İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan parlamentə Azərbaycanla bağlı müraciət göndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinə Rusiya-Türkiyə birgə monitorinq mərkəzi çərçivəsində Türkiyə silahlı qüvvələrinin Azərbaycandakı missiyasının daha bir il müddətinə uzadılması ilə bağlı müraciət göndərib.

TRT telekanalının məlumatına görə, sənəd təsdiqlənərsə, qardaş ölkə hərbi kontingentinin ölkəmizdə qalma müddəti bu il noyabrın 17-dən bir iliyə uzadılacaq.

Ərdoğanın göndərdiyi sənəddə “Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin xidmət etdiyi birgə mərkəzin fəaliyyətini uğurla davam etdirdiyi, Türkiyənin regionun təhlükəsizliyinə və tərəflər arasında etimadın möhkəmlənməsinə öz töhfəsini verdiyi” bildirilir.

Sənəddə həmçinin qeyd edilir ki, Türkiyə hərbi kontingentinin Azərbaycanda olması digər məsələlərlə yanaşı, “Türkiyə ilə Azərbaycan arasında 16 avqust 2010-cu il tarixli Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Sazişin müddəalarından irəli gələn öhdəliklər”lə şərtlənir və “bu şərtlərə əməl olunmasına nəzarət etmək üçün” zəruridir.

Xatırladaq ki, Rusiya və Türkiyənin müdafiə nazirliklərinin rəhbərləri tərəfindən 11 noyabr 2020-ci ildə imzalanmış memoranduma əsasən, 2021-ci il yanvarın 30-da Qarabağ iqtisadi rayonu zonasında - Ağdamda atəşkəs rejiminə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə birgə mərkəzi yaradılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR