Onlayn ictimai-siyasi qəzet
İranın yeni XİN başçısı Ermənistana onun sərhədi yaxınlığında Qərblə mübhəm əlaqələrinə görə “qulaqburması” verəcəkmi?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Əraqçı arasında telefon danışığında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər müzakirə olunub. Tərəflər Azərbaycan və İran arasında bir sıra, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahəsi üzrə birgə layihələrin icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinə dair razılıq ifadə ediblər.
Bu istiqamətdə, iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının işinin əhəmiyyəti diqqətə çatdırılıb. Əraqçı Azərbaycan səfirliyinin Tehranda işinin bərpa olunmasından məmnun olduğunu qeyd edib. “Yeni Müsavat” yada salır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıdan iki gün öncə Əraqçıya zəng etmişdi. Ehtimallara görə, Putin-Paşinyan danışığından bir neçə saat sonra Mirzoyanın Tehrana zəngi də yaranmış vəziyyəti İrana izah etmək və regional müstəvidə dəstək əldə etmək məqsədi daşıyırdı.
Həm İrəvandan, həm Bakıdan XİN rəhbərinə zənglərdə Tehrana əlbəttə ki, fərqli mesajlar verilib. Məlumdur ki, İran bir müddət susqunluqdan sonra yenidən Ermənistanla bağlı “qırmızı xətt” ritorikasına qayıdıb. Əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsində Ermənistanın sərhədləri nəzərə alınmalıdır. “Bizim blokadanın aradan qaldırılması ilə bağlı mövqeyimiz çox aydındır. Onun aradan qaldırılmasının tərəfdarıyıq. Amma bu, Ermənistanın suverenliyi ilə olmalıdır. Aydındır ki, blokadanın aradan qaldırılması baş versə, nəticədə nəqliyyat əlaqələri güclənəcək. Ancaq bununla bağlı qarşılıqlı anlaşma olmalıdır”. M.Sobhaninin fikirlərini bir qədər fərqli formada İranın Qafandakı konsulu Morteza Abedi Varameni də təkrarlayıb.
Azərbaycan və Ermənistan nəqliyyat kommunikasiyalarının açılmasını sülh paketindən kənarda saxlamaq barədə razılığa gəldiyi bir vaxtda İranın narahatlığının artması təəccüblü görünür. Ermənistan hazırda Qərbin anti-Rusiya, həm də anti-İran cəbhəsində fəal rol alıb. Təsadüfi deyil ki, İranın baş konsulu Morteza Abedin Varamen “Qərb ölkələri Sünikə ciddi maraq göstərir... Onları bura cəlb edən nədir?” sualına cavab verərkən Ukraynanı nümunə göstərərək, Ermənistanı hədələyib. “Bu suala onlar özləri cavab verməlidir. Sünik bizim üçün önəmlidir, çünki bu erməni bölgəsi İranla həmsərhəddir və bizim Ermənistanla çoxəsrlik əlaqələrimiz var. Bu da sizə sual olmalıdır - niyə bura gəlirlər, yerli işlərə qarışırlar, Sünikdə möhkəmlənməyə çalışırlar? Bu suala mütləq cavab almalısınız. Biz bu ölkələrə deyirik ki, Ermənistana imkan verin ki, öz yolu ilə getsin, qarışmayın. Ermənistan müstəqil dövlətdir və bu müstəqilliyə hörmət edilməlidir. Heç kim ona kiminlə dostluq qurmalı və kiminlə dostluq etməməli olduğunu deməməlidir. Ermənistan isə öz yolu ilə getməlidir. Ukrayna münaqişəsi erməni xalqı üçün bir növ dərs olmalıdır”, - konsul deyib.
Göründüyü kimi, İranın yeni xarici işlər naziri Bayramovla söhbətində xüsusi olaraq Zəngəzur məsələsinə toxunmayıb. Amma İranın Ermənistandakı səfirinin və konsulunun açıqlamalarına baxanda hiss olunur ki, özlərini Mirzoyanın müavinləri kimi aparırlar. Bəs prezident Pezeşkianın təyin etdiyi yeni XİN başçısı İrəvanın ikibaşlı oyununa güzəştli mövqe tutacaq, yoxsa Ermənistana onun sərhədin yaxınlığında Qərblə mübhəm əlaqələrinə görə qulaqburması verəcək? Tehranın Zəngəzur dəhlizi ilə bağlı ritorikası dəyişəcəkmi? İran bölgəyə amerikalıları gətirdiyi üçün Ermənistanı hansı şəkildə cəzalandıra bilər?
Qabil Hüseynli
Professor Qabil Hüseynliyə görə, Rusiya prezidentinin Bakıda dedikləri Tehranı razı salmalıdır və İran əvvəlki kimi Azərbaycanla danışmamalıdır: “Rusiya lideri Şimal-Cənub dəhlizinin Hind okeanına çıxışı təmin etməsinin vacibliyini qeyd etdi. Bu layihə İranın da ürəyincə olmalıdır. Araz dəhlizi də var. Üstəlik, Zəngəzur dəhlizinin açılması sülh mətnindən çıxarılıb sonraya saxlandı, Tehran indi nədən narazı qalsın ki?! Halbuki başından məlum idi ki, Zəngəzur koridoru İrana qarşı yönəlməyib, amma qəbul etmədilər”. Q.Hüseynli ümumilikdə İranın Ermənistanı sığallamağa davam edəcəyini gözləyir: “Baxmayaraq ki, ötən həftə Tehran İrəvanın regiona kənar qüvvələri gətirməsinə görə xəbərdarlıq etdi, bununla belə, münasibətləri korlamaq istəmirlər. Ancaq Ermənistan Rusiya və İranın düşmənlərini bölgəyə cəlb etdikcə, onunla həmişə indiki dildə danışmayacaqlar, təzyiqlər güclənəcək. Hazırkı şəraitdə isə İran Ermənistanı cəzalandırmaq fikrində deyil. Hətta belə vəziyyət yaransa, bunu Rusiya edəcək. Yəni Ermənistan qulaqburmanı Rusiyadan gözləyir”.
Professor Tehranın yeni baş diplomatından çox şeyin asılı olmadığını düşünür: “İranın xarici siyasətini Xamenei müəyyən edir. Prezident də böyük səlahiyyətlərə sahib deyil. Amma deməliyəm ki, Putinin Bakı səfərindən sonra xarici işlər nazirinin həm Azərbaycan, həm Ermənistanla telefon danışıqları regionda yeni vəziyyətdən xəbər verir. Bütün bu təmaslar sırf iqtisadi xarakter daşıyır: sanksiyalar altında olanlar logistikalar, dəhlizlər, yeni gəlir mənbələri axtarışındadırlar. Putinə qədər Şoyqunun Tehran səfəri, ardınca Bakıya gəlişi də məhz bu iqtisadi marşrutu ifadə etməkdədir”. Q.Hüseynli bütün hallarda regionun blokadada olan nəqliyyat kommunikasiyalarının gec-tez açılacağı qənaətindədir: “Zəngəzur dəhlizinin hansı statusda işə düşəcəyini demək çətindir, lakin Naxçıvana quru yol təmin ediləcək. İranın da maraqları qarşılanıb və bundan sonra ağız büzməyə sözləri qalmayıb. Yəni Azərbaycan həm Araz dəhlizi, həm Şimal-Cənub dəhlizi ilə İranın dilini qısa elədi. Zəngəzur koridoru isə hamıya lazımdır. Ona görə bu Orta dəhlizin bağlı saxlanmasına Ermənistan qadir deyil, onun iradəsindən kənar məsələlərdir”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Bayramovun zəngində məqsəd İranın yeni təyin olunan xarici işlər naziri ilə ilk təmasın yaradılmasıdır: “İki gün öncə İrəvandan Tehrana eyni məqsədlə zəng edilmişdi, hərçənd Ararat Mirzoyanın zəngi Putinin Paşinyanla telefon danışığı fonunda xüsusilə diqqət çəkdi. Və istisna deyil ki, Mirzoyan Əraqçını təbrik etməklə yanaşı, Rusiyanın təzyiqi qarşısında regional dəstəyin davam etdirilməsini də istəyib. Putin Bakıda verdiyi vədə uyğun olaraq, Moskvaya qayıdan kimi Paşinyana zəng etdi və Əliyevlə danışıqlarla bağlı onu məlumatlandırdı. Bakı-Moskva-İrəvan diplomatik trafikində Rusiyanın hədəfi bəllidir: həm sülh danışıqlarında, həm də bu danışıqların alt bəndlərində - sərhədin delimitasiyası, kommunikasiyanın açılması - arxa plana keçmiş iştirakçılığını aktuallaşdırmaq. Kremlin rəsmi məlumatında da qeyd olunur ki, Putin Paşinyana Rusiyanın Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin demarkasiyası və delimitasiyasında, həmçinin nəqliyyat və logistika əlaqələrinin açılmasında yardım etməyə hazır olduğunu deyib”. Təhlilçiyə görə, Ermənistan Rusiya təzyiqinə qarşı İranla yanaşı, Qərb qüvvələrinin bölgədə möhkəmləndirilməsi işini də sürətləndirəcək: “Bu məqsədlə Azərbaycanla sərhəddə təxribat hücumlarının genişlənəcəyi istisna edilməməlidir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ