İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Əsədlə barışsa... – Suriyanın atacağı ilk addım nə olacaq?  

 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın bu ölkədə keçirdiyi hərbi əməliyyatlara baxmayaraq, suriyalı həmkarı Bəşər Əsədlə görüşə biləcəyini istisna etməyib”.

Bu barədə “CNN Türk xəbər verib.

Noyabrın 20-də Türkiyə Müdafiə Nazirliyi “Pəncə-Qılınc” əməliyyatının başladığını elan edib. AKP hökuməti dairələrinə yaxın olan “Hürriyet” qəzeti isə yazıb ki, Türkiyə ordusu dekabrın sonunda Suriyada genişmiqyaslı quru əməliyyatı da planlaşdırır.

Rəsmi Ankara noyabrın 13-də İstanbulun mərkəzində baş verən terror aktında Suriyadakı PKK-nın əli olduğuna əmindir. Prezident Ərdoğanın sözlərinə görə, əməliyyat PKK birləşmələrinin ölkə sərhədindən çıxarılması ilə bağlı vədləri yerinə yetirmək üçün 2019-cu il Soçi razılaşmasına uyğun olaraq və Rusiyanın imtinası nəticəsində başlayıb.

Qeyd edək ki, iki ölkə rəhbərlərinin mümkün görüşü ilə bağlı suala Bəşər Əsəd də müsbət reaksiya verib. Barışıq isə AKP hökumətinə həm də Türkiyədəki 3 milyonluq suriyalı qaçqının geri dönməsi üçün lazımdır. Çünki belə bir köçkün ordusu qardaş ölkə büdcəsi üçün ciddi yük olmaqla bərabər, daxildə əlavə psixoloji gərginlik yaradır, 2023-cü il (iyun) prezident və parlament seçkiləri ərəfəsi hakim partiya və onun namizədin təbliğat işinə zərər vurur, əlini zəiflədir. 

Ümumiyyətlə, siyasətdə əbədi dostlar yox, əbədi maraqlar olur. Bu və digər səbəbdən Ərdoğan-Əsəd görüşünün seçkilərədək reallaşacağı istisna edilmir.

İkitərəfli münasibətlərə dəxli olan bir maraqlı məqam da var. Məsələ ondadır ki, Ankara-Dəməşq münasibətlərinin ən kritik vaxtında Suriya parlamenti (fevral, 2020) Türkiyənin acığına saxta “erməni soyqırımı”nı tanıyan qərar çıxarıb. Yarım-xristian Livan nəzərə alınmazsa, bu ilk müsəlman ölkəsidir ki, belə bir anti-Türkiyə mövqeyi sərgiləyib. Bəs Ədoğan Əsədlə barışsa, Suriya bu qərarı geri oxuyacaqmı?

18f7e91cd180f84a8490b99f742dd8fa (1).jpg (119 KB)

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə münasibətlərin normallaşmasında qeyri-adi heç nə görmür: “Qlobal siyasət dəyişiklikləri qardaş Türkiyənin xarici siyasətinə də istiqamət dəyişiklikləri gətirir: 2010-cu ildə “Mavi Mərmərə” hadisəsi ilə gərginləşən Türkiyə-İsrail münasibətləri 2018-ci ildə İsrailin Qüdsü paytaxt elan etməsinə görə durma nöqtəsinə gəlmiş, Türkiyə səfirini geri çağırmışdı. Bu münasibətlərin bərpası martda İsrail Prezidenti Herzogun Ankaraya gəlməsi, 1 ay öncə isə Türkiyənin İsrailə yeni səfir təyin etməsi ilə müşayiət olundu. Türkiyənin yeni daxili siyasi və xarici geosiyasi hədəfləri meydana çıxmaqdadır ki, buna görə də, köhnə hesabların bağlanması lazımdır. Bu baxımdan Türkiyənin Suriya və Misirlə münasibətlərini bərpa etməyə niyyətli olduğu görünür.

Türkiyə prezidenti illər boyu Suriya prezidenti Əsədi və Misir prezidenti Sisini “qatil”, “qeyri-legitim tiran” adlandırıb. 2013-cü ildə Türkiyənin dəstəklədiyi “Müsəlman Qardaşları”nın lideri Mürsinin hərbi çevrilişlə devrilməsindən sonra Misirin Türkiyənin Fələstin və ümumilikdə region siyasətinə qarşı çıxdığı üçün gərginləşən münasibətlər, o cümlədən Türkiyənin Misirin daxili işlərinə qarışdığı iddiaları, 2013-cü ildə Türkiyə səfirinin ölkədən qovulması, 2019-cu ildə Sisi tərəfindən “erməni soyqırımı”nın tanınması, FETÖ rəhbəri Gülənə siyasi sığınacağın verilməsi təklifinin gündəmə gətirilməsi, 2020-ci ildə Aralıq dənizində Misirin hərbi təliminin Türkiyəyə qarşı göstəri olması iddialarının qaldırılması, bütün bunlar ikitərəfli münasibətlərin tarixi-siyasi gündəmində yaşanmış faktlardır. Yəni rəsmi olaraq qondarma soyqırımı tanıyan ilk müsəlman ölkə elə Misir idi ki, Ərdoğan ölkəsinin siyasi maraqları naminə bunları tarixin arxivinə göndərməyi qərara alıb. Lakin buna baxmayaraq, Misir Türkiyənin regional maraqlarına qarşı çıxmağa davam edir. 13 noyabrda İstanbul Taksimdə yaşanan terror hadisəsindən sonra başlayan “Pəncə Qılınc” əməliyyatı və planlaşdırılan quru əməliyyatına Misirdən etiraz məhz Ərdoğan-Sisi görüşündən az sonra gəlib.

2011-ci ildə Ərəb baharının başlanmasından sonra Suriya rəhbərinin davranışları səbəbilə Türkiyənin Suriya ilə münasibətlərinin gərginləşməsi, 2016-cı ildən etibarən Türkiyənin Suriyaya hərbi müdaxiləyə başlaması, indiyədək davam edən çoxsaylı hərbi əməliyyatlara baxmayaraq Türkiyənin ağır yük (Suriyadan gələn 3 milyondan çox qaçqın və onların sosial-iqtisadi ağırlığı) altında qalması, xüsusilə növbəti seçkilər ərəfəsində bu ağırlıqdan qurtulmaq istəyi, həmçinin Suriyanın şimalındakı kürd terrorist qruplaşmaları tərəfindən Türkiyəyə terrorist hücumlarının qarşısının alınması ehtiyacı yeni əməliyyatı zəruri edib. Türkiyənin Suriyadakı yeni əməliyyatına Rusiyanın münasibəti belə olub: “Biz Türkiyənin haqlı təhlükəsizlik qayğılarını anlayırıq”. Bundan sonra Türkiyənin Əsədlə görüşüb bölgədə antiterror əməliyyatlarının təşkilini onunla koordinasiya etmək niyyəti açıqlanıb. Bundan öncə isə, avqust ayında Çavuşoğlu bəyanat vermişdi ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və Türkiyənin dəstəklədiyi Suriya müxalif qüvvələri Əsəd rejimi ilə dialoqa və barışığa hazırdır.

Göründüyü kimi, Türkiyənin Suriya ilə danışıqları yeni mərhələyə qədəm qoyur, bu mərhələdə Ərdoğan-Əsəd münasibətlərinin bərpasını da müşahidə edə bilərik. 2020-ci ildə Suriya parlamentinin qəbul etdiyi qətnamə isə prezident Əsəd tərəfindən qəbul edilməsə, sadəcə daxili siyasi sənəd olaraq qalıb, ikitərəfli münasibətlərə təsir etməyəcək. Necə ki, Fransanın anti-Azərbaycan qətnamələrinin ölkə prezidentləri tərəfindən icra olunmadığı kimi. Amma bu, onların gələcəkdə heç zaman icra olunmayacağı anlamına gəlmir. Hər şey konyuktura görə dəyişə bilir. Siyasətdə daimi dostlar deyil, daimi maraqlar mövcuddur və Türkiyənin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İsrail ilə, yəni Yaxın Şərq qonşuları ilə münasibətlərini necə sahmana saldısa, o şəkildə Suriya ilə də münasibətlər qaydasına düşəcək. Bunun daxili təsiri 2023-cü il Prezident seçkilərində Ərdoğanın qələbəsinə, xarici təsiri isə Türkiyənin yeni coğrafiyalarda, məsələn Orta Şərqdə (Mərkəzi Asiyada) yeni maraq areallarında özünü büruzə verəcək. Təsadüfi deyil ki, Qazaxıstan və Türkmənistanın Qərblə enerji və nəqliyyat əməkdaşlığını genişləndirməsi, ümumilikdə Mərkəzi Asiyada artıq proseslərin canlandığı müşahidə olunur”.

AĞ Partiya başqanının müavini Cavid Hacıbəyli “Yeni Müsavat”a bildirdi ki, bu görüş Əsəd üçün daha vacib və həyati önəm kəsb edir: “Türkiyə hər zaman müsəlman ölkələrinin birliyi, birgə addımlaması üçün çalışır. Ərdoğan bunu bütün çıxışlarında açıq bildirib. Təəssüf ki, Bəşər Əsədin səhvləri, öz xalqına qarşı apardığı qəddar siyasət rəsmi Ankaranın ciddi təpkilərinə səbəb oldu, münasibətlərin pozulmasına gətirib çıxardı, nəticədə  Əsədin səhvləri ucbatından qırılan siyasi münasibətlərdən daha çox Suriya itirdi. Ümumiyyətlə, Suriyanın bütövlüyünü qoruya biləcək yeganə qüvvə Türkiyədir. Türkiyənin dünyada və regionda güclənməsi, şərtlərin Türkiyədən yana olması bəzi dövlətləri məcbur edir ki, Türkiyə ilə münasibərləri normallaşdırsın. Suriyada müharibə başlayanda məhz Türkiyə 3 milyon qaçqını ölümdən xilas etmiş, daxildəki müxalifətin iqtidarı sərt tənqidlərinə rəğmən qaçqınlara sığınacaq vermiş və beləliklə ən çox qaçqın qəbul edək ölkə olmuşdur. Çünki Türkiyə suriyalı qaçqınları ölümə tərk edə bilməzdi. Necə ki, Osmanlı dövləti çətin vəziyyətdə olmasına rəğmən, 1918-ci ildə azərbaycanlıları bolşevik-daşnak qırğınlarından xilas etmişdi.

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyasının toplantısında etdiyi çıxış zamanı bildirdi ki, Bəşər Əsədlə görüşmə ortamı açılmalı, terror təşkilatlarına qarşı ortaq bir iradə formalaşdırılmalıdır. Suriya və Türkiyənin Milli Təhlükəsizlik Nazirliyi başqanlarının görüşünə dair hələ 2018-ci ildə iddialar yayılmışdı. Lakin 13 yanvar 2020-ci ildə onların Moskvada görüşməsi reallaşdı. Bu ilk diplomatik təmas hesab edilir.  Türkiyə-Suriya arasında rəsmi təmaslar hələ 2 il öncə başlamışdı.

Yaxın günlərdə jurnalistlərin Ərdoğana Əsədlə görüş barədə verdiyi sualda Cümhurbaşqanın “hazırda belə bir məsələ gündəmdə yoxdur, lakin ola bilər, siyasətdə küskünlük olmaz, gec-tez ən uyğun şərtlərdə bu görüş gerçəkləşə bilər, zatən alt səviyyədə bu görüşlər gerçəkləşir” deməsi Ərdoğanın bu məsələyə isti baxdığını göstərir.

Hər bir halda Suriya ilə normallaşma addımları atılmalıdır. Suriya ərazisində müxtəlif terror təşkilatları, o cümlədən Amerikanın dəstəklədiyi PKK/YPG terror təşkilatı var ki, onların da məqsədi Suriyanı parçalamaq, gələcəkdə orada kula dövləti qurmaq və Türkiyəyə böyük təhdid hazırlamaqdır. Ona görə də Türkiyə-Suriya münasibətlərinin əvvəlki vəziyyətə gətirilməsi çox önəmli, strateji məsələdir. Eləcə də, Suriya parlamentinin saxta erməni soyqırımını tanıması haqqında qərarı da tamamilə yanlış addım idi. Tarixən Osmanlı dövlətinin tərkibində olan indiki Suriya dövlətinin bu addımı öz dəyərlərinə, tarixinə və maraqlarına xəyanət olub. Lakin nəzərə alsaq ki, Suriya parlamentini Suriya xalqı seçməyib və orada saxta soyqırıma səs verənlər də suriyalıları təmsil etmir, bu yalnız  gerçəkliklə heç bir əlaqəsi olmayan siyasi bir qərar olub. İnanıram ki, gec-tez Suriya parlamenti qəbul etdiyi bu qərarın yanlış olduğunu görəcək, Türkiyə ilə təhdidlə danışmağın mənasız olduğunu anlayacaq, ikili münasibətlərin müsbətə doğru dəyişməsi üçün rasional addımlar atacaq. Çünki bunun alternativi Suriyanın tamamilə parçalanması deməkdir. Nəzərə alınır ki, sahədə Amerika da var.

Rusiyanın Ukraynada İranın öz içində yaşadığı sıxıntılar üzündən əllərinin zəiflədiyi və Əsədə verdiyi dəstəklərinin azaldığı bir dönəmdə Türkiyənin Əsədə yaxınlaşıb Suriyanın bütövlüyünün təmin edilməsinə dəstək verməsi üçün zəmin yaratmağa çalışdığı görünür. Türkiyənin bu ciddi addımlarının və yardımlarının qarşısında Suriyanın saxta erməni soyqırımını tanıması haqqında qərarı ləğv edərək öz dostluq əlini uzatması mütləq baş verməlidir. Suriya nəzərə almalıdır ki, saxta erməni soyıqırmını tanıması Türkiyə ilə yanaşı, Azərbaycanın da maraqlarına ziddir. Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq nümunəsindən bütün türk və müsəlman ölkələr nümunə götürməlidir. Türk-müsəlman ölkərinin birliyi üçün həmin dövlətlər əlaqələrini daha da möhkəmləndirməlidir ki, imperial güclərin hər sahədəki hücumları qarşısında duruş gətirsinlər”.

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu hazırda bu məsələni xırda hesab edir: “Ərdoğanın Dohada Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündən sonra Suriya prezidenti ilə görüşə biləcəyi məsələsi gündəmə gəldi və Türkiyə prezidenti bu barədə suala müsbət cavab verdi. Ondan sonra hakimiyyətə yaxın köşə yazarı Əbdülqadir Selvi yazdı ki, Ərdoğan-Əsəd görüşü 2023-cü il iyun ayından, yəni Türkiyədə prezident seçkilərindən əvvəl baş verə bilər. Bütün bunları sürətli oldu. Amma bu proses, yəni Suriya və Türkiyə səlahiyyətli şəxsləri arasında təmaslar çoxdan başlayıb.

Medianın yazdığına görə Türkiyə kəşfiyyatının (MİT) sədri Hakan Fidan və Suriya vitse-prezidenti, kəşfiyyat və təhlükəsizliyi kurasiya edən Əli Məmlük arasında bir neçə görüş olub. Əlbəttə, kəşfiyyatçılar adətən siyasi danışıqlar üçün şərtləri və şəraiti hazırlayırlar. Bu mənada proses artıq ciddi bir məsafə qət edib demək olar. Yəqin ki, yazda, hətta daha tez Əsəd-Ərdoğan görüşü baş verəcək. O ki qaldı "erməni soyqırımı" barədə Suriya parlamentinin qərarının ləğv olunmasına, bunu tezliklə gözləmək sadəlövhlük olardı. Türkiyə-Suriya münasibətləri 11 ildir böyük zədə alıb və iki ölkə arasında hazırda bir çox problemli məsələlər var, onların həlli uzun zaman alacaq. Prezidentlərin görüşü, sadəcə münasibətlərin qaydaya salınması - barışığın ilk addımıdır. Qarşıda hələ görüləcək çox işlər var. Ona görə də yaxın zamanda bu cür xırda məsələlərin gündəmdə olacağını düşünmürəm. Bilindiyi kimi, bu cür qərarlar siyasi təzyiq aləti kimi istifadə olunur”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR