İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan-Putin görüşünün pərdəarxası: regionla bağlı nələr razılaşdırıldı - ilginc rəylər

Sentyabrın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında mühüm görüş baş tutdu. Soçidə prezidentlər Türkiyə-Rusiya ikitərəfli əlaqələri, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparıblar. Ərdoğanla Putin arasında təkbətək görüş fasilə ilə ümumilikdə 3 saat davam edib.

Türkiyə və Rusiya prezidentləri Soçidə keçirilən görüş zamanı Cənubi Qafqazda baş verən hadisələri də müzakirə ediblər. Görüşlə bağlı açıqlama verən Putin deyib ki, Ankara və Moskva tezliklə həm qaz, həm də digər sahələrdə mühüm addımlar atacaqlar.

Bu arada Rusiyanın Xəzər Strateji Tədqiqatlar İnstitutu “Rusiya və Türkiyə: situativ müttəfiqlikdən strateji müttəfiqliyə” adlı məruzə ilə çıxış edib.

Kremlin “danışan dilləri”ndən hesab olunan Rusiya institutu belə qənaətdədir ki, Moskva və Ankara situativ müttəfiqlikdən strateji müttəfiqliyə keçməlidir. Sitat: “Rusiya Türkiyəni uzunmüddətli perspektiv üçün vacib və etibarlı strateji tərəfdaş kimi görür. Moskva və Ankara situativ müttəfiqlikdən strateji müttəfiqliyə keçməlidir”.

Qeyd olunub ki, son il yarım ərzində Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq müxtəlif sahələrdə - ticarət və logistikadan tutmuş enerji və təhlükəsizliyə qədər dəfələrlə artıb: “Tərəfdaşlıqlar zamanın sınağından və xarici təzyiq altında güc sınağından keçdi. Moskva ilə Ankara arasındakı situativ müttəfiqliyi tamhüquqlu strateji müttəfiqliyə çevirməyin vaxtı çatıb. Söhbət müştərək dominantlıq naminə və xarici düşmənlərdən qorunmaq üçün səylərin birləşdirilməsindən gedir. Belə bir ittifaq siyasi praqmatizmə, milli və ümumi maraqların nəzərə alınmasına, sinergetik effekt əldə etmək üçün potensialların birləşdirilməsinə əsaslanır. Qeyd olunan ittifaqda ölkələrin hər biri öz müstəqilliyini, sərbəstliyini və mədəni kimliyini qoruyub saxlayacaq. Bizim birliyimiz təkcə postsovet məkanında deyil, bütün Avrasiya regionunda ən mürəkkəb və "dondurulmuş" münaqişələri həll etməyə qadirdir. Sadə dillə desək, Rusiya və Türkiyə birlikdə Avrasiyada güc balansını tamamilə dəyişə bilər".

Məruzədə bildirilib ki, Moskva ilə Ankara arasında, ilk növbədə, ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında mütəmadi fikir mübadiləsi aparmaq üçün daimi fəaliyyət göstərən Rusiya-Türkiyə Strateji Mexanizmi yaratmaq lazımdır...

Sənəddə qeyd olunur ki, kəşfiyyat və xüsusi xidmət orqanlarının hərəkətlərinin əlaqələndirilməsi üzrə işlər həm Rusiyada, həm Türkiyənin özündə, həm də ona bitişik ərazilərdə təhlükəsizliyi kəskin şəkildə artıra bilər. Moskva həmçinin türkiyəli tərəfdaşlarını terrorçu elementlərlə effektiv mübarizə, cinayətkar və qeyri-qanuni qruplaşmaların axtarışı üçün zəruri olan Təhlükəsiz Şəhər kompleksinin ən son texnologiyaları ilə təmin etməyə hazırdır...

“Rusiya ümumilikdə Türkiyənin regional fövqəldövlət rolunda qüdrətinin artmasına dəstək verir. Moskva Türkiyənin konstruktiv tərəfdaşlığa qadir və qarşılıqlı maraqları nəzərə alan güclü strateji müttəfiq kimi inkişafında maraqlıdır. Rusiya Ankaranın hər şeydən əvvəl Osmanlı İmperiyasının ənənəvi arealında - Yaxın Şərq və Balkanlardakı təsirinin tədricən güclənməsinə anlayışla yanaşır. Cənubi Qafqaz və Mərkəzi Asiya Rusiyanın siyasi moderator və təhlükəsizlik donoru kimi çıxış etdiyi, Türkiyənin isə mədəniyyət, ticarət və logistika layihələrini həyata keçirdiyi ortaq maraqlar zonası olaraq qalır. Moskva və Ankaranın birgə fəaliyyəti Suriyadakı vəziyyəti sakitləşdirməyə və kürd problemini effektiv həll etməyə kömək edəcək”, - deyə Rusiyanın Xəzər Strateji Tədqiqatlar İnstitutunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri öncəsi dərc olunan məruzəsində vurğulanıb.

Olduqca ciddi məsələdir, projedir. Maraqlıdır, 3 saatlıq görüşdə bu hədəflərdən hansılar üzrə razılığa gəlinə bilər? Rusiya-Türkiyə əməkdaşlığının bu formatı region, dünya və ayrıca Azərbaycan üçün nə vəd edir? Görüşdə tərəflər bir-birini yaxın dost adlandırdılar. Bir çox məsələləri, o cümlədən Cənubi Qafqazı müzakirə etdiklərini, bir çox məsələlərdə ortaq mövqedən çıxış etməyi, əməkdaşlığı dərinləşdirəcəklərini dedilər. Bu görüşün və mövcud münasibətlərin Azərbaycan və sözügedən bölgədəki proseslərə, Qarabağ məsələsinə hansı təsirləri gözlənilir?

Abutalıb Səmədov: Bundan sonra da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş  Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik

Abutalıb Səmədov: “Rusiya hərbi kontingentinin budəfəki əməliyyatda bizim tərəfdən aktiv iştirakı da tamamilə mümkündür”

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, haqqında uzun müddət danışılan və xeyli gözləntilər doğuran Ərdoğan-Putin görüşü qısamüddətli olması ilə fərqləndi: “Əsas mövzu-taxıl koridorunun açılması barədə Putin dəfələrlə söylədiklərini təkrarladı və Türkiyə prezidenti onun bir çox məsələdə haqlı olduğunu etiraf etdi. Aydın oldu ki, Rusiyanın tələbləri reallaşmayınca, bu mühüm məsələni müzakirəyə çıxarmaq mənasızdır. O da aydınlaşdı ki, Türkiyə bu məsələni müsbət sonluğa çatdırmaq üçün bundan sonra da əlindən gələni edəcəkdir. İki ölkə liderinin bir-birinə dost münasibətinin, bir-biri ilə dil tapa bilmələrinin bizi daha çox maraqlandıran Azərbaycan-Ermənistan sülh danışıqlarına və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesinə müsbət təsir edəcəyi gözləniləndir. BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın Azərbaycana ən çox yaxın mövqedən çıxış etməsi, nazir Sergey Lavrovun Moskva görüşündə təqdim etdiyi 14 bəndlik təklifin Qarabağ ermənilərində "şok" effekti doğurması təbii ki, ümidlərimizi artırmışdır. Nikol Paşinyanın “La Respublika” qəzetinə verdiyi müsahibədə Rusiya əleyhinə səsləndirdiyi iddiaların Moskvanı hiddətləndirməsi şübhə yoxdur ki, nəticəsiz qalmayacaq. Ukrayna cəbhəsində nə qədər itkilərə məruz qalsa da Rusiya erməniləri cəzalandırmaq üçün xeyli imkanlara malikdir və bu imkanlardan məqam düşəndə istifadə edəcəyi heç kimdə şübhə doğurmur. O da şübhəsizdir ki, yaxın zamanda Qarabağda keçirilməsi mümkün ola biləcək antiterror əməliyyatı zamanı Rusiya sülhməramlıları ermənilərin istədiyi  aktivliyi bu dəfə də göstərməyəcək. Ermənistan rəsmilərinin son antirus bəyanatlarından sonra Rusiya hərbçilərinin bu əməliyyatda bizim tərəfdən aktiv iştirakı da tamamilə mümkündür".

Siyasi şərhçinin sözlərinə görə, Ərdoğanla Putin arasında mövcud olan dost münasibətləri Azərbaycan-Ermənistan arasında imzalanması planlaşdırılan sülh razılaşmasına da öz təsirini şübhəsiz ki, göstərəcək. Rusiyanın danışıqlar prosesində təşəbbüsü ələ almaq və bölgənin əsas gücü olan Azərbaycanı razı salacaq təkliflər vermək cəhdləri ABŞ və Avropa Birliyini də çevik olmağa, Ermənistana təzyiqləri artırmağa məcbur edəcək: “Çünki hamı yaxşı dərk edir ki, sülhün əldə olunmasında əsas maneə Ermənistan hakimiyyətinin və Qarabağ ermənilərinin "liderlərinin" tutduğu qeyri-konstruktiv mövqe, dünya birliyini çaşdırmaq üçün ardıcıl olaraq təşkil etdikləri “siyasi şou”lardır. Artıq hamı anlayır, yaxud anlamalıdır ki, “erməni oyunları”na son qoyulmasa, beynəlxalq hüququn tələb etdiyi qəti addımlar atılmasa vəziyyət dəyişməyəcək və “bu xəmir hələ çox su aparacaq”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu: “Ərdoğan Rusiyanın 10 noyabr 2020-ci il razılığının şərtlərinə sadiq qalacağına inandığını bir daha Putinin diqqətinə çatdırıb”

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Soçidə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında xeyli mövzu müzakirə olunub. Bizi maraqlandıran prezidentlərin Azərbaycan-Ermənistan gərginliyi ilə bağlı nələri müzakirə etmələridir: “Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında "Cənubi Qafqaz, Suriya və Liviyadakı durumu müzakirə etdik" cümləsini işlədib. Bu cümlədən çıxan nəticə budur ki, bizim məsələ ilə bağlı qısa fikir mübadiləsi olub. Türkiyə Cümhurbaşqanı NATO-nun son Vilnüs zirvə toplantısında Rusiya hərbi kontingentinin 2025-ci ilə qədər Qarabağı tərk edəcəyinə inandığını bildirmiş və Putinin bununla bağlı vədini xatırlatmışdı. Fikrimcə, Ərdoğan Rusiyanın 10 noyabr 2020-ci il razılığının şərtlərinə sadiq qalacağına inandığını bir daha Putinin diqqətinə çatdırıb. Putinin bu mövzuda nə düşündüyü hələ bizə bəlli deyil, 2025-ci ilə isə az müddət qalıb.

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında ölkəsinin yenidən Rusiya ilə Ukrayna arasında vasitəçi ola biləcəyini də təkrarladı. Ərdoğan bilir ki, Putin müharibəni davam etdirmək əzmindədir və Türkiyənin vasitəçiliyinə müsbət yanaşmır. Buna baxmayaraq, Türkiyə Cümhurbaşqanı “pis sülh müharibədən yaxşıdır” cümləsini söyləməkdən yorulmur. Ərdoğanın mətbuat konfransındakı açıqlaması Putindən çox Rusiya cəmiyyətinə ünvanlanıb, Türkiyə lideri Soçidə medianın qarşısında söylədiyi mesajı təxminən belə oxudum: “Baxın iqrtisadi və sosial vəziyyətiniz ağırdır, övladlarınız mənasız müharibədə ölürlər, mən isə sizin liderə müharibədən çıxış formulu təklif edirəm”. Rusiya cəmiyyəti bir gün müharibənin mənasız olduğunu və dayandırılması vacibliyini anladıqda Ərdoğanın davamlı açıqlamalarını xatırlayacaq".

Asif Nərimanlı: "Ermənilərin Qarabağa “qayıdış hüququ...”

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Ərdoğan-Putin görüşü və müzakirə edilən məsələlər Türkiyənin geosiyasi oyunçu kimi əhəmiyyətini önə çıxarır: “Bu görüşdə verilən açıqlamalardan bird aha aydın oldu ki, Ankara "Taxıl anlaşması"nın davam etməsinə çalışır, bunun üçün Moskvanın şərtləri, Qərb ölkələrinin ehtiyacı var, razılaşma olarsa - ehtimal az deyil, ruslar qazandığı kimi, Türkiyənin həlledici rolu da artacaq. Bu anlaşma üzərindən Rusiyaya qarşı müəyyən geosiyasi yumşalmaların edilməsini istəyən tərəflərin marağı da xüsusi xətlə seçilir. Türkiyədə “qaz mərkəzi”nin yaradılmasına nail olunarsa, Rusiya enerji bazarında zəifləyən rolunu artırmaq, Avropaya qaz ehtiyatının ödənilməsinə nail olmaq istiqamətində yeni imkanlar əldə edir: Avropa üçün isə rus qazını Türkiyədən idxal etmək daha asan ola bilər. Nəticə etibarilə, həm Qərbin, həm Rusiyanın Türkiyəyə ehtiyacı artır. Və bu, Azərbaycanın həm bölgədəki maraqları, həm də hər iki cəbhə qarşısında - Qərb və Rusiya - “güclü qalxanının” olması baxımından vacibdir. Ankara-Moskva münasibətlərinin isti olması da bizim üçün sərfəlidir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR