Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan kinosuna xüsusi rəğbət göstərənlər. Əqrəb mövsümü “İki dünya bir olsa da” adlı epopeyanın yarısı artıq geridə qalıb.
Statistik göstəricilərə görə, ortalama 200-250 min səbirsiz və sadiq tamaşaçımız serialı hər həftə “YouTube” platforması üzərindən, daha çoxu isə TV vasitəsilə izləyir. Müasir serial sənayesi üçün, alternativ janr və beynəlxalq platforma seriallarının xronometrajı (41-53 dəq) nəzərə alındığında, bu, çox yaxşı göstəricidir”.
Musavat.com xəbər verir ki, bu sözləri aktyor, “Əqrəb mövsümü”nün ssenaristi Azər Aydəmir sosial media hesabında yazıb.
O, seriala böyük maraq olduğunu bildirib:
“Bu layihənin davamı sizin istəkləriniz və müsbət rəyləriniz nəticəsində həyata keçirilib. Milli detektiv franjizasına ehtiyac olduğu müddətcə, “Əqrəb mövsüm”ləri olacaq. Yaradıcı heyət adından bütün tamaşaçılara dərin hörmətimizi bildiririk.
Növbəti 6 həftə ərzində sizi bu ürəkparçalayan, qandonduran və təəssüf ki, real hekayənin kulminasiya seriyaları gözləyir.
Bilirik ki, təxminən 500 minə yaxın sadiq və səbrli tamaşaçımız serialın televiziya həyatının tam bitməsini gözləyir və layihəyə ilk mövsümdə olduğu kimi bir nəfəsdə baxmaq istəyir. Məncə, ən doğrusunu onlar edirlər. Subyektiv fikrimdir. (Sevimli seriallarımdan olan “Bölünmə”nin (Severance) ikinci mövsümü səbir kasamı daşırdı. Hər həftə yayımlandığına görə gah birinci, gah ikinci seriyaya baxdım. Sonra gözlədim, unutdum, yenidən baxdım. Nəysə, qarışdı hər şey.)
Buna görə də ikinci mövsümə baxmayanların həvəsini öldürməmək üçün serial etikasını qorumağınızı və ətrafınızdakı dostlarınıza, ailə üzvlərinizə “spoiler” verməməyinizi rica edirik”.
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ