMAS-İsrail savaşını dayandırması mümkündürmü? 

Oqtay Qasımov: “Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi” – Müsahibə  (I Hissə) » GundemXeber İnformasiya Portalı

Oktay Qasımov

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, HƏMAS-İsrail müharibəsi başlanandan Türkiyə dövləti və cəmiyyəti kifayət qədər həssas münasibət bəsləyir. Bunun da səbəbi bəllidir. Hazırda İsrail və Fələstin xalqlarının yaşadığı ərazilər 400 il Osmanlı İmperiyasının tərkibində olub və bu müddət həmin coğrafiyanın ən sakit, ədalətlə idarə olunduğu dövr kimi xatırlanır. Türkiyə cəmiyyətinin də o ərazilərdə baş verənlərə həssaslığı bundan qaynaqlanır. Türkiyənin Fələstin məsələsinə ilk zamanlardan bəri mövqeyini nəzərə alsaq, Prezident Ərdoğanın telefon diplomatiyasını anlamaq olar: “Belə ki, Türkiyənin həm Fələstin, o cümlədən Qəzza bölgəsinə nəzarət edən HƏMAS-la kifayət qədər normal münasibətləri var. HƏMAS rəhbərliyi dəfələrlə Türkiyəyə səfər edib və yüksək səviyyəli görüşlər keçirib. Yəni Türkiyənin HƏMAS-a müəyyən qədər təsirləri var. Həmçinin İsraillə Türkiyənin ənənəvi yaxın münasibətləri mövcud olub. Son 10 ildə bu münasibətlərdə müəyyən soyuqlaşma olsa da bir ildir soyuqluq aradan qalxıb və münasibətlərdə ciddi irəliləyiş əldə olunub. Həm İsrail prezidentinin Türkiyəyə səfəri, qarşılıqlı səfərlər, bir çox razılaşmalar münasibətləri yeni bir səviyyəyə qaldırıb. Ona görə də Türkiyə dövləti qarşı duran hər iki tərəfə müəyyən təsiri olan, hər iki tərəflə yaxşı münasibətləri olan az-az ölkələrdən biridir. Məhz bu baxımdan Ankara müəyyən diplomatik səylər göstərərək bölgədə gərginliyin azaldılmasına çalışır. Prezident Ərdoğanın bu istiqamətdə telefonla danışıqlar apardığı şəxslərdən biri də Rusiya prezidenti Vladimir Putindir. Əlbəttə ki, Rusiya prezidenti ilə Türkiyə prezidentinin müzakirələri təkcə İsrail-Fələstin məsələsi ilə bağlı deyil, çoxistiqamətli olduğu şübhəsizdir. Yaxın Şərqdəki müharibə ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqazdakı proseslər, Suriya məsələsi və digər məsələlərin müzakirə edildiyini söyləmək olar”.

Politoloq hesab edir ki, Ərdoğanın BMT baş katibi ilə telefon danışığında isə Yaxın Şərqdəki müharibə mövzusunun xüsusi müzakirə edildiyini söyləyə bilərik. Hər iki telefon danışığında Türkiyənin müharibənin dayandırılmasına nail olmaq istəyinin ifadə olunduğu da şübhəsizdir. Türkiyənin bu istəkləri konstruktiv və səmimi qəbul olunur: “Türkiyə bölgədə az saylı dövlətlərdən biridir ki, bölgədə sülhün əldə olunmasında maraqlıdır və bunu səmimi şəkildə istəyir. Amma bu istəklər və Türkiyənin gərginliyin azaldılmasında nə qədər təsiri olacağını dəqiq söyləmək çətindir. Putinlə və Quterreşlə danışıqlarda ümumi fikir birliyi ola bilər, gərginliyin azaldılması, tərəflərin danışıqlar masasına əyləşməsinə nail olmaq kimi ümumi fikir birliyi ola bilər. Lakin bu danışıqların və fikir birliyinin İsrail-HƏMAS savaşına ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki HƏMAS-ın həyata keçirdiyi terror aktları və son 50 ildə İsrailə qarşı ən geniş miqyaslı hücumu həyata keçirməsi və bu zaman mülki əhaliyə qarşı törədilən cinayətlər İsrailin çox sərt, davamlı addımlar atacağına əsaslar verib. İsrail tərəfdən ən yüksək səviyyədə bəyan edilib ki, HƏMAS məsələsini birdəfəlik sona çatdırmaqda qərarlıdır. Ona görə də mən düşünmürəm ki, haqqında söhbət gedən telefon danışıqlarının, diplomatik səylərin yaxın zamanlarda nəticəsi olsun”. 

Fransa öz qərəzli münasibəti ilə sabitliyi pozur”-İlyas Hüseynov

İlyas Hüseynov: “Türkiyənin istəyi həm də budur ki, müharibə bu gün dayandırılmasa belə, buraya ən azından kənar dövlətlər qoşulmasın”

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, bu gün beynəlxalq hüquq, beynəlxalq münasibətlər sistemi böyük böhran yaşayır. Rusiya-Ukrayna müharibəsi ilə yanaşı dünya gündəmində ən çox müzakirə olunan mövzulardan biri də İsrail-Fələstin münaqişəsidir: “Həmin regionda insanlıq faciəsi yaşanmaqdadır. Bu kontekstdə regional maraqları olan liderlərin təmasları da diqqət çəkir. Xüsusilə Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında olan danışıqlar bu və ya digər formada Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, İsrail-Fələstin münaqişəsi problemini də əhatə edir. Digər tərəfdən, Cənubi Qafqazda da bu iki dövlətin maraqları mövcuddur. Cənubi Qafqaz məsələsinin də müzakirə edildiyi bu mənada söylənə bilər. Türkiyə həm Rusiya-Ukrayna müharibəsi, həm də İsrail-Fələstin müharibəsində vasitəçi qismində çıxış edir. Cənab Ərdoğanın BMT baş katibi ilə danışıqları da bundan qaynaqlanır. Türkiyə hər iki müharibənin dayanması və problemlərin dinc, danışıqlar yolu həll edilməsinin tərəfdarıdır. Baxmayaraq ki, siyasi ekspertlər hər iki müharibənin çox uzanacağını proqnozlaşdırırlar. Türkiyənin istəyi həm də budur ki, müharibə bu gün dayandırılmasa belə, ən azından müharibəyə kənar dövlətlərin qoşulmamasıdır. Türkiyə bunun baş verməməsi üçün çalışır. Putinlə və Quterreşlə danışıqlarda da hansısa razılaşmaların olub-olmadığı barədə rəsmi açıqlama verilməyib. Ümumiyyətlə, adıçəkilən hər iki böyük müharibənin bugünlərdə dayanacağına səbəb olacaq xüsusi bir razılaşmaların olması ehtimalı yoxdur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR